İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT TŞ bu gün “blokada” yalanına görə toplanır - kritik gözlənti

1009 16.08.2023 08:00 Siyasət A A

Sərhəd şousunun son akkordu; Ermənistan Azərbaycana qarşı axırıncı “patron”larını atır, siyasi təhlilçilər deyir ki...

Ermənistanın Azərbaycanı şantaj etməyə və beynəlxalq birliyin hədəfinə gətirməyə hesablanmış “Qarabağda humanitar böhran”, “soyqırımı” ağlaşması 21-ci günə keçdi. Qarabağda qaldırılan hay-küyə rəğmən, hələ bircə erməni də acından ölməyib. Üstəgəl, Ağdam Xankəndi yolu açıqdır.

“Yardımları Xankəndinə daha sürətli və səmərəli necə çatdırmaq olar? Əlbəttə, Ağdam-Xankəndi yolu ilə. 44 km-lik Bərdə-Ağdam və 65 km-lik Ağdam-Füzuli 4 zolaqlı avtomobil yollarının tikintisi sürətlə davam etdirilir. Hər iki magistralın sutkada 17 000 avtomobil keçirmə qabiliyyəti var”.

Bunu srağagün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında (keçmiş Tvitter) yazıb.

Məsələ də ondadır ki, ac adam üçün nə fərqi, ona qida məhsulları hansı yolla gətirilir, kim gətirir.

“Qarabağ sırf kənd təsərrüfatı rayonudur, burada acından ölmək üçün xüsusi istedad lazımdır. Orada tərəvəzçilik, meyvəçilik, heyvandarlıq inkişaf etdirilir - bu, Leninqrad deyil. Bəli, Xankəndi əhalisinin bəzi hərəkətləri məhduddur, ərzaq və dərman təchizatı üçün xarici mənbəyə malik deyil. Amma bu, Azərbaycanın günahı deyil. Ermənistan indi Qarabağ ermənilərinin "acından ölməsi" ilə bağlı spekulyasiyalar aparır, Xankəndidə sıxıntı yaşandığını iddia edir. Bakı isə cavab verir ki, blokada yoxdur, bütün yüklər Ağdam yolundan keçməlidir".

Zərdüşt Əlizadə:“Rusiya çürüyür, Qazaxıstandan da, Qarabağdan da....  çıxacaq”

Bunu politoloq Zərdüşt Əlizadə Minval.az-a söyləyib.

Politoloqa görə, hüquqi baxımdan Azərbaycanın mövqeyi qüsursuzdur: “Mənəvi baxımdan isə biz erməni lobbi və diaspor təşkilatlarına uduzuruq. Çünki ermənilər Qərbin sevimli övladıdır, onları həmişə müdafiə ediblər, bundan sonra da müdafiə edəcəklər. Amma Azərbaycanın da əlində güclü "kozır"lar var və onlardan istifadə etsə, tərəzinin gözünü öz xeyrinə dəyişə biləcək".

Bəs hansı “kozır”lardan söhbət gedir?

Z.Əlizadə: “Qarabağ ermənilərinin qondarma rəhbərliyi ilə danışıqlar aparmağın mənası yoxdur. Bu bütünlüklə cinayətkarlardan ibarətdir. Araik (Arutunyan), Samvel (Babayan) və digərləri öz maraqlarını qoruyan cinayətkarlardır. Azərbaycan bütün Qarabağ ermənilərini qane edə biləcək hüquq və imtiyazları açıq şəkildə təklif edə bilər. Qarabağ ermənilərinə heç bir rəsmi status vermədən, bələdiyyə özünüidarəsi çərçivəsində bütün dünya üçün cəlbedici olan özünüidarə qurumları yaradıla bilər. Bununla da bütün dünyaya göstərərdik ki, məqsədimiz "soyqırım" və “etnik təmizləmə” deyil, Qarabağda yaşayan ermənilərin normal yaşayışını təmin etməkdir. Vəssalam".

Bakının yəqin ki, bununla bağlı konkret təkliflər paketi var. Əfsus ki, Qarabağdakı separatçılar Paşinyan iqtidarı ilə birgə Azərbaycana qarşı “blokada” şousunu seçdilər. Ardınca da Ermənistan utanmazcasına BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciət etdi - 30 il qətnamələrini yerinə yetirmədiyi bir quruma. BMT TŞ bu gün “blokada” yalanına görə toplaşacaq.

 Beləcə, Ermənistan son “boş” patronlarını atır. Bakı isə səbirlə gözləməkdədir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın yaratdığı reallıq hər hansı müstəsnalıqların, istisnaların olmamasını tələb edir. Millət vəkili Azərbaycanda geniş islahatların aparıldığına diqqət çəkdi:

1690957348_373745.jpg (195 KB)

“İdarəetmə sisteminin daxilində də islahatlar aparılır. Yeni idarəetmə sistemi təcrübədən keçirilir. İşğaldan azad edilmiş ərazilərdə Prezidentin səlahiyyətli nümayəndələrinin əllərində böyük imkanlar cəmlənir. Digər rayonların icra strukturları ilə müqayisə etsək, fərqliliklər kifayət qədərdir. Hətta cənab Prezident də qeyd etmişdi ki, işğaldan azad edilmiş ərazilərdə istifadə olunan və təcrübədən keçirilən bu sistem gələcəkdə bütün Azərbaycanda tətbiq edilə bilər. Prezident bu barədə konkret fikirlərini söyləyib.

Biz ermənilərin munisipial, insan haqları və hüquqlarını tam şəkildə təmin etməyə hazırıq. Bu yalnız Qarabağa aid olan məsələ deyil. Təhsil hüququ, insan haqlarının qorunması, bələdiyyələrin inkişafı və s. yollarla məsələləri həll etmək olar. Biz Paşinyanın “nöqtə”sinin nəyə səbəb olduğunu, İlham Əliyevin nidasının necə nəticələndiyini gördük. Zaman artıq ümumiləşdirilmiş idarəetmə sisteminin bütün Azərbaycanda tətbiq olunmasını tələb edir".

S.Seyidov BMT TŞ-nin iclası ilə bağlı da rəy verdi. O hesab edir ki, BMT öz dəyərlərinə sadiq qalacaq: “Təşkilat beynəlxalq qanunun qorunub saxlanması, pozulduğu halda bərpa olunması, bərpa olunmağa imkan olmadıqda məcburən bərpa edilməsinə məsuldur. Biz illər boyu deklarativ fikirlər səsləndirən təşkilatın o fikirləri reallaşdıra bilmədiyinin şahidi olmuşuq. Sabahkı (bugünkü - red.) müzakirələr bizim üçün əhəmiyyətlidir, çünki bu, sadəcə, Azərbaycanla bağlı məsələ deyil. Bu, ümumiyyətlə, dünyada beynəlxalq qanunun ən ali təşkilat tərəfindən hansı formada təzahür etməsini birbaşa göstərəcək.

İkinci məqam təşkilat daxilində bir-birinə qarşı olan dövlətlərin münasibətləri ilə bağlıdır. Ona görə ki, bu gün dünyanı idarə edən və Təhlükəsizlik Şurasında aparıcı mövqeyə malik olan dövlətlər faktiki olaraq müharibə şəraitindədirlər. Bu isə öz-özlüyündə böyük bir xətadır, ona görə ki, dünyada gedən prosesləri artıq obyektiv şəkildə yox, qarşı-qarşıya alət kimi istifadə etmək cəhdini müşahidə edə bilərik.

Mən müzakirəyə optimist yanaşıram, təşkilat əleyhimizə qərar qəbul edəcək qədər qeyri-obyektivlik göstərə bilməz. Azərbaycanın siyasəti təkcə milli maraqlara deyil, eyni zamanda beynəlxalq qanunların regionda tətbiqi ilə bağlıdır. Bizim siyasətimiz BMT-nin gücünə güc qatdı. Təşkilat əleyhimizə qərar qəbul etsə, özünü anlaşılmaz vəziyyətə salacaq. BMT TŞ-nin həm daimi, həm qeyri-daimi üzvlərinə nəzər saldıqda ziddiyyətli qərarlar verməkdən çəkinən, beynəlxalq qanunu qorumaq naminə çox danışan, əməldə isə az iş görən təşkilat növbəti dəfə özünü mürəkkəb vəziyyətə salmamalıdır. Böyük ehtimalla Ermənistanın təklif etdiyi məsələnin müzakirəsi olacaq, Azərbaycana qarşı olan qüvvələr kəskin reaksiya verəcəklər, lakin nəticədə əleyhimizə qərar qəbul edilərsə, bunun BMT-yə başucalığı gətirəcəyini düşünmürəm". 

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb  olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

Asim Mollazadə

Millət vəkili Asim Mollazadənin fikrincə, Ermənistanın məqsədi sülh prosesini ləngitmək, sazişi imzalamamaq, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımamaqdan ibarətdir: “Ermənistan yolları özü bağlayıb. Hərbi cinayətkarlardan ibarət olan müxalifətin qətlə əl atacağından qorxurlar. Daha öncə parlamentdə sülhdən danışanları aradan götürmüşdülər. Hər bir qurumda - BMT, ATƏT, AP-də "genosid" haqqında danışırlar. Məqsəd sülh sazişi ilə bağlı təzyiqlərin qarşısını almaq üçün dünya ictimaiyyətinə yalan məlumat verməyə davam etməkdir".

Bir daha xatırladaq ki, bu gün Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası keçiriləcək. İclasda Azərbaycanı BMT yanında Daimi Nümayəndəmiz Yaşar Əliyev təmsil edəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib. Ermənistan tərəfdən isə görüşdə xarici işlər naziri Ararat Mirzoyan iştirak edəcək.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR