İnsanlara hürriyət, millətlərə istiqlal!

BQXK-nın Qarabağla bağlı 2 ŞOK MARAĞI - Detallar üzə çıxdı

833 11.07.2023 15:25 Siyasət A A

Azər Hüseynov: “Beynəlxalq ermənisevərlik sindromundan əziyyət çəkənlərə arada profilaktika naminə “peyvənd” vurmaq lazımdır ki...”

Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar.

Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.

O da qeyd edilməlidir ki, BQXK-nın Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında Azərbaycana dost olmayan ölkələrin vətəndaşları, bizə olduqca mənfi münasibət bəsləyən şəxslər də var. Ən vacib sual isə odur ki, onların sərbəst fəaliyyətinə nəyə görə şərait yaradılmalıdır. Artıq belə şəxslərin bir neçəsi Azərbaycandan qovulub.

Müharibə dövründə də BQXK Azərbaycana qarşı pis mövqe tutmuşdu, bu təşkilatın nümayəndələri yalnız Ermənistanın maraqlarından çıxış edirdilər. Onların qaynar nöqtələrə daxil olaraq hərbi məlumatlar toplaması və düşmən tərəfə ötürmələrinə dair ciddi şübhələr mövcuddur.

 azer.jpg (84 KB)

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, ermənilərin beynəlxalq təşkilatlarda hər zaman “dayıları” olub:

“Bu da növbəti haldır. Ona görə keçidin bağlanılması zəruri bir addımdır. Bu həm də bir güc nümayişidir. Azərbaycan ara-sıra bunu etməlidir. Ən azından BQXK daxili yoxlama aparsın. İstər sülhməramlıların daşıdıqları yüklər, istərsə də humanitar yüklər Azərbaycanın digər rayonlarından həyata keçirilməlidir. Ermənilər Azərbaycansız bir alternativ olduğunu bilsinlər. Beynəlxalq təşkilatlar da öz işini sağlam görməlidir. Beynəlxalq ermənisevərlik sindromundan əziyyət çəkənlərə arada profilaktika naminə “peyvənd” də vurmaq lazımdır. Bu, koronavirusdan da betər sindromdur. Ona görə də bu addım düzgün atılıb. Bu, regionda hamı üçün mesaj olsun. Regionun hərbi siyasi nizamlayıcısı rolunda olmalıyıq. Bunun üçün daxili və siyasi-hərbi cəhətdən güclənməli, ideoloji olaraq mövqelərimizi gücləndirməliyik. Resurslarımızı böyük dövlət olma tənzimləməsinə uyğun idarə etməliyik”.

asif.jpg (298 KB)

Siyasi şərhçi Asif Nərimanlı isə qeyd edib ki, BQXK-nın Qarabağda qanunsuz fəaliyyətinə dair şübhələr əvvəldən var idi:

“Misal üçün, komitənin ermənilərin daşınmasını “xəstə” adı altında həyata keçirdiyi istisna edilməməlidir. Qaçaqmalçılıq faktı bu ehtimalı daha da gücləndirir. BQXK-nın bu prosesdə iki marağı görünür. Komitənin rəhbərliyi erməni əhalisinə “çıxış yolları” yaratmaqla Azərbaycana reinteqrasiya prosesinin qarşısını alır. Rəsmi Bakının erməni əhalisinin təminatının komitə vasitəsilə Ağdamdan təmin edilməsi təklifinin qəbul edilməməsi də bunu deməyə əsas verir. Komitənin yerli nümayəndələrinin həm “xəstə daşınması”ndan, həm də qaçaqmalçılıqdan pul qazandığı istisna deyil.

Qaçaqmalçılıq faktı BQXK-nın silah daşınması və casusluq fəaliyyətinə dair də şübhələr yaradır. Laçın sərhəd-keçid məntəqəsi qurulandan sonra silah daşınmasının qarşısı alınsa da, nə Ermənistan, nə də Xankəndidəki separatçılar bu planlarından əl çəkib. “Bütün yollar bağlıdırsa, silahı haradan keçirə bilərlər?” sualı diqqəti BQXK-nın üzərinə yönəldir. Eyni zamanda, komitənin “humanitar missiya” ilə sərbəst hərəkət edən əməkdaşlarının Ermənistanın xeyrinə casusluq etmədiyinə də heç kim zəmanət verə bilməz. Beynəlxalq təşkilat “humanitar missiya” adı altında Azərbaycan ərazisində qanunsuzluq törədir. BQXK-nın Qarabağdakı fəaliyyəti isə ümumiyyətlə qanunsuzdur. Çünki bura Azərbaycan ərazisidir, Azərbaycan ərazisində fəaliyyət göstərən BQXK-nın ofisi başqa ölkədəki – Ermənistandakı nümayəndəliyə tabedir. Bunun nə qanuni, nə də məntiqi əsası var”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR