İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgənin taleyini dəyişən möhtəşəm tarix: Anım Günü - Şərəf günü!

1029 27.09.2022 09:40 Gündəm A A

27 sentyabr Vətən müharibəsinin başlandığı gündür; “Biz təkcə işğalçı ordunu darmadağın etmədik, həm də bizi yüzillər boyu ayaqda saxlayacaq, irəliyə doğru aparacaq və güc baxımından atom enerjisi ilə müqayisə ediləcək kinetik enerji qazandıq”

Sentyabrın 27-si Azərbaycan xalqının Vətən savaşına başlamasının 2-ci ildönümüdür. Canlarını Qarabağ və ərazi bütövlüyümüz uğrunda qurban vermiş şəhidlərimizin, eləcə də 2-ci Qarabağ müharibəsində düşmən bombardmanları nəticəsində həlak olmuş günahsız insanlarımızın anım günüdür. Tək təsəllimiz odur ki, onların da, şəhidlərimizin də qanı yerdə qalmadı.

Düşmən artıqlaması ilə cavabını aldı. Sentyabrın 27-dən başlayan və Böyük Zəfərə aparan, həqiqi mənada bölgənin taleyini dəyişən möhtəşəm 44 gün tarixə “qızıl hərflər”lə yazıldı. Yenə məhz şəhidlərimiz, qazilərimiz, veteranlarımız hesabına və təbii ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ermənilərin mifik “məğlubedilməz ordusu” qısa zamanda darmadağın edildi, cəmi ay yarım ərzində düşmən kapitulyasiya sənədini imzalamalı oldu.

27 sentyabr Anım Günündə saat 12:00-da ölkə ərazisində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılacaq. Şəhidlərimizin məzarları ziyarət olunacaq.

Ağlasığmaz dərəcədə qısa bir müddətdə əldə edilən bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və müzəffər Azərbaycan Ordusunun şücaəti ilə qazanıldı. Bu qələbə həm də Azərbaycan xalqının 30 il əvvəl əzilmiş qürurunu, əzmini geri qaytarmış oldu.

2 illik zaman kəsiyindən sonra həmin gün necə görünür? 3-cü ildönümünədək bayrağımızı Xankəndinə sanca biləcəyikmi?

Tərtər işi”: “Müdafiə Nazirliyinin 6 idarəsinin generalı hadisə yerində  olub” – Polkovnik – Yenicag.Az

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov bildirdi ki, hərbi eskalasiya 2020-ci ilin iyulunda Tovuza Ermənistanın hərbi hücumu ilə başlamışdı. Həmin döyüşlər nəticəsində Azərbaycan Ordusunun generalı və bir qrup yüksək rütbəli zabitlərimiz şəhid oldu: "Bu hadisə 30 ilə yaxın idi dolmaqda olan bardağın daşması üçün son damlalar rolunu oynadı-Azərbaycan xalqı küçələrə, meydanlara axışaraq “Yetər artıq, Ermənistanı birdəfəlik yerində oturtmalıyıq!” şüarını bütün dünyaya hayqırdı. Artıq o zaman göründü ki, Azərbaycan xalqı Vətən uğrunda savaşa tam hazırdır. Eləcə də dövlətimizin, ordumuzun hazır olduğu bəlli idi. Ermənistanın təxribatları davam edirdi. 27 sentyabrda isə Ermənistan işğal olunmuş ərazilərimiz istiqamətindən genişmiqyaslı təxribatlara başladı. Azərbaycan dövləti, Ali Baş Komandan ordumuza döyüş əmri verdi. 30 ilə yaxın gözlədiyimiz Vətən savaşı başladı. Azərbaycan Ordusu, dövləti, xalqı, Ali Baş Komandanın tarix yazdığı günlər start götürdü. Bu tandem elə bir nəhəng tarix yazdı ki, dünya heyrətə gəlmişdi. Azərbaycan Ordusu 21-ci əsrin ən müasir müharibəsini icra etdi. Həmin döyüşlər dünya hərb tarixinə qızıl hərflərlə düşdü. Dünya PUA-larla, dronlarla aparılan müasir müharibəyə 44 gün ərzində şahidlik etdi. Bu savaş torpaqlarımızın azad edilməsinə gətirib çıxarmalı idi, elə də oldu. 44 günlük müharibədə Azərbaycan Ordusunun dünyanın güclü ordularından biri olduğunu dünya qəbul etdi. O zamandan bəri dünyanın bir çox dövlətlərində hərbi məktəblərdə, təlimlərdə Azərbaycan Ordusunun 44 günlük müharibədə nümayiş etdirdiyi taktika nümunə kimi göstərilir, onlardan istifadə edilir. Bu müharibə, bu qələbə Azərbaycan dövlətinin, xalqının dünyadakı yerini önəmli dərəcədə dəyişdi. Həmçinin xalqımızda, ordumuzda özünəinamı daha da artırdı. Müharibənin başlanmasından iki il keçir. Bu müddətdə ordumuz daha da güclənib, arsenalında müasir silahların sayı çoxalıb, xüsusi təyinatlı komanda briqadalarının sıraları genişlənib. Bütün bu amilləri və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli komandan kimi mövqeyini nəzərə aldıqda əminik ki, dövlət bayrağımız Xankəndidə də ucaldılacaq. Allah Vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların 44 gündə Ermənistan ordusuna, dövlətinə vurduğu zərbənin təsirindən Ermənistan bu gün də çıxa bilmir”. 

Rey Kərimoğlu: “Mehriban xanımın şəhid ailələrinə, döyüşçülərə münasibəti  çox fərqlidir”

Qarabağ qazisi Rey Kərimoğlu isə bildirdi ki, bu gün Azərbaycan xalqı torpaqlarının işğaldan azad olunmasının sevincini, qürurunu yaşayır: "27 sentyabr Azərbaycan Ordusunun dünyanı heyrətə gətirdiyi günün başlanğıcı idi. Həmin günlərdə qəhrəman Azərbaycan Ordusunun əsgərləri, zabitləri hər bir qarış vətən torpağını azad etmək uğrunda canını, qanını qurban veməyi özünə şərəf bilirdi. Şəhidlərimiz, qazilərimiz, ordumuz Azərbaycan xalqının şərəfini ucaltdı, dövlətimizə dünyada böyük hörmət gətirdi. Azərbaycan xalqının necə böyük xalq olduğu o günlərdə bir daha dünyaya sübut edildi. Torpaqlarımız azad edildi. Müharibə bitər-bitməz Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə sürətli quruculuq işləri, infrastrukturların qurulması işinə başladı.  Ərazilər minalardan təmizləndikcə və infrastrukturlar qurulduqca torpaqların əsl sakinləri o bölgələrə səfər edir, otuz illik həsrətlərinə son qoyurlar. Necə ki, 44 günlük müharibədə inandıq və qalib gəldik, indi də Azərbaycanın üçrəngli bayrağının Xankəndidə ucaldılacağına da inanırıq. Şuşa kimi nəhəng qala-şəhəri almağa qadir olan Azərbaycan Ordusu çox qısa müddətdə hələ də erməni separatçılarının qaldığı Xankəndi, Ağdərə, Xocalı və digər ərazilərimizi də azad etməyə hazırdır. Azərbaycanın dövlət bayrağı mütləq Xankəndidə ucaldılacaq. Azərbaycan xalqının həm siyasi iradəsi, həm də ordumuzun gücü istənilən qüvvənin qarşısında bu istəklərimizi yerinə yetirməyə imkan verir”.

Elçin Mirzəbəyli: Radikal müxalifət Azərbaycan dövlətçiliyinə qarşı  yönəlmiş bütün layihələrdə ön cərgədə dayanıb - AZƏRTAC

Elçin Mirzəbəyli 

Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bildirdi ki, 27 sentyabrdan başlayan Zəfər yolu hər qarışından, hər anından qürur duyacağımız şərəfli tariximizdir. Milli birliyin, həmrəyliyin zirvədə olduğunu, bir xalq olaraq bütövlüyümüzü, iradəmizi, cəsarətimizi və qürur duyulası müsbət keyfiyyətlərimizi ən incə detallarına kimi ortaya çıxaran bir zaman kəsiyidir: “Bu gün Vətənimizin bütövlüyü uğrunda canlarını qurban verən əziz şəhidlərimizin müqəddəs xatirələrini andığımız kimi, onların bizə miras qoyduqları dəyərlərin qorunmasının vacibliyini daha dərindən anlayırıq. 27 sentyabrdan başlayan yol, Ali Baş Komandanın nümayiş etdirdiyi qətiyyət və diplomatik məharət, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı ermənilərin və himayəçilərinin uydurduqları mifləri darmadağın etməklə yanaşı, Azərbaycan xalqının döyüş ruhunu özünə qaytardı və nəticədə biz təkcə işğalçı ordunu darmadağın etmədik, həm də bizi yüzillər boyu ayaqda saxlayacaq, irəliyə doğru aparacaq və güc baxımından atom enerjisi ilə müqayisə ediləcək kinetik enerji qazandıq. Zəfərdən keçən müddət ərzində isə həm coğrafi, həm də diplomatik müstəvidə kifayət qədər ciddi nəticələrə nail olmuşuq, amma arxayınlaşmaq da olmaz. Və düşünürəm ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasətin təməlində də ölkəmizin mövcud statusunun daha da güclənməsi perspektivi dayanır. Mən Azərbaycan bayrağının Xankəndidə dalğalanacağına zərrə qədər də şübhə etmirəm. Necə ki, torpaqlarımızın işğal altında olduğu zaman kəsiyində bütün pessimist proqnozlara, mövqeyimə görə bəziləri tərəfindən qınandığıma baxmayaraq, işğala son qoyacağımıza inanırdım. İndi də inanıram və əminəm. Bayrağımız babalarımızın ruhu dolaşan bütün torpaqlarımızda qürurla dalğalanacaq.

Sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın təxribatına cavab olaraq əks-hücuma keçəndə biz artıq qələbənin işartılarını hiss etməyə başladıq. Çox şükürlər olsun ki, qısamüddətli, ildırım sürətli, 44 gün qəhrəmanlıqlarla dolu olan zəfər mücadiləmiz qələbə ilə nəticələndi və Azərbaycan Ordusu işğal edilən torpaqlarımızın geri qaytarılmasını təmin etdi. Həmin 44 gün təkcə ordumuzun, əsgər və zabitlərimizin şücaəti ilə yadda qalmadı, həm də bizim millətimizin birliyi, kiçikdən tutmuş böyüyə qədər bütün insanların həmrəyliyi ilə, hər kəsin öz imkanları, bacarığı ilə qələbəyə töhfə verdiyini gördük. Bu, çox qürurverici idi. Yəni həm ordu, həm xalq, həm də ölkə rəhbərliyinin, həmçinin xaricdə olan soydaşlarımızın birliyi zəfərə gətirib çıxardı. Əlbəttə ki, qələbəmiz asan yolla başa gəlmədi. İlk növbədə Allah şəhidlərimizə rəhmət eləsin, nur içində uyusunlar. Şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlıqları hesabına, bütün insanlarımızın fədakarlığı hesabına bu zəfəri qazana bildik. Bu həm də illər boyu davamlı, uğurlu siyasi fədakarlığın nəticəsidir".

Akif Nağının partiyası qeydiyyata alındı – Novator.az

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tariximizin ən böyük uğurlarındandır. Azərbaycan xalqı, ordusu və dövləti birlikdə bu Böyük Zəfəri qazanıb. Çünki düşmən özü qarşımızda zəif olsa da, arxasında duran qüvvələr çox güclü idi: “Ötən əsrin sonlarına doğru Ermənistanın Azərbaycana torpaq iddiaları qaldıraraq işğal müharibəsinə başlamasını münaqişə adlandıran beynəlxalq güclər 1992-ci il 24 martda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏM-in (sonrakı ATƏT) Minsk Qrupunu yaratdılar. Bu qurum məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdı. Ümumiyyətlə, Qərb dünyasına bağlı beynəlxalq təşkilatların əksəriyyəti bu istiqamətdə Azərbaycana yad münasibət bəsləmiş, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymamışdılar. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxması barədə qəbul etdiyi 4 mühüm qətnamə 27 il kağız üzərində qalmışdı. Dünya dövlətlərinin ümid bəslədiyi BMT kimi ən böyük və güclü beynəlxalq təşkilat cılız Ermənistan qarşısında acizlik göstərmiş, öz qətnamələrinin yerinə yetirilməsini təmin etməmişdi. Bu, beynəlxalq aləmdə misli görünməmiş riyakarlıq nümunəsi idi. Ancaq Azərbaycan özü təkbaşına beynəlxalq birliyin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi bacardı. Xalqımızın Zəfəri dünya tarixinin nadir hadisələrindəndir. Azərbaycan sübut etdi ki, azadlıq uğrunda vuruşan xalq həmişə qalib gəlir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR