Çində sərnişin təyyarəsində baş verən yanğın böyük təşvişə səbəb olub.
Musavat.com xəbər verir ki, hadisə təyyarə eniş etdikdən qısa müddət sonra qeydə alınıb. Üst əl yükü bölməsindən tüstü qalxdığını görən ekipaj dərhal müdaxilə edərək alovun yayılmasının qarşısını alıb. İlkin araşdırmalar yanğının sərnişinlərdən birinə məxsus daşına bilən enerji qurğusundan (powerbank) qaynaqlandığını göstərir.
Hadisə Lanzjou–Guiyanq marşrutu üzrə reys həyata keçirən China Eastern Airlines aviaşirkətinə məxsus təyyarədə baş verib. Təyyarə Guiyanq Longdonqbao Beynəlxalq Hava Limanına endikdən sonra kabində yerləşən üst baqaj bölməsində qəfil yanğın başlayıb.
Yayılan görüntülərdə ekipaj üzvlərinin alovu söndürmək üçün baqaj bölməsini açaraq sərnişinlərin çantalarını çıxardıqları, sərnişinlər arasında isə ciddi təşviş yarandığı əks olunub.
Səlahiyyətli qurumların ilkin araşdırmasına əsasən, alovlanmanın səbəbi sərnişinlərdən birinin əl yükündə olan litium-ion batareyalı daşına bilən enerji qurğusu olub.
Mütəxəssislər bildirirlər ki, bu tip batareyalarda istehsal qüsuru, mexaniki zədə, keyfiyyətsiz material və ya daxili qısaqapanma nəticəsində "termal qaçış" adlanan nəzarətsiz qızma prosesi baş verə bilər. Bu isə qısa müddətdə alovlanmaya səbəb ola bilir.
Hadisə zamanı ekipajın operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb və alovun kabinə yayılmasının qarşısı alınıb. İlkin məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb.
Aviasiya mütəxəssisləri sərnişinlərə keyfiyyəti təsdiqlənmiş powerbanklardan istifadə etməyi, zədələnmiş və ya həddindən artıq qızan batareyaları isə təyyarəyə gətirməməyi tövsiyə edirlər.
Musavat.com






