İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel görüşləri sülhü tezləşdirəcəkmi - təhlil

543 05.05.2022 10:20 Gündəm A A

Eskpert: “Bu proses zəif də olsa, addım-addım gedir, ancaq Ermənistanda daxildə olan neqativ ab-havanın yatırılması və xalqın sülhə hazırlanması işi sürətləndirilməlidir”

Mayın 2-də Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.

Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Twitter hesabında məlumat yayıb. “Hikmət Hacıyev və Armen Qriqoryanı Brüsseldə bu formatda ikinci görüş üçün qarşılamaqdan şadam”, - deyə Toivo Klaar qeyd edib.

Bəs bu təmaslar iki ölkə arasında sülh sazişinin imzalanmasını tezləşdirə bilərmi? Prezident İlham Əliyev Şuşada son çıxışında Ermənistanın Azərbaycanın 5 prinsipini qəbul etdiyini açıqlamışdı. Paşinyan bu ağır, onun üçün təhlükəli və məsuliyyətli prosesi yekunlaşdıra biləcəkmi?

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca

İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, 2022-ci il aprelin 6-da Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş konstruktiv zəmində baş tutmuşdu. Görüşün təşəbbüskarı və moderatoru Avropa İttifaqı Şurasının Prezidenti Şark Mişel görüş haqqında müsbət fikirlər söyləyib və əldə olunan siyasi razılaşmaların davam etdirilməsi niyyəti ifadə olunmuşdu: “Eyni zamanda Brüssel görüşündə iki əsas məsələ diqqət çəkirdi. Birincisi, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın çağırılması və onun mandatına uyğun olaraq təhlükəsizlik zəmanətlərinin verilməsi, ikincisi, Xarici İşlər Nazirliyinə tapşırılmışdı ki, sülh sazişi imzalanmasına hazırlıq başlansın və təmaslar qurulsun. Bundan sonra keçən dövr ərzində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında iki dəfə telefon danışığı baş tutub. Sərhədlərin delimitasiyası ilə bağlı komissiya çağırılmasa da Azərbaycan bu komissiyanın heyətini müəyyənləşdirdi və rəsmi Bakı tərəfindən bu məsələ bəyan olundu. Lakin vəd olunan tarixdən iki gün keçdikdən sonra-mayın 2-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş baş tutdu. Görüşdən dərhal sonra Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar və ABŞ dövlət katibi Entoni Blinken görüşü alqışladıqlarını bəyan etdilər. Belə demək mümkündürsə, ABŞ və Avropa İttifaqı bu görüşlərin intensivliyini istəyir, siyasi dialoqun davam etdirilməsinin tərəfdarıdır. Ümumilikdə, Brüssel formatında keçirilmiş görüşlərdə produktivlik müşahidə olunur və səmərəlilik inkişaf etdirilir. İki ölkə arasında sülh sazişinin imzalanması ilə bağlı əldə olunan razılıqlara görə təmasların davam etdirilməsi də müsbət haldır. Ermənistan tərəfi daxildə olan neqativ ab-havaya rəğmən əldə olunan razılaşmalara müəyyən qədər riayət eləməyə çalışır. Xüsusilə vurğulamaq lazımdır ki, Hikmət Hacıyevlə Armen Qriqoryan arasında görüş ölkələrin liderlərinin görüşündən əvvəl də olmuşdu. Mayın 2-də baş tutan görüş isə onu deməyə əsas verir ki, yeni görüşün hazırlıqları da müzakirə mövzusu olub”.

Bununla belə, ekspert hesab edir ki, məsələ təmaslar səviyyəsindən əməli praktiki səviyyəyə keçməlidir: “Azərbaycanın ərazi bütövlüyü tanınmalı və delimitasiya və demarkasiya prosesi sürətləndirilməlidir. Bu xüsusda beş maddəlik təklifin Azərbaycan tərəfindən irəli sürülməsi və Ermənistan tərəfindən qəbul edildiyi artıq bir neçə dəfə yüksək səviyyədə açıqlanıb. İndiki halda Nikol Paşinyan üçün sülh müqaviləsinin imzalanması problematik görünür. Həm Qarabağ klanı, həm də revanşist müxalifət Nikol Paşinyana qarşı itaətsizlik nümayişləri həyata keçirir.

Sülh prosesi zəif də olsa addım-addım gedir, ancaq Ermənistanına daxilinə olan neqativ ab-havanın yatırılması və xalqın sülhə hazırlanması işi sürətləndirilməlidir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR