İnsanlara hürriyət, millətlərə istiqlal!

Boşluğa əl uzadan prezidentin “genosid”i və ABŞ-ın gecəgörmə cihazı

1021 25.04.2022 14:35 Gündəm A A

ABŞ prezidenti Co Bayden “genosid” deməklə ermənilərin könlünü bu dəfə də şad elədi. Gözlənilən idi, hətta 24 aprel şoularından əvvəlki günlərdə ABŞ-dan Ermənistana qondarma “soyqırım”la bağlı kurslarda iştirak etmək üçün heyətin gəlməsinin qızışdırıcılığa xidmət etdiyini yazmışdıq.

Ağ Evin antitürk siyasətini nəzərə alıb, bu məsələyə də boş vermək olardı. Amma Bayden erməni faşizminin lampasına nə zaman nöyüt tökdü: Türkiyə və Azərbaycan ötən onilliklərdə törətdiyi bəşəri cinayətlərə baxmayaraq, Ermənistana əl uzatdığı, əlaqələrin bərpası istiqamətində addımların atıldığı bir dönəmdə. B bölgədə sülhün bərqarar olunmasını istəyən ölkə məntiqlə qızışdırıcı mövqedən çıxış etməməliydi. Bu mənada Con Bolton mənə daha ədalətli siyasət adamı təsiri bağışladı, nəinki demokrat Bayden. Tramp dönəmində - 2018-ci ildə - ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postunda olan “Amerikalı qırğı” Ermənistana qonşularla münasibətlərin bərpası naminə tarixi şablonlardan imtinaya çağırmışdı.

Diqqət edin, 44 günlük müharibədən sonra Paşinyan erməni revanşistlərin başına ağıl qoymağa çalışır, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması üçün hətta riskli açıqlamalar verir, Ankara və İrəvan arasında danışıqlar aparılır, Ermənistan və Azərbaycan XİN rəhbərləri iki dəfə heç bir vasitəçi olmadan birbaşa telefonla danışıblar, yandırılmış körpülərin bərpası istiqamətində cəhdlər göstərilir, di gəl qoca Bayden deyir yox e, nə tələsirsiniz, “genosid” söhbətlərini bu tezliklə qapatmaq, türkə qarşı düşmənçiliyə son qoymaq olmaz! Budur, elə okeanın o tayından növbəti dəfə - 2021-ci ildə də eyni hal yaşanmışdı - tətikləyici mövqe gələndən sonra ermənilərin “çiçəyi çırtlayıb”, yenə də “xam xəyallar” reallıq hissini ört-basdır etməkdədir. İrəvanda və digər ərazilərdə keçirilən aksiyada Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasının günahkarı həm də okeanın o tayındakı ahıl kişidir. Bizim mentalitet böyük-kiçiyə hörməti tələb edir, bu mənada nə trapda yıxılanda, nə də boşluğa əl uzadıb, salam verəndə cənab Co-ya gülmədik. Amma onun olmayan hadisəyə “genosid” adı qoyub, erməni faşizminə matəm saxlaması acı gülüş və ikrah doğurur. Bəs, hanı ədalət? Axı, elə ABŞ arxivləri 1915-ci ildə “erməni soyqırımı”nın olmadığını inkar edən faktlarla doludur, Bayden bundan da xəbərsizdir?

Başa düşürük, Türkiyəyə qarşı nifrət var, illərdir ən müxtəlif təzyiq metodlarına əl atılır, Ankaraya halal pulu ilə də qırıcıları satmaqdan imtina edən bir dövlətdən söhbət gedir. Özü də NATO-dakı müttəfiqinə.

Biz də az çəkməmişik. 1992-ci ildə Bayden senator olan zaman ABŞ Konqresi tərəfindən cəmi 1 ildir müstəqilliyini qazanmış Azərbaycana qarşı “Azadlığa Dəstək” Aktına 907-ci əlavə qəbul edildi, ərazilərinin müdafiəsinə qalxan ölkəyə birbaşa dövlət yardımını yasaqlayan qərar verildi. Bu qərarın qəbulunda da Co Bayden “misilsiz” rol oynayıb. Bu gün Ağ Ev administrasiyasında iki erməni mənşəli şəxsin çalışması da gerçək münasibəti göstərir. İqlim Araşdırmaları Agentliyinin rəhbərinin xüsusi köməkçisi Ceff Marutyan və Ağ evin Regional kommunikasiya bölməsinin başçısı Hayk Hacinazaryandan söhbət gedir.

Baydenin Konqresi Azərbaycana qarşı sanksiya qərarını Xocalı soyqırımı törədiləndən sonra (!) qəbul etdi. Təsəvvür edirsinizmi? O zaman hətta ABŞ mediası ermənilərin Xocalıda azərbaycanlıları necə qəddarcasına qətlə yetirilməsindən yazırdı. Normalda Azərbaycana dəstək verilməliydi, özü də demokrat, Qərbyönümlü Elçibəy hakimiyyətinə. Amma ABŞ Xocalıda qətlə yetirilən körpələri, qadınları, qocaları görməzdən gəldi, faktiki olaraq torpaqlarımızın ilhaqına dəstək olan sanksiyanı qəbul etdi. Və həmin sanksiya qərarı bu günədək ləğv edilməyib, sadəcə “dondurulub”! Bu il Xocalı soyqırımının 30 illiyi qeyd olundu. Bayden daxil, dünya liderlərindən bir kəlmə obyektiv münasibət eşitmədik. Amma 107 il öncə Osmanlının kürəyinə xəncər saplayan ermənilərin haqqında yaradılan mifi gerçək kimi təqdim edir o boyda ciddi dövlət, onun rəhbəri!

Ukraynada yaşanan fəlakətlər bizləri də çox üzür, tezliklə bu savaşın bitməsini, Rusiyanın durdurulmasını istəyirik. Qərbin dəstəyini görürük və bir anlıq Azərbaycana münasibəti də xatırlayırıq. Axı, biz də 30 ilə yaxın müharibə apardıq, hətta “ov tüfəngləri” ilə başladıq bu mübarizəyə. Hətta 2016-cı ildə işğalçı Ermənistan ordusuna Qarabağda tətbiq etmək üçün “gecəgörmə cihazları” hədiyyə edən ABŞ-dan bircə patron belə görmədik. Məhz həmin gecəgörmə cihazlarının qurulması nəticəsində 2017-ci il, fevralın 24-dən 25-ə keçən gecə erməni işğalçılar Azərbaycan hərbçilərini şəhid etdilər. Şəhid olan qəhrəman oğullarımız bunlar idi: Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu...

Yeri gəlmişkən, bu gün, 25 aprel Şahlar Nəzərovun doğum günüdür. Qəhrəman zabitimiz şəhid olandan bir neçə ay sonra onun əkiz oğulları dünyaya gəldi. Atasız böyüyür o gül balalar. Günahkar təkcə erməni faşizmi deyil, həm də “ilana zəhər verən kərtənkələlər”dir.

Əslində dünya güclərinin siyasətində “görmə problemi” var, həm gecə, həm gündüz. Eləcə də boşluğa salam verən cənab Baydenin...

Elşad Paşasoy,

Musavat.com

237160_3mukv90bk9.jpg (28 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR