İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük savaş qütbləşir – 1-2 ilə müharibə “ABŞ və dostları”yla “Rusiya və müttəfiqləri” arasında gedəcək

1246 02.02.2024 13:00 Dünya A A

Tez-tez dünya və ölkə mediasında III dünya müharibəsinə dair anonslar verilir. İddia olunur ki, tutalım, ABŞ İranı vursa, III dünya müharibəsi başlayacaq. Yaxud Şimali Koreya ballistik raket zərbələrinə məruz qalsa, III dünya müharibəsi qaçılmaz olacaq. Rusiya Ukraynaya taktiki nüvə silahı ilə zərbə endirsə, Moskva da hücuma məruz qalacaq və...

Əslində isə bu dediyimiz hadisələr baş versə, bu, III dünya müharibəsinin başlanmasına səbəb olmayacaq, çünki bu dediyimiz müharibə artıq 10 ildir gedir, həmin hadisələr sadəcə o müharibənin daha bir cəbhəsi olacaq, şiddətlənəcək və şaxələnəcək.

Bəli, azı 10 ildir ki, bəşər əhli yeni növ müharibənin içindədir. Bu müharibə qlobal xarakter daşıyır, cəbhələri, səngərləri çoxdur, çoxqütblüdür və çarpazdır. İrəliləyən zamanlarda konfrontasiya daha da dərinləşə, müharibə ikiqütblü səciyyə ala bilər.

İndi bu yeni müharibədə bu və ya digər şəkildə iştirakçı olan ölkələri sadalayaq: ABŞ, Rusiya, Böyük Britaniya, Ukrayna, Fransa, İsrail, Fələstin muxtariyyatı, Suriya, İran, İraq, Polşa, Almaniya, Hollandiya, Belçika, Liviya, Livan, Yəmən, Kanada, Pakistan, Hindistan, Türkiyə, Şimali Koreya, Belarus, Səudiyyə Ərəbistanı və s.

Bu ölkələrin bəziləri qatıldıqları müharibədə canlı qüvvəylə, nizami orduyla iştirak etmirlər, amma döyüşən tərəflərin birinə silah-sursat, pul verir, müharibə aparmaq üçün lazım olan hər şeylə təchiz edirlər. Bəziləri öz hərbi müttəfiqinə muzdluluq və könüllülük əsasında döyüşçülər də göndərir. Məsələn, İngiltərə, Fransa və İsveçdən gəlmiş hərbi təlimatçılar, eləcə də muzdlu əsgərlər Ukrayna tərəfdə döyüşürlər. Ümumiyyətlə, Avropanın qabaqcıl və böyük dövlətləri Rusiya-Ukrayna müharibəsində Ukraynanın tərəfindədirlər və bu dövlətə çox böyük yardımlar edirlər. Məhz ona görə də Ukrayna iki ildir ki, bədheybət rus hərbi maşınının qabağında dayanıb.

İranın Yəməndə hakimiyyətə gəlmiş “Ənsarallah” təşkilatına (Bədrəddin əl-Husinin davamçılarına) dəstək verdiyi, Səudiyyə Ərəbistanının isə devrilmiş hökumətə görə zaman-zaman Yəməni vurduğu heç kəsə sirr deyil. İndi ABŞ da Yəmən döyüşçülərini vurur. Onlar isə İranın təhriki ilə İsrailə cəbhə açır, Qırmızı dənizdə onun ümdə maraqlarına ziyan vuran hərbi əməliyyatlar keçirirlər.

10 gün öncə İranla Pakistanın arasında qısa çəkən müharibə baş verdi, tərəflər bir-birinin ərazisinə hava zərbələri endirdilər, münasibətlər gərginləşdi, müharibə şəraiti yarandı. Pakistanla Hindistan arasındakı həll olunmamış münaqişənin ömrü 70 ili aşıb. Hər dəqiqə orada da müharibə ocağı alovlana bilər.

İsrail-Fələstin münaqişəsinin vaxtaşırı qanlı müharibəyə çevrilməsi, region ölkələrinin gərginləşməsi barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Bu mövzu artıq hamını bezdirib.

Suriyada İranın, Rusiyanın, Türkiyənin hərbi qüvvələri var və vaxtaşırı hərbi əməliyyatlar keçirilir. İraq da barıt çəlləyinin üzərindədir. Onun şimal hissəsində özlərinə sığınacaq tapmış terror təşkilatları Türkiyəyə qarşı müharibə aparırlar, şərqində isə İranın tərəfini tutan qüvvələr var.

Bir sözlə, III dünya müharibəsi Avropanın şərqini, Yaxın Şərqin tamamını çulğayıb, Uzaq Şərqdə isə “vur-vurum” davası gedir. ŞKXDR-in lideri Kim Çen In günaşırı yeni bir ballistik raket sınağı keçirərək başda ABŞ olmaqla düşmən hesab etdiyi ölkələri, əsasən də öz xalqının yaratdığı digər dövləti – Cənubi Koreyanı müharibə ilə hədələyir. Bu regionda da müharibə başlasa, təəccüb doğurmaz.

Yaxşı ki, Azərbaycan öz müharibəsinin əsas hissəsini 2020-ci ildə, yerdə qalanını isə 2023-cü ilin sentyabrında başladı və bitirdi, indiyə saxlamadı.

Çünki artıq müxtəlif ölkələr arasında gedən, bir çox hallarda vətəndaş müharibəsi kimi təzahür edən savaşlar get-gedə qütbələşir. Gedişat bu cür davam etsə, yaxın illərdə qlobal müharibə “ABŞ və onun dostları”yla “Rusiya və onun komandası” arasında gedəcək.

Hazırda ABŞ-ın qəsdi odur ki, Rusiyanı yaxın qonşularının, tərəfdaşlarının dəstəyindən tam məhrum etsin. Bu layihəyə Çin və Türkiyənin neytrallaşdırılması, Mərkəzi Asiya respublikalarının Rusiyaya bu və ya digər şəkildə dəstək (əsasən logistik) vermələrinin məhdudlaşdırılması daxildir.

Biz ölkə olaraq hazırda istəsək də, istəməsək də, Rusiyanın “hərbi koalisiyası”nda gedirik. ABŞ və Avropanın son aylarda bizə qəzəblənməsi bu üzdəndir. Onlar hesab edirlər ki, Azərbaycan onların himayəsinə keçmək üzrə olan Ermənistana məhz Rusiyanın köməyi ilə (və ya prosesə qarışmaması, göz yummasıyla) qalib gəlib.

Başqa sözlə, bir-birilə boğuşan tərəflər başqa ölkələrin neytral olmaq haqqını tanımır, tərəf tutmağı, mövqe bildirməyi, hansısa cinahdan səngərə girməyi tələb edirlər.

Bu, kiçik ölkələrə sərf edən müharibə variantı deyil. Onların bu savaşda qazanacağı bir şey yoxdur, amma çox şey itirə bilərlər. Məşhur ifadədə deyildiyi kimi, fillər təpişəndə çəmənlik hayıf olur.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR