İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu məqsədlərin kəsişdiyi nöqtə Azərbaycandır” – Deputatdan İLGİNC açıqlama

439 22.07.2026 14:29 Gündəm A A

“Beynəlxalq siyasətdə elə görüşlər var ki, onların nəticələrini imzalanan sənədlərin sayı ilə ölçmək mümkün olmur. Çünki həmin görüşlərin əsas mahiyyəti protokol sənədlərində deyil, verilən siyasi mesajlarda, nümayiş etdirilən mövqelərdə və qəbul edilən reallıqlarda əks olunur. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Berlin danışıqları da məhz belə hadisələrdən biridir”.

Deputat Elçin Mirzəbəyli bu fikirləri Musavat.com-a prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərini şərh edərkən söyləyib.

Deputat bildirib ki, səfərin yekunlarını yalnız imzalanan sənədlər, yaradılan biznes şurası, enerji əməkdaşlığı və ya iqtisadi layihələr prizmasından qiymətləndirmək doğru olmaz: “Çünki Berlin görüşlərinin əsas mahiyyəti daha dərin geosiyasi məzmun daşıyır. Əslində, Almaniyanın paytaxtında baş verən proses Avropanın son illərdə formalaşmış yeni regional reallıqları qəbul etməsinin növbəti mərhələsi kimi qəbil oluna bilər. Otuz ilə yaxın müddətdə Cənubi Qafqaz siyasəti əsasən münaqişə gündəliyi üzərində qurulmuşdu. Regiona münasibət də, beynəlxalq aktorların yanaşması da, geosiyasi hesablamalar da həmin münaqişənin mövcudluğu üzərində formalaşırdı. 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpası ilə bu sistem tamamilə çökdü, ənənəvi təsir mexanizmləri sıradan çıxarıldı. Amma yeni sistem də hələ tam formalaşmayıb. Berlin görüşlərinin əhəmiyyəti də məhz burada ortaya çıxır”.

E.Mirzəbəyli hesab edir ki, Almaniya faktiki olaraq regiona artıq münaqişə prizmasından deyil, əməkdaşlıq və inteqrasiya müstəvisindən baxdığını nümayiş etdirir: “Bu, sadə görünən, lakin son dərəcə mühüm dəyişiklikdir. Çünki Avropanın aparıcı iqtisadi və siyasi gücü hesab olunan Almaniya regional proseslərə münasibətdə açıq və birmənalı mövqe sərgiləyirsə, bu, bütövlükdə Avropa siyasətinə təsirsiz ötüşə bilməz. Qeyd etmək lazımdır ki, Fridrix Merts hakimiyyətə gəldikdən sonra Almaniyanın xarici siyasətində praqmatizmin çəkisi nəzərəçarpacaq dərəcədə artmağa başlayıb. Berlin artıq əksər hallarda subyektiv və tərəfli mülahizələrə söykənən ideoloji ritorika ilə geosiyasi reallıqlar arasındakı fərqi daha aydın görür. Yaxın tarixdə baş verən və davam etməkdə olan geosiyasi kataklizmlər və onların regional afterşokları nümayiş etdirdi ki, təhlükəsizlik yalnız hərbi məsələ deyil. Enerji təhlükəsizliyi, logistika təhlükəsizliyi, təchizat zəncirinin təhlükəsizliyi, strateji xammal təhlükəsizliyi də eyni dərəcədə vacibdir”.

Milli Məclis üzvü əlavə edib ki, məhz bu səbəbdən, Almaniya bu gün xəritəyə fərqli baxır: “Əgər on il əvvəl Almaniyanın diqqət mərkəzində əsasən Şərqi Avropa və Rusiya dayanırdısa, indi Berlinin baxışları Xəzərə, Mərkəzi Asiyaya və Türk dünyasına doğru yönəlir. Bu istiqamətdə isə Azərbaycanın alternativi yoxdur. Çünki Azərbaycan həm enerji istehsalçısıdır, həm tranzit ölkəsidir, həm Avropa ilə Mərkəzi Asiya arasında körpüdür, həm də regionda müstəqil siyasi qərarlar qəbul edə bilən yeganə güc mərkəzidir. Berlin bunu çox yaxşı anlayır və məhz buna görə Almaniya rəhbərliyi artıq Azərbaycanla münasibətləri sırf enerji əməkdaşlığı səviyyəsində saxlamaq niyyətində deyil. İmzalanan Strateji Gündəlik də bunun göstəricisidir. Əslində sənədin mahiyyəti Almaniyanın Azərbaycanı regional tərəfdaşdan daha çox Avrasiya siyasətinin mühüm aktorlarından biri kimi qəbul etməsindədir. Şübhəsiz ki, beynəlxalq münasibətlərdə dostluq anlayışı yoxdur, maraqlar var”.

E.Mirzəbəyli qeyd edib ki, Berlinin Azərbaycana artan marağının da çoxsaylı səbəbləri var: “Almaniyaya Xəzər dənizinə, Mərkəzi Asiyaya, yeni enerji mənbələrinə, yeni ticarət marşrutlarına çıxmaq istəyir. Bu məqsədlərin hamısının kəsişdiyi yeganə nöqtə isə Azərbaycandır. Bu gün Avropa ilə Çin arasındakı yük daşımalarının gələcək marşrutu uğrunda böyük geoiqtisadi mübarizə gedir. Şimal marşrutu Ukrayna müharibəsi səbəbindən risklidir. Cənub marşrutu Yaxın Şərqdəki proseslər səbəbindən qeyri-sabitdir. Nəticədə diqqət Orta Dəhlizə yönəlir. Orta Dəhlizin ürəyi isə Azərbaycandır. Bu səbəbdən Berlin üçün Azərbaycan artıq sadəcə tərəfdaş ölkə deyil. Azərbaycan Almaniyanın gələcək geoiqtisadi strategiyasının vacib komponentlərindən birinə çevrilməkdədir. Berlin səfərinin görünməyən tərəflərindən biri də Avropa daxilində Cənubi Qafqaz siyasəti ilə bağlı mövcud olan fərqli yanaşmaların üzə çıxmasıdır”.

Deputat ardınca xatırladıb ki, son illərdə Fransa regiona daha çox emosional və siyasi yanaşma sərgiləyib, Almaniya isə iqtisadi və geosiyasi yanaşmanı üstün tutur:

“Paris keçmişin problemlərinə fokuslanır, Berlin gələcəyin imkanlarına. Paris münaqişə gündəliyində qalmağa çalışır, Berlin isə postmünaqişə reallığını qəbul edir. Bu fərq gələcəkdə Avropa İttifaqının region siyasətinə də çox ciddi təsir göstərəcək. Çünki Avropa daxilində strateji qərarların verilməsində əsas ağırlıq mərkəzi yenə də Almaniyadır. Berlin səfərinin ən mühüm nəticəsi Azərbaycanın dəyişən beynəlxalq statusunun növbəti dəfə təsdiqlənməsidir. Bir neçə il əvvəl Azərbaycan Avropa üçün əsasən enerji təchizatçısı hesab edilirdisə, bu gün tamamilə vəziyyət dəyişib. Azərbaycan enerji təhlükəsizliyinin təminatçısı, Orta dəhlizin əsas halqası, Türk dünyasını Avropa ilə birləşdirən körpü, Cənubi Qafqazın əsas siyasi aktoru, Mərkəzi Asiyaya çıxışın açarıdır. Bu status şübhəsiz ki, təsadüfən yaranmayıb. Bu, son iyirmi ildə həyata keçirilən ardıcıl dövlət strategiyasının nəticəsidir. Əgər 1990-cı illərdə Azərbaycan geosiyasi proseslərin obyektidirsə, bu gün həmin proseslərin iştirakçısı və formalaşdırıcısıdır. Berlin görüşlərinin əsas mesajı da, zənnimcə, bundan ibarətdir”.

Deputat prezidentin Almaniya səfəri ilə bağlı digər mühüm məqamlara da diqqət çəkib:

“Gözümüzün önündə dünya sürətlə dəyişir, Qərbin əvvəlki dominantlıq modeli transformasiya olunur, yeni güc mərkəzləri yaranır. Nəqliyyat marşrutları, Enerji bazarları yenidən formalaşır. Belə bir dövrdə coğrafiya yenidən siyasətin əsas faktoruna çevrilir. Azərbaycan isə tarixdə ilk dəfə olaraq öz coğrafiyasının verdiyi üstünlükləri tam şəkildə siyasi və iqtisadi gücə çevirməyi bacarıb. Almaniya Azərbaycanın imkanları ilə yanaşı, yaratdığı reallıqları da qəbul edir. Bu, Avropanın Azərbaycanı yeni dünya nizamının formalaşmasında rol oynayan orta güc kimi qəbul etməsinin növbəti təsdiqidir. Məhz buna görə Berlin görüşlərinin əsl nəticəsini imzalanan sənədlərdə deyil, dəyişən geosiyasi münasibətlər sistemində axtarmaq lazımdır. Çünki Berlində imzalanan sənədlərdən daha vacib olan sənəd Almaniyanın və dolayısıyla Avropanın siyasi düşüncəsində formalaşan yeni Azərbaycan anlayışıdır. Bu anlayış isə gələcək onilliklərin siyasi və iqtisadi proseslərinə təsir göstərə biləcək strateji əhəmiyyət daşıyır”.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR