İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu xərclərin azaldılması vətəndaşlarda narahatlıq yaratmamalıdır - Sabiq maliyyə naziri İLGİNC DETALLARI AÇIQLADI

1336 31.05.2024 13:25 İqtisadiyyat A A

Dövlət büdcəsinin gəlir və xərclərinə yenidən baxılması hansı zərurətdən irəli gəlir?

İstənilən ölkədə büdcənin mədaxil bazası bilavasitə həmin ölkənin iqtisadi durumundan, onun inkişaf səviyyəsindən asılı olur.

Azərbaycan iqtisadiyyatı son onilliklər ərzində beynəlxalq iqtisadi müstəvinin bir parçasına çevrilib. Bu səbəbdən ölkəmizin iqtisadiyyatı dünya iqtisadi müstəvisində və xüsusilə neft bazarlarında baş verən proseslərdən kənarda qala bilmir. Biz bunu 2014/2015-ci illərdə dünya neft bazarlarında baş vermiş hadisələrin Azərbaycan iqtisadiyyatına və onun maliyyə sisteminə təsirlərindən daha aydın şəkildə görə bildik.

NEFTO.jpeg (69 KB)

Cari ilin dövlət büdcəsində ediləcək dəyişikliklərin əsas səbəbləri bir tərəfdən dünya iqtisadi müstəvisində və neft bazarlarında baş verən proseslərlə, digər tərəfdən isə ölkə iqtisadiyyatının və xüsusilə də onun qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Beləliklə, 2024-cü ilin ilk 4 ayında Azərbaycanda 38,2 milyard manatlıq, o cümlədən qeyri-neft/qaz sektorunda 24,2 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsul real ifadədə 4,3 faiz, qeyri-neft sektoru üzrə isə 7,7 faiz artıb.

2024-cü ilin dövlət büdcəsinin layihəsinin tərtibi zamanı proqnozlaşdırılmış ümumi daxili məhsulun cari ilin sonuna 3 milyard manatdan çox artması gözlənilir. Digər tərəfdən, dünya bazarlarında neftin bir barelinin orta illik qiyməti 60 ABŞ dollarından 75 dollara yüksəlib, cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin icrası prosesində 800 milyon manatdan çox profisit yaranıb, ölkədə iqtisadi sabitliyi şərtləndirən əsas göstəricilərdən biri – orta illik inflyasiya isə 0,7 faiz səviyyəsində olub.

Təbii ki, bütün bu pozitiv göstəricilərin fonunda dövlət büdcəsinin gəlir və xərclərinin yenidən baxılması məntiqlidir. Nəzərə alaq ki, “Büdcə sistemi haqqında” Qanuna əsasən, zərurət yarandıqda, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər.

MİLLİ YENİ.jpg (175 KB)

Bəs dəqiqləşdiriləcək dövlət büdcəsinin gəlir və xərclərinin strukturunda hansı dəyişikliklər nəzərdə tutulur?

Öncə təqdim olunan layihədə büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorundan daxilolmaların üstün artması ən yaxşı pozitiv nəticə kimi qeyd olunmalıdır. Bu, ölkə iqtisadiyyatının şaxaələndirilməsi istiqamətində Prezidentin müəyyən etdiyi iqtisadi strategiyanın uğuru kimi qeyd edilməlidir. Beləliklə, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə Milli Məclisə təqdim olunmuş layihədə 2024-cü il dövlət büdcəsinin gəlir və xərclərinin, habelə onun kəsrinin necə dəyişəcəyinə dair göstəricilərə nəzər salaq.

Dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 34173,0 milyon manata qarşı 2180,0 milyon manat və 6,4 faiz artırılaraq 36353,0 milyon manat, xərcləri təsdiq olunmuş 36763,0 milyon manata qarşı 2944,3 milyon manat və ya 8,0 fazi artırılaraq 39707,3 milyon manata çatdırılacaq, büdcənin kəsri təsdiq olunmuş 2590,0 milyon manata qarşı 764,3 milyon manat və ya 29,5 faiz artırılaraq, 3354,3 milyon manat təşkil edəcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,8 faiz həcmində olacaq. Büdcə kəsirinin artırılmış hissəsinin maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və Məqsədli Büdcə Fondlarının vəsaitinin qalığı hesabına təmin ediləcək.

GELİRLER SON.jpg (95 KB)

Büdcənin gəlirləri iqtisadiyyatın sektorları üzrə aşağıdakı qaydada təmin ediləcək. Dövlət büdcəsinin gəlirlərinin 48,9 faizi və ya 17769,0 milyon manatı neft sektorunun, 51,1 faizi və ya 18584,0 milyon manatı qeyri-neft sektorunun payına düşəcək.

Milli Məclisə təqdim olunmuş layihədə 2024-cü ilin təsdiq olunmuş büdcə göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 605,0 milyon manat və ya 3,5 faiz artırılır ki, bu da 2023-cü ilin icra göstəricisinə nisbətən 387,4 milyon manat və ya 2,1 faiz azdır. Qeyri-neft sektoru üzrə gəlirlərin isə 1575,0 milyon manat və ya 9,3 faiz artırılması nəzərdə tutulur ki, bu da 2023-cü ilin icra göstəricisinə nisbətən 1504,0 milyon manat və ya 8,8 faiz çoxdur.

Bütövlükdə, dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi 1,3 faiz artaraq 51,1% təşkil edəcək, bunu da yeni layihənin ən pozitiv göstəricisi kimi yuxarıda qeyd etdik.

Dövlət büdcəsi gəlirlərinin 15270,0 milyon manatı və ya 42,0 faizi Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 6400,0 milyon manatı və ya 17,6 faizi Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 12781,0 milyon manatı və ya 35,1 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 831,0 milyon manatı və ya 2,3 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 821,0 milyon manatı və ya 2,3 faizi sair gəlirlərin, 250 milyon manatı və ya 0,7 faizi isə Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından ayırmaların payına düşəcək.

Bəs Dövlət büdcəsinin dəqiqləşdirilməsi nəticəsində artan gəlirlər büdcənin hansı xərclərinə yönləndiriləcək?

Əvvəldə qeyd etdiyimiz kimi, yenidən baxılacaq 2024-cü il dövlət büdcəsinin xərcləri 39707,3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da keçən ilin sonlarında təsdiq olunmuş dövlət büdcəsinin gəlirlərinə nisbətən 2944,3 milyon manat və ya 8,0 faiz, 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3249,4 milyon manat və ya 8,9 faiz çoxdur.

Büdcə gəlirlərinin artan məbləği aşağıdakı zəruri xərclərin örtülməsinə sərf ediləcək. Təbii ki, ilk növbədə işğaldan azad edilmiş ərazilərin Böyük Qayıdış Proqramına uyğun bərpası və yenidən qurulması, müdafiə və milli təhlükəsizlik xərcləri prioritet təşkil edəcək.

QAYİDİS.jpg (187 KB)

Beləliklə, dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərcləri 2114,7 milyon manat və ya 27,2%, müdafiə və milli təhlükəsizlik xərcləri 705,3 milyon manat və ya 11,0%, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər 359,9 milyon manat və ya 25,9%, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri 101,7 milyon manat və ya 3,4%, kənd təsərrüfatı xərcləri 100,0 milyon manat və ya 9,1%, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərin 0,9 milyon manat və ya 0,1% artırılması nəzərdə tutulur. Bununla yanaşı, büdcənin bəzi xərc maddələrində azalmalar olacaq. Məsələn, qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət borcu xərclərinin 279,4 milyon manat və ya 5,8%, səhiyyə xərclərinin 8,0 milyon manat və ya 0,4%, sosial müdafiə və sosial təminat xərclərinin 150,8 milyon manat və ya 3,3% azaldılması nəzərdə tutulur.

Səhiyyə, sosial müdafiə və sosial təminat xərclərinin azaldılması vətəndaşlarımızda heç bir rahatsızlıq yaratmamalıdır. İcbari tibbi sığorta və məcburi dövlət sosial sığorta ödənişlərinin yığımı sahəsində baş verən artımlar nəticəsində dövlət büdcəsindən həmin xərclərin qarşılanmasına yönləndirilən vəsaitlərin həcmi müvafiq qaydada azaldılıb.

fikret_yusifov.jpg (160 KB)

Fikrət Yusifov,
iqtisad elmləri doktoru, professor

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR