İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu yola 52 milyon xərclənib, amma istiqamət heç yerə aparmır

467 26.07.2026 11:25 Dünya A A

ABŞ-ın Şimali Karolina ştatında yerləşən Lakeview Drive yolu dünyanın ən qəribə infrastruktur layihələrindən biri hesab olunur.

Musavat.com xəbər verir ki, təxminən 52 milyon dollar vəsait xərclənməsinə baxmayaraq, yol meşənin ortasında tunellə başa çatır və heç bir yaşayış məntəqəsinə çıxış vermir. Bu səbəbdən yerli sakinlər marşrutu “Heç yerə aparmayan yol” adlandırırlar.

Hekayə İkinci Dünya müharibəsi dövrünə gedib çıxır

Lakeview Drive-ın tarixçəsi 1940-cı illərdə inşa edilən Fontana bəndi ilə başlayır. Bəndin tikintisi nəticəsində Little Tennessee çayı ətrafındakı geniş ərazi su altında qalıb, Proktor, Cudson və Fontana yaşayış məntəqələrinin sakinləri isə köçürülüblər.

1943-cü ildə hökumət köçürülən ailələrə gölün şimal sahili boyunca yeni yol çəkiləcəyinə söz verib. Bu yolun həm nəqliyyatı təmin etməsi, həm də sakinlərin ailə qəbiristanlıqlarına və keçmiş yaşayış yerlərinə rahat gediş-gəlişini mümkün etməsi nəzərdə tutulurdu.

Müharibədən sonra başlayan tikinti işləri zamanı ümumilikdə 11,6 kilometrlik yol hissələri və 366 metr uzunluğunda tunel inşa edilib. Lakin ərazidə sürüşmə riski, mürəkkəb geoloji şərait və ətraf mühitlə bağlı problemlər layihənin dəyərini xeyli artırıb.

Nəticədə 1972-ci ildə tikinti dayandırılıb və yol heç vaxt tamamlanmayıb.

Onilliklər ərzində yolun tamamlanmasını istəyənlərlə təbiətin qorunmasını müdafiə edənlər arasında mübahisələr davam edib. Nəhayət, ABŞ federal hökuməti 2007-ci ildə yolun tikintisini başa çatdırmaq əvəzinə Şveyn (Swain) dairəsinə ümumilikdə 52 milyon dollar kompensasiya ödəməyə razılıq verib. Rəsmi razılaşma 2010-cu ildə imzalanıb və ödənişlər sonrakı illərdə tam həyata keçirilib.

Hazırda avtomobillər yalnız yolun sonunda yerləşən dayanacağa qədər gedə bilir. İşıqlandırılmayan tuneldən sonra isə asfalt yol yox, yalnız meşə cığırları davam edir.

Yarımçıq qalmış layihə zamanla turistlərin maraq göstərdiyi məkanlardan birinə çevrilsə də, yerli sakinlər üçün o, hələ də vaxtilə verilmiş, lakin yerinə yetirilməmiş vədin simvolu olaraq qalır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR