İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya parlamentində Bakıya hücum fiaskosu

3337 01.11.2022 20:00 Gündəm A A

Razi Nurullayev: “Dünyada haqq işimizi dəstəkləyənlərin sayı artır”

Məhəmməd Əsədullazadə: “Ermənistanın Avropada siyasəti iflasa uğrayır”

Ermənistan və erməni lobbisi son günlər əllərinə düşən hər fürsətdə anti-Azərbaycan fəaliyyətlərini genişləndiriblər. Ötən həftə Səmərqənd şəhərində MDB Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyan, MDB Hökumət Başçıları Şurasının Astanada keçirilən iclasında isə Paşinyanın müavini Mqer Qriqoryan Azərbaycana qarşı bir sıra əsassız ittihamlar səsləndiriblər. Azərbaycan rəsmiləri erməni məmurları öz çıxışları ilə yerlərində oturdublar, həm spiker Sahibə Qafarova, həm də baş nazir Əli Əsədov onlara tutarlı cavab veriblər. Məlumdur ki, noyabrın 15-də Fransa Senatında anti-Azərbaycan qətnaməsinin də müzakirəyə çıxarılacağı gözlənilir. 

Böyük Britaniya parlamentinin Lordlar palatasında isə ötən həftə Azərbaycan-Ermənistan məsələsinə dair debat keçirilib. Palatanın üzvü, parlamentin Ermənistan qrupunun həmsədri Baronessa Koks Azərbaycan əleyhinə yönəlmiş növbəti bir təşəbbüs göstərsə də, onun bu təşəbbüsü baş tutmayıb. Sualı hökumət adından xarici işlər nazirinin müavini Lord Ahmad cavablandırıb. O, iki ölkə arasında sülhün əhəmiyyətinə toxunub, siyasi həllinin lazım olduğunu deyib. Lord Ahmad Britaniya hökumətinin Avropa İttifaqının gördüyü işləri tam dəstəklədiyini qeyd edib. Debat zamanı, Baronessa Koks istisna olmaqla, Lordlar Palatasının digər üzvləri tərəfindən həm neytral xarakterli, həm də Azərbaycanı dəstəkləyən fikirlər səslənib. Məsələn, Lord Hüseyn Ermənistan və Azərbaycan arasında son toqquşmaların bu iki ölkə arasında Aİ-nin rəhbərliyi altında sülh və normallaşma prosesinin sürətləndirilməsinə təcili ehtiyac yaratdığını qeyd edib, yekun sülh sazişinin imzalanmasının vacibliyinə diqqət çəkib. Lord David Evans isə mina partlayışları məsələsinə diqqət çəkib. O, son iki ildə partlayışların əksəriyyətinə minaların səbəb olduğunu deyib və bildirib ki, Azərbaycanda 262 mülki şəxs həlak olub. Lord David Evans onu da qeyd edib ki, itkin düşmüş kimi qeydiyyatda olan 3890 azərbaycanlı var və Ermənistan onlar haqqında hər hansı bir məlumat verməkdən imtina edir. Debat zamanı Baronessa Udin oktyabrın 6-da Praqada keçirilən son müzakirələri alqışladığını deyib, üçtərəfli atəşkəs sazişindən sonra Ermənistan tərəfinin itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları hələ də vermədiyini vurğulayıb. Bütün bunlar həm də Böyük Britaniyanın Qarabağ məsələsində ədalətli mövqedən çıxış etməsinə işarədir. Uzun illərdir ermənilərin maraqlarından çıxış edən Baronessa Koksun budəfəki canfəşanlığı iflasa uğradı. Bu mövqe əlbəttə ki, Böyük Britaniya ilə Azərbaycan arasında olan yaxın münasibətlərin göstəricisidir və bu səbəbdən erməni lobbisinin planları iflasa uğrayır. Yada salaq ki, 44 günlük müharibə zamanı BMT-də Azərbaycan əleyhinə sənədin bloklanmasında ciddi rolu olmuşdu.

Razi Nurullayev Prezidentə yazdığı təbrikdən danışdı: “Mexaniki olaraq səhv  yazmışam” - FOTO | KONKRET

Milli Cəbhə Partiyasının sədri, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Razi Nurullayev Azərbaycan rəsmilərinin Ali Baş Komandanın yolunu getdiklərini söylədi: “Ermənistan nümayəndələri, rəsmi şəxsləri hədyan, məntiqsiz danışır, heç bir fakt ortaya qoymadan sözçülüklə məşğuldurlar. Amma Azərbaycan nümayəndələri, ölkəmizin rəsmi şəxsləri onlara çox tutarlı cavablar verir, alqış qazanırlar. Çünki fakt və məntiqə söykənirlər. Baş nazir Əli Əsədovun Moskvada Qriqoryana verdiyi cavab, parlamentin spikeri Sahibə xanımın Simonyana verdiyi cavablar bütün Rusiya mətbuatında, bütün sosial şəbəkələrdə çox paylaşıldı və insanlar əhsən dedilər. Doğrudan da baş nazir və Sahibə xanım demək olar ki, erməni rəsmilərinə master klass keçdilər. Təbii ki, ölkə başçısının da həm müsahibələrdə, həm də görüşlərdə göstərdiyi performans hər birimizin rəğbəti ilə qarşılanır. Prezidentin məntiqləri qarşısında ermənilərin nümayəndəsi dayana bilmir. Rəsmi şəxslərimiz də dövlət başçısının yolunu gedərək, çox gözəl performans göstərirlər. Hazırda dünyanın bir çox ölkələrində erməni lobbisi təşəbbüs göstərir ki, Azərbaycanı hədəfə alan dinləmələr həyata keçirsinlər. Azərbaycan-Böyük Britaniya münasibətləri hər zaman yüksək səviyyədə olub. Britaniyanın Azərbaycanda çox ciddi iqtisadi maraqları var. Lordlar palatasında təşkil olunan dinləmələrdə Azərbaycan birmənalı şəkildə müdafiə olundu. Ermənipərəst nümayəndə demək olar ki, yalnız qaldı. Amma digər nümayəndələr bir-birilərinin ardınca Britaniya-Azərbaycan əlaqələrinə toxundular, haqlı işimizin yanında dayandılar. Azərbaycan-Britaniya əlaqələrindəki siyasi münasibətlərin nə qədər vacib olduğu önə çəkildi. Bu çox gözəl bir xəbərdir. Çünki biz 44 günlük savaşı zamanı da Britaniya ölkəmizə çox ciddi xidmət göstərmişdi, jestlər etmişdi. Üzvü olduğum Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun da fəaliyyətini yüksək qiymətləndirirəm. Britaniya hökumətinin ölkəmizdəki səfiri ilə də yaxın münasibətlərə hər kəs malikdir. Səfirin də Azərbaycana münasibəti yaxşıdır. Hətta cənab prezidentlə görüşündə də Azərbaycan dilində danışmışdı. Dünyada haqq işimizi dəstəkləyənlərin sayı durmadan çoxalır. Amma 15-20 il öncə bunu təsəvvür belə etmək mümkün deyildi. Fransa Senatında 15 noyabrda qondarma bir qətnamə ortaya atılacaq. Qəbul olunsa da, o heç nəyi dəyişmir. Onun təsdiq olunması ölkənin prezidenti tərəfindən edilir. Bu gün prezident Makronun ermənipərəst siyasətindən nə qədər narazı olsaq da, inanmıram ki, o belə bir sənədi imzalasın, yaxud onu dəstəkləsin. Sadəcə ermənilərin könlünü xoş etmək üçün Senatda belə bir addım atılır. Amma nə etsələr də, Qarabağdakı vəziyyəti dəyişmək gücündə deyillər. Sadəcə qəbul edilə biləcək sənəd kağız parçasına çevriləcək”. 

Mariya Zaxarovanın Ermənistan- Azərbaycan sülhünə ''töhfəsi''

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu cür tələblərin heç bir nəticə verməyəcəyini bildirdi: “Britaniya Parlamentində bəzi deputatların, xüsusilə Britaniya-Ermənistan parlamentilərarası dostluq qrupunun üzvlərinin təşəbbüsü ilə daima Azərbaycan əleyhinə fikirlər, o cümlədən sanksiya təklifləri səslənsə də, bu, Britaniyanın siyasi elitasının ümumi fikri və ya vahid mövqeyi adlandırıla bilməz. Bu qrupun hazırki rəhbər şəxsləri Tim Lofton, Baronessa Koks,  Feryal Klark, Endyu Rosindel, Con Spellar, Ceyms Mörri, Con Vaytinqdeyl kimi Britaniya Parlamentinin aşağı və yuxarı palata üzvləridir. Onlar konret olaraq 1 partiyanı təmsil etmirlər, hər biri müxtəlif partiya və bağlantılara malikdirlər. Lakin bu bağlantılar ümumi olaraq Britaniya-Azərbaycan bağlantılarına zərbə vuracaq potensialda deyil. Britaniyanı ölkəmizlə olduqca güclü iqtisadi-siyasi əlaqələr, dərin strateji əməkdaşlıq birləşdirir. Odur ki, bəhsolunan qrupun üzvlərinin tələbləri ümumi prosesin parçası olsa da, nəticəsiz qalır və daim də nəticəsiz qalacaqdır. Təsadüfi deyil ki, Qarabağdakı qondarma rejimin rəhbərliyi dəfələrlə Britaniyanı Azərbaycanyönümlü siyasətdə ittiham edib. Məsələn, 27 martda Azərbaycan Xocalının Fərrux kəndini və bir sıra strateji yüksəklikləri azad etdikdən sonra Britaniya Azərbaycanla əlaqələrini kəsmədiyinə və sərt bəyanatlarla çıxış etmədiyinə görə qondarma rejimin və  Ermənistanın rəhbərliyi İngilis hökümətini tənqid etmişdi. Bununla yanaşı, “Qətiyyətli cavab” hərbi əməliyyatımızdan sonra Britaniyanın Ermənistandakı səfirliyinin Azərbaycan əleyhinə səslənən fikirləri Britaniyanın ölkəmizə qarşı ümumi xəttində hər hansı dəyişikliyi ifadə etmir”.

Yazarlar Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə ermənilərin heç bir uğur qazanmayacağını düşünür. Onun sözlərinə görə, Ermənistanın Avropa siyasəti iflasa uğrayacaq: “Böyük Britaniya Azərbaycan əlaqələri siyasi və enerji sahəsində 30 ilə yaxındır ki, yüksək səviyyədə əməkdaşlıq müstəvisində davam edir. Ümumiyyətlə, bu gün ikitərəfli əməkdaşlıqda hər hansı bir problem yoxdur. Böyük Britaniyanın Cənub Qafqaz və Mərkəzi Asiya siyasətinin mərkəzində Azərbaycan dayanır. Üçtərəfli Böyük Britaniya -Türkiyə, Azərbaycan və İsrail siyasi -iqtisadi, enerji və hərbi texniki əməkdaşlıq formatında regionda yeni bir nizamda maraqlıdırlar. Belə olan kontekstdə Lordlar palatasında erməni lobbisinin fəaliyyəti hər hansı bir müsbət effekt verməyəcək. Ermənistan və erməni lobbisi çalışır ki, Böyük Britaniya Azərbaycan əlaqələrində ciddi problemlər yaratsınlar, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan və Azərbaycan əleyhinə qətnamələrə veto qoyan Böyük Britaniya anti-Azərbaycan siyasəti ortaya qoysun. Bu mümkün olmayacaq və Ermənistanın Avropada siyasəti ümumiyyətlə tənəzzülə uğrayır. Böyük Britaniya yeni dünya nizamında əsas rol oynayan oyunçudur və onun köklü, strateji maraqları Azərbaycanla üst üstə düşür. Ona görə də Ermənistanın bütün cəhdləri fiaskoya uğrayacaq”.

Cavanşir ABBASLI
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR