İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Qayıdışa böyük ərəb yatırımı

2163 20.12.2022 11:41 İqtisadiyyat A A

Səudiyyənin investisiyalar nazirini Qarabağa gətirən səbəb

Səudiyyə Ərəbistanının investisiyalar naziri, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında birgə komissiyanın həmsədri Xalid ibn Əbdül Əziz Əl-Falehin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 18-də Bakıya gəlib. Nümayəndə heyətini Prezident İlham Əliyev qəbul edib.

Görüş zamanı Azərbaycan Prezidenti ölkələr arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı əsaslar yaratdığını deyib. Qeyd edib ki, biznes sahəsində əməkdaşlığın, o cümlədən investisiya və energetika sahələrində əlaqələrin genişləndirilməsi üçün hər iki tərəf qarşılıqlı maraq göstərir. Prezident bu baxımdan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçirilən layihəni əməkdaşlığın faydalı nümunəsi kimi qiymətləndirib.

Xalid ibn Əbdül Əziz Əl-Faleh səfər çərçivəsində Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifovla da görüşüb, işğaldan azad olunmuş Zəngilan rayonuna səfər edib.

İlham Əliyev Səudiyyə Krallığının investisiya nazirini qəbul edib -  Busaat.az

Zəngilanın “Ağalı” kəndində jurnalistlərə açıqlamasında səudiyyəli nazir bəyan edib ki, ölkəsinin investorları işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji (günəş və külək enerji sahəsində), turizm, kənd təsərrüfatı və texnologiya sahəsinə yatırım etməkdə maraqlıdır.

O qeyd edib ki, Azərbaycanla Səudiyyə Ərəbistanı əlaqələrinin müxtəlif aspektləri var. Səudiyyə Ərəbistanı Azərbaycanda beş infrastruktur layihəsində iştirakçı olub. Krallıq həmçinin işğaldan azad edilmiş ərazilərdə əhalinin yenidən öz torpaqlarına geri qaytarılması və həyatın normal axarına qayıtması üçün investisiya edə bilər.

Nazir bildirib ki, Qarabağda geniş kənd təsərrüfatı potensialının olduğu bugünkü səfər zamanı müşahidə edilib: “Qarabağda iribuynuzlu heyvandarlıq sahələri ilə tanış olduq. Böyük potensialın olduğunu gördük. Səudiyyə Ərəbistanı üçün ərzaq təhlükəsizliyin təmin edilməsi zəruridir və bu baxımdan işğaldan azad edilmiş ərazilərə yatırımda maraqlıyıq. Zəngilanda yeni tikilən hava limanı çox cəlbedicidir. Eyni zamanda yeni yaradılan "Ağıllı kənd"i görmək bizdə xoş təəssürat yaratdı və təəccüb doğurdu. İndi mənimlə birlikdə buraya Səudiyyə Ərəbistanının böyük nümayəndə heyəti gəlib. Burada yalnız dövlət deyil, özəl sektor, o cümlədən energetika, xüsusilə də yaşıl enerji, turizm və kənd təsərrüfatında çalışan özəl biznesin təmsilçiləri var. Səudiyyə Ərəbistanı Qarabağ regionuna investisiya yatırmaq niyyətindədir. Xüsusi qeyd edim ki, yeni tikilən "Ağıllı kənd" və Zəngilan aeroportu bizi təəccübləndirdi. Buralar ailəvi istirahət üçün gözəl yerlərdir”.

İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının - İNVESTİSİYA NAZİRİNİ QƏBUL  EDİB - FED.az

Ölkəsinin Azərbaycana 5 infrastruktur layihəsində iştirak etdiyini deyən nazir həmçinin vurğulayıb ki, Səudiyyə Ərəbistanı əhalinin işğaldan azad olunmuş ərazilərdəki doğma yerlərinə qayıtmasına sərmayə qoymağa hazırdır.

S.Şərifov Zəngilanda keçirilən tədbir zamanı Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik əlaqələr qurmadığını xatırladıb: “Ölkəmiz Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana qarşı təcavüz törətmiş Ermənistanla diplomatik əlaqələr qurmamaq kimi prinsipial mövqeyini yüksək qiymətləndirir”. O, Azərbaycanın Səudiyyə Ərəbistanının ölkəmizə qarşı təcavüzə, yüz minlərlə mülki azərbaycanlının doğma yurd-yuvasından və torpaqlarından zorla köçürülməsinə, dağıdılmasına səbəb olan, ölkəmizin şəhər və kəndlərini xarabalığa çevirmiş, məscidlərimizə və digər müqəddəs yerlərimizə qarşı vandalizm törətmiş Ermənistanla diplomatik əlaqələr qurmamaq kimi prinsipial mövqeyini yüksək qiymətləndirdiyini bir daha qeyd edib.

Dekabrın 19-da isə Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu, Azərbaycan Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının 7-ci iclası keçirilib. İclasdakı çıxışında S.Şərifov bildirib ki, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında bərpa və yenidənqurma prosesinə Səudiyyə Ərəbistanı İnkişaf Fondu və Səudiyyə İnvestisiya Fondu tərəfindən maliyyə vəsaiti ayrıla bilər. O qeyd edib ki, Səudiyyə Ərəbistanından olan özəl şirkətlərin də Qarabağın bərpa prosesində iştirakı nəzərdən keçirilə bilər. Nazir həmçinin əlavə edib ki, indiyə qədər Qarabağın yenidən qurulmasına 4 milyard dollar vəsait xərclənib.

İclas çərçivəsində ölkələr arasında iki sənəd imzalanıb. Birinci sənəd, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) ilə Səudiyyə Ərəbistanının Palatalar Federasiyası arasında birgə Biznes Şuranın yaradılması ilə bağlıdır. İkinci imzalanan sənəd isə hökumətlərarası komissiyanın protokoludur.

Müştərək komissiyanın iclası zamanı krallığın investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh bildirib ki, ölkəsi azərbaycanlı tələbələrə təqaüd ayıra bilər: “Elm və təhsil sahəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi baxımından azərbaycanlı tələbələrə Səudiyyə Ərəbistanı universitetlərində təhsil almaq üçün təqaüd proqramı hazırlaya bilərik. Bu müxtəlif sahələri, o cümlədən texnologiya, rəqəmsal sahələr, riyaziyyat və digər elm sahələrini əhatə edə bilər”.

O da məlum olub ki, Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər Azərbaycandan 20 minə qədər insanı işlə təmin etməyə hazırdır. Bu məsələ Bakıda keçirilən biznes forum çərçivəsində Səudiyyə Ərəbistanının “ARCO for human resources” şirkəti ilə Azərbaycan Məşğulluq Agentliyi (HR Cell) arasında imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulub. Məqsəd məişət və biznes sahələrinə Azərbaycandan işçi qüvvəsini cəlb etməkdir. 24 aylıq əmək müqaviləsi əsasında həyata keçiriləcək bu işlər üçün aylıq əmək haqqı rekruitinq haqqına (500 ABŞ dolları) əlavə 850 ABŞ dollardan başlayır: “Səudiyyə Ərəbistanının əmək bazarını böyütmək və bazarın yüksək tələbatını "Krallığın 2030-cu il baxışı" proqramının icra tələblərinə uyğun olaraq ödəmək üçün yerli məişət və biznes sahələrinə ixtisaslı insan resursları cəlb olunacaq. Səudiyyə Ərəbistanı bazarında bütün fəaliyyət növləri və peşələri üzrə iş yerləri var, Azərbaycan vətəndaşları üçün Səudiyyə Ərəbistanı Krallığında məşğulluq imkanları isə iki ölkə arasında münasibətlərin və strateji əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək", - memorandumda deyilir.

İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya nazirinin başçılıq  etdiyi nümayəndə heyətini qəbul edib - Bursa Güneş Gazetesi

Xalid bin Əbdüləziz Əl-Falih çox maraqlı açıqlama verərək, Səudiyyə Ərəbistanının Azərbaycanın Avropaya elektrik enerjisi ixracı prosesində iştirak etmək istədiyini bəyan edib. Səudiyyəli nazir əlavə edib ki, bir neçə gün öncə Buxarestdə imzalanan sənədə qoşulmaq fikrindədirlər: “Bildiyiniz kimi, "Acwa Power" şirkəti 240 meqavatlıq enerji layihəsi Azərbaycanda icra edir. Amma bu bizim üçün azdır. İstərdik ki, daha böyük enerji layihələri icra edək və Azərbaycanın bir neçə gün öncə Avropaya elektrik enejisi ixracı ilə bağlı imzaladığı müqaviləyə biz də qoşulaq".

Səudiyyəli nazir əlavə edib ki, bu əlaqələrin inkişafı üçün imkanlar da mövcuddur: “Ölkələrimiz arasında əlaqələrin genişlənməsindəki dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Ölkələrimiz arasında bir çox sahələrdə, xüsusən də enerji sahəsində əməkdaşlıq imkanları var”.

Onun sözlərinə görə, “Acwa Power” şirkətinin Azərbaycanda 240 MVT-lıq külək enerjisi parkının qurulması istiqamətində müqaviləsi var: “Hesab edirik ki, Səudiyyə Ərəbistanının digər şirkətlərinin də Azərbaycanla əməkdaşlıq etmək imkanları var. Bu gün Azərbaycanın meqavatlarla deyil, gigavatlarla ölçülə bilən potensialı var”.

Göründüyü kimi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə xarici investorların cəlbi istiqamətində ilk addımlar atılmağa başlayıb. Səudiyyə Ərəbistanı investisiya imanları çox geniş olan bir ölkədir. İndiyədək bu ölkə ilə ticari əlaqələrimizin güclü inkişafı qeydə alınmayıb. Gömrük statistikasına əsasən, 2021-ci ildə ölkələr arasında qarşılıqlı ticarətin həcmi 27 milyon 14 min dollara bərabər olub. Bu zaman 14 milyon 546 min dollar Azərbaycanın idxalının, 12 milyon 467 min dollar isə ixracının payıdır. Bu ilin yanvar-avqustunda isə ticarət 12 milyon 188 min dollar təşkil edib. Bunun 9 milyon 236.62 min dolları Azərbaycanın Səudiyyədən idxalı, 2 milyon 951.53 min dolları isə ixracıdır.

Ölkələr arasında investisiya istiqamətli əlaqələrin də yüksək inkişafından danışmaq mümkün deyil. Səudiyyə Ərəbistanı şirkətləri indiyədək Azərbaycan iqtisadiyyatına 400 milyon dollar investisiya yatırıb. “Acwa Power” şirkətinin yatırımı da nəzərə alınsa, məbləğ ən yaxşı halda 700 milyon dollara çatar. İndiyədək Səudiyyə İnkişaf Fondu ilə məktəb tikintisi, kanal və yol tikintisi sahələrində maliyyə əməkdaşlığı həyata keçirilib, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri üzrə işlər davam etdirilir.

Səudiyyədən reallaşan son səfər çərçivəsində aparılan müzakirələr, verilən açıqlamalar bu ölkənin geniş investisiya imkanlarından azad olunan ərazilərdəki quruculuq prosesində bəhrələnmək üçün perspektivlər yaradır.

Qeyd edək ki, bu ilin martında “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə Azərbaycanın Energetika Nazirliyi arasında dörd anlaşma memorandumu imzalanıb. Bu memorandumlardan biri “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahəsində əməkdaşlığa dair” olub. Memorandum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji mənbələrinin tətbiqi sahəsində potensial əməkdaşlıq imkanlarını müəyyən edir. Sənədə əsasən, “Masdar” şirkəti sənaye həcmli külək və günəş elektrik stansiyaları, damüstü günəş elektrik sistemləri və s. kimi istiqamətlərdə investisiya imkanlarını nazirliklə koordinasiyalı şəkildə araşdırmaq niyyətindədir.

Xatırladaq ki, investisiya dəyəri 225 milyon ABŞ dollarından çox olan 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsi üzrə əməkdaşlıq edilən “Masdar” şirkəti BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Mərakeş, Böyük Britaniya, ABŞ, Avstraliya, Serbiya, Hindistan, İndoneziya, Özbəkistan və bir çox başqa ölkələr də daxil olmaqla 40-dan çox ölkədə fəaliyyət göstərir.

Azərbaycan azad olunan ərazilərin bərpası prosesinə xarici sərmayənin cəlb olunması üçün bütün mümkün imkanlardan istifadə etməyə çalışmalıdır. Əks halda, on milyardlarla dollarlıq qayıdış prosesinin başa çatdırılması on illərlə yubana bilər... Atılan ilk addımlar strateji yanaşmanın düzgün müəyyənləşdirildiyindən xəbər verir...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR