İnsanlara hürriyət, millətlərə istiqlal!

Cahangir Hacıyev məhkəmədə günahı “Aqrarkredit” QSC-nin üstünə atdı

1257 13.11.2023 17:46 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri, 8 ildir həbsdə olan Cahangir Hacıyevin dostları - keçmiş deputat Dünyamin Xəlilov və “Bakı Fındıq Emalı” MMC-nin (zavodun) rəhbəri olmuş Azad Cavadovun işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, Cahangir Hacıyev iş üzrə şahiddir.

O, şahid qismində verdiyi ifadəsində iddia edir ki, bankdan götürülmüş milyonlarla manatlıq kreditlərin indiyədək ödənilməməsinə görə “Aqrarkredit” QSC məsuliyyət daşıyır.

Dostları Cahangir Hacıyevin rəhbərliyi dovründə onunla dostluqlarından faydalanıb, müxtəlif adamların adına Beynəlxalq Bankdan milyonlarla kredit götürüb mənimsəməkdə suçlanır.

Noyabrın 13-də məhkəmədə dindirilən şahidlər bildirib ki, onlar gedib Beynəlxalq Bankın müxtəlif filiallarında böyük məbləğdə kredit götürmələri haqda sənədlərə imza atıblar. Ancaq onlara pul verilməyib.

Məsələn, Cahangir Hacıyevin sürücüsü işləmiş Aydın Mehdiyev deyib ki, Beynəlxalq Bankın rəhbərinin tapşırığı ilə gedib kredit sənədlərini imzalayıb. Onun sözlərinə görə, adına kredit ayrılsa da, pulu bankdan almayıb:

“Bildiyimə görə, o kredit Əhmədlidəki tikinti işlərinə sərf olunacaqdı...”

Keçmiş deputat Dünyamin Xəlilovun rəhbərlik etdiyi tekstil fabrikində - “İntertekstil”də fəhlə işləmiş Abuzər Əliyev də bildirib ki, adına 500 min manat kredit rəsmiləşdirilib. Amma özünün bundan xəbəri olmayıb. 2015-ci ildə sağlamlığında problem olan uşağını Gürcüstana müalicəyə aparanda sərhəddə saxlanılıb. Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar:

“İdarədə bilmişəm ki, adıma 500 min kredit götürülüb, amma ödənilməyib. 2010-cu ildə bir həftə idi işə girmişdim. Dedilər ki, şəxsiyyət vəsiqəni də götür, gedib bankda sənədlərə qol çəkəcəksən. Getdim, heç bilmədim ki, kredit məsələsinə qol çəkmişəm...”

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev ifadəsində təsdiqləyib ki, müxtəlif adamların adına iri məbləğdə kreditlər rəsmiləşdirilib. Onun sözlərinə görə, ayrılan kreditlər mənimsənilməyib, ayrı-ayrı layihələrə, müəssisələrin açılışına sərf olunub.

“Həmin müəssisələrdən gələn gəlirlər hesabına 8 il ərzində kreditlər ödənilməli idi. Lakin 2015-ci ildə Prezidentin fərmanı ilə o müəssisələr “Aqrarkredit”in balansına verildi. Bu səbəbdən kreditlərin ödənilməməsinə görə “Aqrarkredit” məsuliyyət daşıyır”, - Cahangir Hacıyevin sözləridir.

Dünyamin Xəlilov və Azad Cavadov başqalarının adına kredit kimi götürülmüş 6 milyon 600 min manatı mənimsəməkdə ittiham olunur. Onların məhkəməsində Beynəlxalq Bank da zərərçəkmiş qismində tanınıb. Amma bankın nümayəndəsi 6.6 milyon manatlıq ziyanla razı deyil. O iddia edir ki, dəymiş ziyanın məbləği 17 milyon 765 min manat olmalıdır:

“Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu cinayət işi üzrə istintaq dövründə Beynəlxalq Bankın zərərçəkmiş qismində tanınması haqda qərarda da dəymiş ziyan 17 milyon 765 min göstərilib. Biz 6 milyon 600 min manatı qəbul etmirik”.

“Aqrarkredit” QSC-nin nümayəndəsi də bu məhkəmədə mülki iddiaçı qismində iştirak edir.

2015-ci ildə Beynəlxalq Bankın problemli kreditlərinin həll olunmasından ötrü Prezident fərmanıyla yaradılmış “Aqrarkredit”in nümayəndəsi deyib ki, onlar Beynəlxalq Bankın açıq qalmış kreditlərini ödəyiblər:

“Biz “Aqrarkredit” olaraq, bankın kreditlərini bağlamışıq. Bu səbəbdən həmin kreditlər bizə ödənilməlidir. Biz də 6.6 milyon manat ziyan məsələsilə razı deyilik. Hesab edirik ki, məbləğ 17 milyon 765 min olmalıdır”.

Prokuror isə bildirib ki, ziyanın məbləği artırılanda ittiham da ağırlaşır. Məhkəmə özbaşına ittihamı ağırlaşdıra bilməz. Çünki məhkəmə işə verilən ittiham çərçivəsində baxır:

“İttihamın ağırlaşdırılması üçün vəsatət verilməlidir ki, iş istintaqa qaytarılsın...”

Xatırladaq ki, Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsilə ittiham verilib. Son 8 ildə D.Xəlilov üçüncü, A.Cavadov isə ikinci dəfədir ki, Beynəlxalq Bank işi üzrə mühakimə olunur. Onların hər ikisi bundan öncə bir dəfə C.Hacıyevlə birlikdə mühakimə olunub. C.Hacıyev də 2015-ci ildən bu yana iki dəfə hakim önünə çıxarılıb. İlk mühakimədə (2016-cı ildə) ona 15 il, A.Cavadova 10 il 6 ay həbs cəzası kəsilmişdi. İkinci dəfə (2019-cu ildə) onun cəzası 16 il 3 ayadək artırıldı. Həmin vaxt D.Xəlilov haqqında isə 14 il 6 aylıq hökm çıxarılmışdı.

Adları çəkilənlərin heç biri özünü təqsirli saymır. Hər üçü bildirir ki, Beynəlxalq Bankdan götürülən kreditlər müxtəlif layihələrin icrasına, müəssisələrin yaradılmasına yönləndirilib.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR