İnsanlara hürriyət, millətlərə istiqlal!

“Borrellin qərəzli münasibəti erməni seqmentində revanşist əhval-ruhiyyə formalaşdırır” - RƏY

679 22.09.2023 14:01 Siyasət A A

“Hazırda Avropa İttifaqı (Aİ) ilə olan münasibətlər heç də strateji tərəfdaşlıq münasibətlərini əks etdirmir. Brüsselin qərəzli mövqeyi hiss olunmaqdadır”.

Bunu Musavat.com-a politoloq İlyas Hüseynov deyib.

ilyas 1.jpg (33 KB)

O bildirib ki, bu münasibəti iki aspektdən dəyərləndirmək olar:

“Azərbaycan ilə Aİ arasında yüksək strateji münasibətlər Rusiya-Ukrayna müharibəsi fonunda qaza olan ehtiyacla daha da möhkəmləndi. Avropa Komissiyanın sədri Ursula fon der Leyenin Azərbaycana səfəri zamanı qaz həcminin iki dəfə artırılmasına dair razılaşma əldə olundu. Biz bunu tarixi sənəd kimi qiymətləndiririk. Azərbaycan Avropaya ixrac etdiyi qazın həcmini 2 dəfə artıracaq, 2027-ci ildə bu, maksimal rəqəm olacaq. Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır. Lakin biz qərəzli münasibət görürük. Bu münasibət Aİ-nin siyasi funksionerləri timsalında hiss olunmaqdadır. Bəzən təzadlar da görünür. Şarl Mişel obyektiv yanaşma nümayiş etdirir. Bu da ona Azərbaycan və Ermənistan arasında moderator kimi çıxış etməyə imkan verir. Jozep Borrell ilk dəfə deyil ki, bizə qarşı qərəzli münasibət göstərir. Bu yanaşma erməni seqmentində müəyyən revanşist əhval-ruhiyyə formalaşdırır. Bu, aradan qaldırılmalıdır. Digər tərəfdən, Azərbaycan tərəfdaş ölkələrdən dəstək görmək istəyir. Macarıstan Azərbaycanın sadiq, etibarlı dostu kimi Aİ-nin bəyanat yaymaq təşəbbüsünə qarşı çıxdı. Bu addım Macarıstan üçün Bakı ilə olan münasibətlərdə böyük təkan verəcək. Azərbaycan adekvat münasibət göstərməlidir”.

Politoloq hesab edir ki, digər dövlətlər beynəlxalq hüquqa söykənən mövqe nümayiş etdirməlidirlər: “Fransanın dominant mövqedə olması anlaşılandır, Fransa bəzi ölkələrə təsir etmək imkanlarına malikdir. Lakin Aİ təkcə Fransadan ibarət deyil. Birdəfəlik əsassız iclaslar, bəyanatlara son qoyulmalıdır. BMT-də müzakirələrə ehtiyac yox idi, çünki antiterror tədbirləri bitmişdi. Qətnamənin qəbul edilməməsi Azərbaycanın haqlı mövqeyinin, ərazi bütövlüyünün dəstəklənməsi deməkdir”.

Qeyd edək ki, BMT-nin son iclasında Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Azərbaycanın ünvanına bir sıra ittihamlarla çıxış edib. O, Azərbaycanın öz ərazisində separatçı xunta rejiminə qarşı həyata keçirdiyi antiterror tədbirini şərh edərkən bildirib ki, Bakı Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinə görə məsuliyyət daşıyır və əgər ermənilərin hərbi yollarla zorakı yerdəyişməsini həyata keçirərsə, Aİ-nin ciddi reaksiyası ilə qarşılaşacaq. J.Borrell eyni zamanda, bu gün gecə saatlarında BMT TŞ-də Fransanın təşəbbüsü ilə keçirilən müzakirələrdə də Azərbaycanın ünvanına arzuolunmaz ifadələr səsləndirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR