İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüsselin 6-cı cəhdi: Əliyev-Paşinyan görüşü niyə bir həftə qabağa çəkildi?

1005 15.07.2023 09:16 Gündəm A A

Danışıqlara bir gün qalmış Xankəndini qarışdırdılar, Rusiya Qərb masasını korlamaq üçün hər şeyə əl atır; gedişat əməliyyatları şərtləndirir - ekspertlərdən fərqli proqnozlar

Bu gün, iyulun 15-də Brüsseldə Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti üçlü görüş olacaq.

İlham Əliyev iyulun 11-də 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında demişdi ki, Bakının sülh danışıqları ilə bağlı mövqeyi aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır: “Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük”.

Lakin Prezidentə görə, hər şey Azərbaycandan asılı deyil və qarşı tərəf də buna hazır olmalı, sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir. Nəhayət keçəcəkmi? Qeyd edək ki, görüş ərəfəsində - iyulun 12-də ABŞ Dövlət katibi Entoni Blinken İlham Əliyevə zəng edib. Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, telefon danışığı əsnasında Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib, danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirib. İ.Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb. Eyni zamanda, Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib.

Azərbaycan Prezidenti həmçinin Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.

Bundan iki gün qabaq isə Blinkenin Nikol Paşinyanla telefon danışığı olmuşdu. Bu barədə Paşinyan rəsmi “Twitter” hesabından belə yazmışdı: “Dövlət katibi Blinkenlə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə davam edən danışıqlar, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün lazımi addımlar, həmçinin beynəlxalq iştirakla Bakı-Xankəndi dialoqunun vacibliyi kimi mühüm məsələləri müzakirə etdik”.

Xatırladaq ki, Əliyevlə Paşinyan 44 günlük müharibədən sonra Brüsseldə 5 dəfə görüşüblər. Sonuncu üçtərəfli danışıqlar bu il mayın 14-də (təxminən iki ay qabaq) olub. Bu, sayca 6-cı görüş olacaq. Altıncı görüş isə 21 iyulda nəzərdə tutulmuşdu. Bəs niyə bir həftə qabağa çəkildi? Bu görüşlər ilin sonuna qədər sülh sənədinin imzalanması ilə yekunlaşacaqmı?

Faktiki olaraq, Vaşinqton və Brüssel sülhü dəstəkləyir. Lakin görüşə bir gün qalmış, iyulun 14-də Xankəndidə ermənilərin şou xarakterli mitinqi təşkil edildi. Separatçıların liderlərinin təşəbbüsü ilə baş tutan aksiyanın Rusiya tərəfindən təşkil edilməsi istisna deyil. Kreml Brüssel danışıqlarına bir sutka qalmış prosesə kölgə salmaq üçün Qarabağ ermənilərini ayağa qaldırmış ola bilər. Hərçənd iyulun 13-də Rusiya XİN nümayəndəsi Mariya Zaxarova Brüssel görüşünü şərh edərkən demişdi ki, ölkəsi sülhə xidmət edən istənilən vasitəçiliyi təqdir edir. Buna baxmayaraq, Xankəndidəki “performans” hər şeyi aydınlaşdırır...

Özləri də, çağırışları da rədd olunmalıdır”-

AMİP sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, erməni mətbuatının yaydığı xəbərlərdə görüşün bir həftə qabağa çəkilməsinin səbəbi açıqlanıb: “Erməni mediası yazır ki, Paşinyanın xahişi olub. Görünür ki, İrəvan tələsir. Ermənilər narahatdırlar, onlara elə gəlir ki, Azərbaycan ciddi addımlar ata, əməliyyatlar keçirə bilər. Artıq Xankəndidə də aksiyalar başlanıb. Bununla süni gərginlik yaradaraq diqqət cəlb etməyə çalışırlar ki, guya blokada şəraitidir, Laçın yolunda qoyulmuş post götürülməlidir... Blinkenin Azərbaycan Prezidentinə zəngində də Laçın yolundakı nəzarət mexanizmi müzakirə olunub. Amma rəsmi Bakının öz mövqeyi var və heç bir halda geri çəkilmək olmaz. Ona görə də Brüssel danışıqlarından ciddi nəticələr gözləmirəm. Yəni hansısa sənədə imza atılacağı inandırıcı deyil”.

Növbəti dəfə dünyanın bölünməsinin şahidi oluruq” - Zaur Məmmədov Yeni Sabah

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov hesab edir ki, Mişel-Əliyev-Paşinyan görüşü ərəfəsində Qarabağdakı separatçılar İrəvan və Bakıya ismarış göndərirlər: “Separatçı kəsimin ismarışı bəllidir. Regional dairələr də Qərbdə hər hansı sənədin imzalanmasını özləri üçün qəbuledilməz hesab edir. Son dövrlərdə regionun müxtəlif nəşrlərində ABŞ-ın Ermənistandan tələbləri mövzusunu qabartmaları xalqı oyatmaq və hakimiyyətlərə təzyiq etmək məqsədini güdür. Vilayətinin bəyanatı və onun Rusiyaya çağırışları da Brüssel görüşü fonunda baş verdi. Mitinqin təyin edilməsi həm də ermənilərin Laçın yolu ilə bağlı beynəlxalq təşkilatlardan gözlədikləri dəstəyi ala bilməmələri ilə bağlıdır. Belə ki, Beynəlxalq Ədalət Məhkəməsinin ardınca Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Laçın yolu ilə bağlı təklifini rədd edib. Qısacası, erməni tərəfi beynəlxalq hüquq kartından istifadə edə bilməyəndən sonra, "B" planına əl atmış oldu. Ermənilər blokadada yaşaya bilmir şüarı ilə kütləvi mitinqlər və yürüşlər, Qərbdə bəyənilən insan hüquqları adı altında beynəlxalq dairələrə, xüsusən də dialoqdakı üçüncü tərəflərə təzyiq niyyəti güdür".

Politoloqun sözlərinə görə, müəyyən mülahizələrə əsasən ilin sonuna qədər Blinken tərəflər arasında yekun sənədin imzalanmasını gözləyir və tərəfləri eskalasiyadan uzaq olmağa çağırır: “Əlbəttə ki, hazırda beynəlxalq ictimaiyyət yaxşı bilir ki, Qarabağın yuxarısında lokal hərbi əməliyyatlar keçirmək mümkündür və ona görə də müxtəlif dairələr Bakıdan heç olmasa ilin axırına qədər səbir və gözləməyi xahiş edə bilərlər. Aydındır kı, əgər Blinken tərəfindən Bakı ilə dialoqda xahiş tonundan istifadə edilirsə, sənədin imzalanması üçün Paşinyanla danışıqlarda başqa ifadələrdən istifadə olunur. Maraqlıdır ki, bu fonda Qarabağın dağlıq hissəsində qanunsuz hərbi birliklərdən təmizlənməsi əməliyyatının daha bir neçə ay təxirə salınması xahişini regiona ən çox təsir imkanı olan qüvvələr etmir.

Beləcə aydın olur ki, hazırkı vəziyyətdə bölgədə gələcək proseslərdə iştirak etmək məhz Azərbaycanın maraqlarının nəzərə alınmasından keçəcək. Beynəlxalq və regional aktorlar mütləq şəkildə separatizmi kökündən kəsmək üçün Azərbaycanın gələcəkdəki addımlarına səsli və ya səssiz dəstək olmalıdırlar. Rəsmi Bakı danışıqların nəticələrini gözləyir, lazım gələrsə bir neçə ay da səbir nümayiş etdirə bilər, ancaq bunun müqabilində tutarlı əsaslar görməlidir. Paşinyan isə bir məsələni unutmamalıdır. Əgər bu dəfə də sülh yolu ilə deyil, hərb yolu ilə torpaqlar işğaldan azad edilərsə, növbəti mərhələdə İrəvanla sülh Azərbaycana lazım olacaqmı və danışıqların gedəcəyi təqdirdə rəsmi Bakının hansı şərtləri olacaq? Bu gün Qarabağı Azərbaycanın ərazisi kimi tanımayan qüvvələr sabah ilkin mərhələdə Qarabağ erməniləri ilə eyni sayda azərbaycanlıların Zəngəzura qayıdışı reallığı ilə üzləşəcəklər. İlkin mərhələdə 100 000-ə yaxın soydaşımız Qərbi Azərbaycana köçürülür və onların təhlükəsizliyinə zəmanət verilir. Regionun gələcək siyasi xəritəsi bəllidir. Görək Qarabağdakı və Ermənistandakı ermənilər özlərinə hansı cığırı seçəcəklər".

Asif Nərimanlı: “İranın yük maşınları Xankəndiyə silah-sursat və yanacaq  daşıyıb”

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, separatçıların Brüssel görüşü ərəfəsində Xankəndidə aksiyaya başlamasının iki məqsədi var: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına etiraz etmək, görüşdə Paşinyanın "əlini gücləndirmək". Birinci hədəf görüntü xarakteri daşıyır və istisna deyil ki, aksiya qərarını Brüsselə getməmişdən öncə Paşinyan verib. Paşinyan Brüsseldə qondarma “Xankəndi-Bakı” formatının və “ermənilərin hüquq və təhlükəsizliyinin qorunması üçün beynəlxalq mexanizmin” yaradılması iddiasında yenidən israr edəcək. Və Laçın postunun açılmasının vacibliyini irəli sürəcək. Xankəndidəki aksiyanın da Nikola iddialarını əsaslandırmaq üçün lazım olduğu görünür".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR