İnsanlara hürriyət, millətlərə istiqlal!

Boşandığı arvadını öldürdü, məhkəmə 17 il azadlıqdan məhrum etdi

472 15.05.2023 15:56 Kriminal A A

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Tovuz rayon sakini, 36 yaşlı Xaliq Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com-un məlumatına görə, qətl hadisəsi ötən il noyabrın 15-də Tovuzun Aşağı Öysüzlü kəndində baş verib.

Keçmiş arvadı Ramilə Rüstəmovanın başqası ilə sevgi münasibətlərinin olmasından şübhələnən Xaliq Rüstəmov onu öldürmək qərarına gəlib. O, azyaşlı qızının gözləri önündə Ramilənin boyun-boğaz nahiyəsinə, sinəsinə çoxsaylı bıçaq zərbələri endirərək xüsusi amansızlıqla qətlə yetirib.

Törətdiyi cinayət əməlinə görə, Xaliq Rüstəmova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən Xaliq Rüstəmov ifadəsində göstərib ki, həmkəndlisi Ramilə ilə 2006-cı ildə ailə həyatı qurublar, birgə nikahdan 2 övladları var. 2022-ci ildə işləmək üçün Rusiyaya gedib, bir müddət sonra anası ona zəng vurub arvadının ondan boşandığını, uşaqları da özü ilə atası evinə apardığını deyib. O, dəfələrlə Ramiləyə barışmaq təklif etsə də, sonuncu barışmaq istəməyib.

Xaliq Rüstəmov məhkəmədə deyib ki, Ramilə uşaqlarla birlikdə nənəsi evində tək yaşayıb: “Boşandıqdan sonra bazarda satıcı işləyirdi. Ramilənin nəyə görə evlərinə getməsi ilə maraqlananda anam dedi ki, arvadın başqaları ilə danışırdı. Bu haqda Ramilənin özündən soruşanda “yaxşı eləyirəm” dedi. Bundan sonra Ramiləni izləməyə başladım, iş yerinə getdim, iş yerindəki satıcı oğlanla deyib-güldüyünü gördüm, onların yaxın münasibətdə olmalarından şübhələndim. Gecələr Ramiləgilin evinə yanına gedib onu izləyirdim”.

Keçmiş arvadından şübhələnsə də, onunla barışmaq niyyətində olan Xaliq Rüstəmov növbəti dəfə qadını güdmək məqsədilə onun yaşadığı evə gedib. Həmin gün Ramilənin evində yad kişi olduğunu, onu görüncə həmin şəxsin həyətdən qaçıb getdiyini iddia edib. Başqası ilə münasibət qurmasını keçmiş arvadına bağışlaya bilmədiyinə görə onun boğazını kəsdiyini bildirib.

Məhkəmədə Xaliq Rüstəmov övladlarını valideynsiz qoyduğu üçün törətdiyi əməldən peşman olduğunu deyib.

Zərərçəkmiş qismində dindirilən Ramilənin anası Raxima Bakina ifadəsində mərhum qızının nişanlı vaxtlarından etibarən Xaliqlə yola getmədiklərini, tez-tez mübahisə etdiklərini deyib:

”Xaliqin valideynləri Novruz bayramı ərəfəsində Ramiləni evdən qovdular. Uşaqlarını da götürüb bizə gəldi. Sonra da boşanmaq üçün məhkəməyə müraciət etdi. 3 ay olardı rayon mərkəzində mağazada işə düzəlmişdi. Xaliq Rusiyadan gələndən sonra Ramilənin yaşadığı evə gedib, ata-anası ilə yola getmədiyinə və boşandığına görə onu öldürəcəyi ilə hədələyirdi. Elə Ramiləni də onunla barışmadığına görə öldürüb”.

Məhkəmənin hökmü ilə Xaliq Rüstəmov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum edilib.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR