İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bolt” və “Wolt” kuryerlərinin etirazı: “Ya maaşı artırın, ya da...”

1423 29.04.2022 10:10 Gündəm A A

Kuryerlər deyir ki, əvvəl restorandan müştəriyə olan məsafənin 1 km-i 1.90 manatdan hesablanırdı, aprelin 1-dən bu məbləğ 1.60 manat olub

“Bolt” və “Wolt” yeməkçatdırma xidmətlərinin kuryerləri aprelin 26-da iş şəraitinin pis olmasına etiraz edərək Bakı küçələrində motoyürüş keçiriblər. Aprelin 27-də isə “Bolt” xidmətinin kuryerləri tətilə başlayıblar.

Qeyd edək ki, “Bolt”, taksi, yeməkçatdırma, karşerinq və mikromobillik təklif edən Estoniya şirkətidir. Şirkət Avropa, Afrika, Qərbi Asiya və Latın Amerikasında 45 ölkədə yerləşən 300-dən çox şəhərdə, o cümlədən Azərbaycanın Bakı, Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərir. Şirkətin dünyada 75 milyondan çox müştərisi var və 1.5 milyon sürücü “Bolt”un xidmətindədir.

Xatırladaq ki, “Bolt” və “Wolt” xidmətinin əməkdaşları bir neçə ay öncə Türkiyədə də etiraz aksiyasi keçirmişdilər. Onlar da gəlirlərinin azlığından şikayət edirdilər.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, şirkətin kuryerləri qərar verərək, aprelin 28-də səhərdən   “Bolt” proqramını deaktiv edəcəklərini və fəaliyyət göstərməyəcəklərini bildiriblər. “Tətilin müddəti əməkhaqqının artırılmasından asılı olacaq”, - aksiya iştirakçılarından biri deyib.

Ötən həftə ərzində “Wolt” şirkətinin kuryerləri də analoji tələblərlə etiraz aksiyası keçiriblər. “Wolt” şirkətinin kuryerləri də “ölüm arabasında” işə görə xidmət haqlarının artırılmasını istəyirlər.

Kuryerlər deyir ki, əvvəl restorandan müştəriyə olan məsafənin 1 km 1.90 manatdan hesablanırdı, aprelin 1-dən bu məbləğ 1.60 manat olub. Kuryerlər bildirir ki, gəlirlərinin azalmasının səbəblərindən biri də işə yetkinlik yaşına çatmayan şəxslərin götürülməsidir. İddiaya görə, onların adına VÖEN açılmır və gəlirlərinin 20 faizini şirkət götürür.

Məlumat üçün deyək ki,  “Wolt” 2014-cü ildə Sluş Miki Kuusinin tərəfindən qurulub və mənzil qərargahı Helsinki şəhərində yerləşir. “Bloomberg”ə istinadən bildirilir ki, 2018-ci ilin yanvar ayında “Wolt” 30 milyon dollar maliyyə vəsaiti toplayıb. Bu 2019-cu ildə 70 milyon dollara yaxın olub.

2019-cu ilin sentyabr ayına qədər “Wolt” 18 ölkədə və Bakı da daxil 60-dan çox şəhərdə fəaliyyət göstərir. “Wolt” 6000-dən çox restoran tərəfdaşı, 12 000 kuryer ortağı və 3 milyon qeydiyyatdan keçmiş istifadəçiyə sahibdir. Şirkət 2019-cu ildə 160 milyon dollar investisiya aldığını elan edib. İnvestorların arasında “ICONIQ Capital”, “83North”, “Highland Europe”, “EQT Ventures” və “Lifeline Ventures” kimi dünyaca məşhur maliyyə şirkətləri var.

Bəs “Wolt” şirkəti bu məsələlərlə bağlı hansı tədbirləri görüb? Xidmət haqqı artırılacaqmı? Eyni zamanda həqiqətənmi yetkinlik yaşına çatmayan şəxslər kuryer kimi işə götürülür?

“Wolt” şirkətinin marketinq meneceri Tofiq Süleymanov bildirib ki, 21 apreldə kuryerlərin bir qrupu ilə görüş keçirib rəylərini dinləyiblər. Bu məlumatlar əsasında xidmət haqqında artım  edib-etməməklə bağlı düşünəcəklər. Şirkətin sözçüsü bildirib ki, onlar yetkinlik yaşına çatmayan şəxslərlə işləmirlər. O əlavə edib ki, şirkət vergi qanunlarına uyğun fəaliyyət göstərir.

İşçilər ümid edir ki, Ramazan bayramından sonra xidmət haqları qaldırılacaq.

Nərminə AYDIN,

Anar ƏHMƏD

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR