İnsanlara hürriyət, millətlərə istiqlal!

Borreli Azərbaycan əleyhinə kimlər danışdırır?

1668 16.02.2024 13:07 Ölkə A A

Politoloq: “Nə zaman Aİ ilə Azərbaycan arasında münasibətlər müsbət məcraya yön alır, Borrel ermənipərəst bəyanatlar səsləndirir”

Son aylar Avropa Birliyinin Azərbaycanla bağlı qismən obyektiv mövqedən sapınıb Ermənistana tərəf sürüşməsinin səbəbləri bəllidir. Qərb Ermənistana himayəsini göstərmək üçün İrəvanı sığallayır.  

Avropa Birliyi Şarl Mişelin vasitəsilə simasını qorumağa çalışmışdı, amma maskaları gözlənildiyindən daha tez cırıldı, ermənipərəst niyyətləri göründü.

Borrel Avropa İttifaqındakı qoca “qırğı”lardan biridir. Nə təsadüf ki, Borrel İspaniyada separatçı bölgədə-Kataloniyada doğulub. Yenə də nə təsadüf ki, Borrel ermənilərin saxta soyqırımı günündə-24 apreldə bu işıqlı dünyaya gəlib. Üç il də anti-Azərbaycan mövqeyi ilə seçilən Avropa Parlamentinə sədrlik edib, 2019-cu ildən isə  Avropa İttifaqının “xarici işlər naziridir”, rəsmi olaraq isə vəzifəsi Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsidir. 

Borrel ötən ilin dekabrında Avropa İnsan Haqları Forumundakı çıxışı zamanı “Dağlıq Qarabağda” “etnik təmizləmə və yerli əhalinin məcburi deportasiyası məsələsindən” danışmışdı. Ermənistan tərəfi ərazidən getmiş ermənilərin sayının 100 min nəfər qeyd edildiyi halda, Borrel 150 min nəfərdən bəhs etməkdən utanmamışdı. Fevralın 13-də isə Borrel Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı Azərbaycan əleyhinə yenə əsassız iddialar və ittihamlar səsləndirib. Borrel hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırmağa çalışıb.  

“Avropa İttifaqının ali nümayəndəsinin silahlı qüvvələrin geri çəkilməsi barədə heç bir praktiki əhəmiyyətə malik olmayan təklifi təəssüf doğurur. Aİ tərəfi nəzərə almalıdır ki, Ermənistan tərəfindən sərhədyanı bölgələrdə "Avropa İttifaqı Missiyası himayəsi" altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir". Bu isə Azərbaycan XİN-in bəyanatından bir sitatdır.   

“Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü olaraq tərk etmiş erməni əsilli sakinlərin məcburi köçkün kimi qələmə verilməsi və Azərbaycanın ərazisi olan bu bölgəyə münasibətdə "Dağlıq-Qarabağ" kimi mövcud olmayan adlardan istifadə edilməsi qəbuledilməzdir. Bir daha təəssüflə qeyd edirik ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sülhə yönəlmiş təşəbbüslərinə baxmayaraq, xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə birtərəfli ermənipərəst mövqe tutaraq Azərbaycanla Avropa İttifaqı təsisatları arasında uçurum yaradır və özünü nəticə etibarilə, Azərbaycan-Ermənistan normallaşma prosesindən tamamilə təcrid edir", - məlumatda qeyd edilib. 

Borreli Azərbaycan əleyhinə kim(lər) danışdırır? Onun bu davranışı Avropa İttifaqı platformasında Azərbaycan-Ermənistan sülh danışıqlarını əngəlləyirmi?

Çingiz Qənizadə: "Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi  və mədəni əlaqələr bağlayır"

 Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik etməsi müsbət hal kimi dəyərləndirildi və bundan sonra sülh danışıqlarının Avropa İttifaqı platformasında həyata keçiriləcəyi ehtimalı yüksəldi. Belə ümidlər yarandı ki, yəqin Avropa İttifaqı Azərbaycana münasibəti müsbətə dəyişəcək. Lakin cəmi bir neçə gün sonra Cozef Borrel münasibətləri soyuqlaşdıracaq və sülh danışıqlarının Avropa İttifaqı platformasında aparılmasına zərbə vuran anti-Azərbaycan mövqeyini yenidən nümayiş etdirdi: “Sanki Borrel bununla Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin normallaşmasının qarşısını almaq, Avropa İttifaqı platformasında sülh danışıqlarını əngəlləmək üçün bu addımı atmış oldu. Belə görünür ki, Borrelə bunun üçün sifariş verilib və o, ya ermənilərin, ya da güclü ermənipərəst hansısa qüvvənin iradəsi ilə hərəkət edir. Biz bundan öncələrdə də Borrelin haqsız, anti-Azərbaycan mövqeyinin şahidi olmuşuq. Faktiki olaraq erməni separatizminə haqq qazandırmağa cəhd etməsi, sülh sazişi imzalamaqdan yayınan Ermənistanı müdafiə etməsi onun Avropadakı güclü erməni lobbisi tərəfindən və anti-Azərbaycan mövqeyində olan daha yüksək siyasi dairələr tərəfindən idarə edildiyi fikrini yaradır. Onun sifarişlə danışdığı şübhəsizdir və diplomata yaraşmayan iddialar irəli sürməklə məşğuldur. Biz Avropa İttifaqında da korrupsiyalaşmış müəyyən dairələrin olduğunu bilirik. Bunu tək biz yox, dünya bilir. Belə anlaşılır ki, Cozef Borrel korrupsiyalaşmış qrupun parlaq nümayəndələrindəndir. Onun qərəzli anti-Azərbaycan fikirlərinin arxasında hansısa dairələrdən aldığı maliyyə dayanır”.

Ç.Qənizadə vuruladı ki, ancaq Borrel nə qədər Azərbaycana qarşı böhtanlar, beynəlxalq hüquqa zidd iddialar irəli sürsə də bütün bunlar Azərbaycanın haqlı mövqeyinə təsir etməyəcək. 

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - Turkic World

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov  bildirdi ki,  Borrel sülh prosesini pozmaq üçün çalışır: “Həqiqət naminə qeyd edək ki, Mişelin obyektiv yanaşması, rasional davranışı xüsusi diqqət çəkir. Lakin Şarl Mişeldən fərqli olaraq Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozef Borrel qərəzli, pozucu münasibətilə diqqət çəkir. Azərbaycan tədqiqatçıları ciddi araşdırmalar aparmalıdırlar ki, bu yanaşmanın səbəbi haradan qaynaqlanır. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji münasibətlər var. Avropa Komissiyasının rəhbəri Ursula Fonder Leyn Azərbaycana səfəri çərçivəsində enerji tədarükünün həcminin iki dəfə artırılmasına dair saziş imzalandı. Avropa İttifaqı Cənubi Qafqazda Azərbaycanın yerini və rolunu ciddi qiymətləndirir. Azərbaycanın Şərqlə Qərb arasında nəqliyyat bağlantılarında önəmli həlqəni təşkil etdiyini bilirlər. Avropa İttifaqı Azərbaycan olmadan şərqə genişlənə bilməz. Mərkəzi Asiyanın açarı da Azərbaycandadır. Bütün bu geostrateji üstünlükləri ona görə sadalayırıq ki, Avropa İttifaqının bir sıra rəsmilərinin ümumi Brüsselin maraqlarından kənar yanaşmaları müşahidə olunmaqdadır. Borrel də məhz Avropa İttifaqının ümumi maraqlarından kənara çıxan bəyanatlar verməkdədir”.

İ.Hüseynov hesab edir ki, bu bəyanatlar sanki hansısa Aİ-yə qarşı olan qüvvələrin sifarişi ilə, onların istəklərinə uyğun səsləndirilir: “Nə zaman Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər müsbət məcraya yön alır, Borrel ortaya çıxır və qərəzli anti-Azərbaycan və erminpərəst bəyanatlar səsləndirir. Bu, qətiyyən təsadüfi deyil. Avropa İttifaqı Azərbaycanın necə gərəkli ölkə olduğunu yenidən qiymətləndirməli və Cozef Borrel kimi pozuculuq edən rəsmilərini zərərli yoldan döndərməlidir. Təəssüflər olsun ki, Borrel nə qədər təcrübəli siyasətçi olsa da Avropa İttifaqının, ümumi Qərbin maraqlarından kənar mövqe sərgiləyir. Bununla da Avropa İttifaqı platformasında sülh danışıqlarını əngəlləyir, Azərbaycanın Brüsselə olan etimadını azaldır. Bizim artıq  Borrel kimisinin mövqe qoyduğu bir instituta etimadımız azalır və orada aparılan danışıqlar mənasızlaşır, öz əhəmiyyətini itirir”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR