İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu bölgə də “barıt çəlləyi”nə dönür - Region yenidən qarışır

637 01.05.2026 13:10 Dünya A A

Yaxın Şərq və ətraf regionlarda artan gərginlik fonunda son günlərdə Pakistanla Əfqanıstan arasında münasibətlər yenidən kəskinləşib. Sərhəd bölgələrində baş verən silahlı toqquşmalar təkcə təhlükəsizlik müstəvisində deyil, həm də humanitar sahədə ciddi fəsadlar doğurmaqdadır. Minlərlə insanın yaşayış yerlərini tərk etməyə məcbur qalması, infrastruktura dəyən ziyan və qaçqın axınının artması vəziyyəti daha da mürəkkəbləşdirib. Bu proseslər fonunda həm regional sabitlik, həm də onsuz da həssas olan Əfqanıstanın daxili durumu əlavə təzyiqlərlə üz-üzə qalıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında İran ətrafında son aylarda yaranan qeyri-müəyyənlik fonunda Pakistanla Əfqanıstan arasında yenidən toqquşmaların qeydə alınmasının ciddi təhlükələrə yol açdığını söyləyib:

“Pakistan hərbi qüvvələri bir neçə gün əvvəl Əfqanıstanın Kunar bölgəsini raket atəşinə tutublar. Ölən və yaralananlar var. Mülki infrastruktura ciddi ziyan dəyib. Davam edən toqquşmalar səbəbindən fevral ayının sonundan bəri Əfqanıstanın şərqində və cənub-şərqində 100 mindən çox insan didərgin düşüb. Pakistan tərəfi həmin bölgədə “Təhriki Taliban” Pakistan terrorçularının qərargahının olduğunu bildirib. İslamabad Əfqanıstanda hakimiyyətdə olan Talibanı pakistanlı həmkarlarını himayə etməkdə ittiham edir. Taliban bu iddiaları qəbul etməyərək Əfqanıstanın suveren hüquqlarının pozulduğunu vurğulayır. İki ölkə arasında münasibətləri gərginləşdirən digər iki mövzu da var. Birincisi, bu, Əfqanıstanın rəsmi olaraq tanımadığı Dürand sərhəd xəttidir, ikincisi, illər öncə Pakistanda məskunlaşan milyonlarla əfqan qaçqının geri qaytarılmasıdır”.

elxan.jpg (68 KB)

Mərkəz rəhbərinin sözlərinə görə, Taliban geri qayıdan əfqanları yerləşdirməkdə və qida ilə təmin etməkdə acizdir:

“Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) bu vəziyyətin kritik olduğunu açıqlayıb. Təşkilatın sözçüsü Babar Baloçun sözlərinə görə, Əfqanıstan əvvəllər də ciddi humanitar böhranlarla üzləşib, ancaq yeni regional qarışıqlıqlar geri qayıdan qaçqınlara və məcburi köçkünlərə təzyiqi artırıb. Qısa müddət ərzində İran və Pakistandan beş milyondan çox əfqan geri qayıdıb. İranı tərk edən əfqanlar vətənlərində daha bir münaqişə ilə üz-üzə qalıblar. Bu əfqanlar yardıma möhtacdırlar. Ümumdünya Ərzaq Proqramının məlumatına görə, Pakistan-Əfqanıstan sərhədinin bağlanması və İrandakı vəziyyətin pisləşməsi humanitar təşkilatları əsas təchizat yollarından məhrum edib. Bundan başqa, Əfqanıstandakı qadınlara tətbiq olunan məhdudiyyətlər, onların təhsildən, işdən və hərəkət azadlığından məhrum edilməsi bu ölkədə həyat şərtlərini daha da ağırlaşdırıb. BMT əfqan qaçqınlara yardım etmək istəsə də, maliyyə və yardımın çatdırılması imkanları məhduddur. Digər tərəfdən, Taliban qüvvələri ilə Pakistan qoşunları arasında sərhəd toqquşmaları Əfqanıstanın şərqində humanitar vəziyyəti daha da pisləşdirib və mülki əhaliyə zərər vurub. Beləliklə, Əfqanıstan humanitar yardıma ehtiyac duyarkən, Talibanın insanlara tətbiq etdiyi məhdudiyyətlər və Pakistanla sərhəddə davamlı toqquşmalar bu ölkənin problemlərini artırıb. Halbuki, Əfqanıstan dünyada ən zəngin mineral ehtiyatlara malikdir, bunlar istismar edilərsə, milyardlarla dollar qazanc əldə etmək mümkündür”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR