İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gündən ilaxır çərşənbələr başlayır

662 27.02.2024 08:37 Ölkə A A

Su çərşənbəsinin unudulan və yaşadılan adətləri

Azərbaycanda bu il Novruz çərşənbələri fevral ayından başlayır. Beləliklə, Novruz bayramının ilk çərşənbəsi olan - Su çərşənbəsi fevralın 27-si tarixinə təsadüf edir. Od çərşənbəsi isə martın 5-i, Yel çərşənbəsi martın 12-si, ilaxır çərşənbə olan Torpaq çərşənbəsi isə martın 19-da qeyd ediləcək. Novruz bayramı axşamı  martın 20-sidir. 

Adətən Su çərşənbəsindən başlayaraq evlərdə Novruz bayramına hazırlıqlar başlayır. Bəzi inanclara görə, kainat 4 ünsürdən yaranıb - su, od, külək, torpaq. Məhz Novruza qədər 4 çərşənbənin qeyd olunması da bu inancla bağlıdır. Su çərşənbəsində su və su mənbələri təzələnir, canlanma yaranır.

Bu çərşənbəni bəzən “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.

Hər bir çərşənbənin öz adət-ənənəsi olduğu kimi Su çərşənbəsinin də özünəməxsusluğu var. Folklorşünaslar qeyd edir ki, Su çərşənbəsinin tarixi çox qədimlərə gedib çıxır, bunu da kainatın yaradılışı ilə də əlaqələndirirlər. 

Suyun təzələnməsi kimi anlaşıldığından, həmin gün bütün mərasimlər su ilə bağlı olur. İnsanlar həmin gün sübh tezdən axar suyun üstünə gedir, üstündən atılır.  Bu o deməkdir ki, insanlar yeni suyu qarşılayır, xəstəliklərdən azad olacaqlarına, dərd-bəlalarının bu su ilə gedəcəyinə inanırlar.

Su çərşənbəsi ilə bağlı unudulmaqda olan adətlərdən biri də budur ki, çərşənbə axşamı qızlar saçından kəsib axan çaya atırmış ki, bütün arzuları çin olsun. Axar çaydan gətirilən suyu quyulara, ağacların dibinə, evlərə səpərmişlər ki, həmin il ruzili-bərəkətli olsun.

Digər adətlərdən biri də Su çərşənbəsində səhər tezdən axar sudan, bulaqdan, çaydan və ya arxdan “lal su” (dilsiz su) gətirilməsidir. Bu suyu qablara qoyarlar, axşam qızlar toplanar, hər biri öz bəxti üçün üzüyünü saçına sürtüb suya atar. Üzük qabın kənarına toxunub cingildəyər. İnam və etiqadlara görə, üzük neçə dəfə cingildəsə, o qızın da bəxti o sayda il sonra açılar.

Su çərşənbəsi ilə bağlı  unudulmuş inanclardan bir neçəsi aşağıdakılardır:

- Su çərşənbəsində evin damına buğda atırlar ki, bərəkət artıq olsun;

- Un çuvalının ağzını açıq qoyurlar ki, bərəkət paylananda bağlı qalmasın;

- Axar suyun qabağını kəsmək olmaz. Kəssən, sənə xətər toxunar. Bu da qədim azərbaycanlı atamızın suyu müqəddəs görməsinə dəlalət edir;

- Çərşənbə  tonqalı yanıb qurtarandan sonra onun dövrəsinə üç cızıq çəkərlər. Deyirmişlər ki, əgər belə etməsən, sənə xətər toxuna bilər. Evin də bərəkəti dağılar. Bu da qədim babamızın torpaq və suya olduğu kimi, oda da müqəddəs baxmasına bir işarədir;

- Bayram axşamı baltanı götürüb bir-bir ağacların kötüyünə vurarlar. “Hə, yatmısan, oyan, bərəkət payını götür deyərlər”;

- Əvvəllər su üstündən atılma adəti də olub. Təbii ki, axar, saf su nəzərdə tutulur. Üç dəfə atılandan sonra həmin axar suyun uzaq yerində bir saxsı qab sındırıb “Nə dərd-bəlamız varsa, bu saxsıynan getsin” deyərdilər.

Su çərşənbə süfrəsinə gəlincə isə, süfrədə təmiz sudan hazırlanmış pürrəngi çayın olması mütləqdir. İmkanı çatan qədər plov bişirilməli, süfrədə 7 adda nemət olmalıdır.

Novruzun ən gözəl rəmzlərindən olan səməni də Su çərşənbəsində qoyulmağa başlanılır. Səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Əcdadlarımız onu göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamışlar.

İlk çərşənbəniz mübarək!

Xalidə GƏRAY
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR