İnsanlara hürriyət, millətlərə istiqlal!

“Blokada” qışqıran Fransanın Bakıdakı səfiri Ağdam - Xankəndi yolunda oldumu?

6732 18.08.2023 14:22 Siyasət A A

Onların necə davranmasından asılı olmayaraq yeni reallıqlar dəyişməzdir

Xəbər verildiyi kimi, avqustun 16-da, BMT Təhlükəsizlik Şurasında müzakirə nəzərdə tutulan gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələri Ağdama səfər ediblər. Xarici diplomatlar Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri, reallaşdırılan layihələrlə tanış olublar.

45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçidən ibarət heyət Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastrukturu potensialı ilə əyani tanış olublar.

Eyni zamanda qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat verilib. Diplomatik korpus üzvlərini düşündürən əsas sual yəqin ki, “Qarabağdakı ermənilərin sosial durumu həqiqətən ağırdır, yoxsa məsələni şişirdirlər” olub. Rəsmi Bakı sözsüz ki, həm bu suala cavab vermək, həm də görülən işlərlə diplomatları yerindəcə tanış etmək üçün belə bir səfəri təşkil edib. Hesab etmək olar ki, bu səfərdən sonra iştirakçılar mənsub olduqları ölkələrə həm Ağdam-Xankəndi avtomobil yolu, həm də Bərdə-Ağdam dəmir yolu olmaqla, Qarabağ iqtisadi zonasının hazırkı yol infrastrukturu potensialı ilə bağlı doğru məlumat verəcəklər.

Yada salaq ki, az öncə Ermənistan İrəvanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələrini Azərbaycanla sərhəddə yerləşən, hazırda “humanitar yük” adı ilə göndərilmiş 22 TIR-ın dayandığı Kornidzor kəndinə gətirmişdi. Onlara burada öz maraqları kontekstində məlumatlar verildi. Hətta rəsmi Bakının guya Qarabağ ermənilərini blokadada saxladığı haqda diplomatlara nağıllar danışılmışdı.

Sözsüz ki, Ermənistanı Azərbaycana qarşı qaldıran əsas dövlət Fransadır. Bəs Ağdam-Xankəndi yoluna baş çəkən diplomatik korpusun tərkibində Fransa, ABŞ və Rusiya diplomatları da olubmu? Olmayıbsa, niyə?

Xatırladaq ki, Fransa və ABŞ səfirləri 44 günlük müharibədən sonra Şuşaya getməyiblər (Rusiya və Almaniya səfirləri Şuşada olub). Bu azmış kimi, Fransanın ölkəmizdəki səfiri xanım Ann Buayon az öncə guya Laçın yolunun blokadada olması ilə bağlı tvit paylaşmışdı.

Ilyas Huseynov: Yerli istehsal maskalarla bagli suni qiymet artiminin  qarsisini alacaq

 İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, hazırda Ermənistan və Azərbaycan arasında diplomatik mübarizə gedir: “Hazırkı reallıqlar bunu göstərir ki, Ermənistanın saxta "blokada", “etnik təmizləmə”, “soyqırımı” üzərində qurulmuş təbliğatı da iflasa uğramaqdadır. Mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan regionda Laçın sərhəd-buraxılış məntəqəsini təhlükəsizlik aspektindən qurub. Çünki üç ilə yaxın müddət ərzində bu yol vasitəsilə separatçı terror qruplarına Ermənistandan silah-sursat, minalar gətirilirdi, eyni zamanda terrorçular daşınırdı. Bu təhlükəsizlik üçün böyük təhdid törədirdi.

Digər tərəfdən, məhz ötən dövr ərzində açıq şəffaf keçid təmin olunub. Erməni əhali heç bir problem yaşamadan Laçın yolundan gedib-gəlir. Azərbaycan eyni zamanda Ağdam-Xankəndi avtomobil yolunu təklif edir. Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Ağdama səfərindən sonra Prezidentin köməkçisi Hikmət Hacıyev bəyan etdi ki, biz yol çəkirik, blokada fəaliyyəti ilə məşğul deyilik. Diplomatlar da gedib bunu öz gözləri ilə gördülər. Lakin təəssüflər olsun ki, Ermənistanın təbliğatına uyan bəzi şəxslərin açıqlamalarını da biz müşahidə edirik. Məhz bu açıqlamalar məsələnin BMT Təhlükəzilik Şurasında qaldırılmasına gətirib çıxardı. Uzun müddətdir ki, rəsmi Bakının irəli sürdüyü məsələ məhz işğaldan azad edilmiş ərazilərə Fransa və ABŞ səfirlərinin səfər etməməsi ilə bağlıdır".

Ekspert qeyd etdi ki, Fransa və ABŞ-ın səfirlərinin hələ də işğaldan azad olunmuş Şuşada olmaması Azərbaycanda narazılıqla qarşılanan məqamdır: “Bəlkə də yeni reallıqları onlar qəbul edə bilmirlər, ona görə də Şuşaya getmirlər. Eyni davranış 16 avqustda da təkrarlandı. Bu ölkələrin səfirlərini Ağdama səfərdə görmədik. Lakin onların necə davranmasından asılı olmayaraq yeni reallıqlar dəyişməz olaraq qalmaqdadır. Azərbaycan öz siyasi gündəliyini diktə edə bilir, öz maraqlarını təmin etmək yolunda ardıcıl fəaliyyət göstərir. Azərbaycanın təqdim etdiyi Ağdam-Xankəndi yolunun legitimliyi bir çox dövlətlər tərəfindən BMT Təhlükəsizlik Şurasındakı müzakirələrdə faktiki olaraq qəbul olundu. Yəni Fransanın və ya ABŞ-ın səfirlərinin Ağdam səfərində iştirak etməməsi heç də o demək deyil ki, Ağdam-Xankəndi yolu məsələsi kənara qoyulmuş oldu. Azərbaycan diplomatiyası bundan sonra bütün resurslarını səfərbər etməlidir ki, hibrid müstəvidə gedən diplomatik savaşda daim qələbə çalaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR