İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinkenin müavini ilə görüşə tanınmış hüquq müdafiəçiləri dəvət edilmədi - səbəblər

827 25.10.2023 12:03 Siyasət A A

Çingiz Qənizadə: “Dövlətin yanında olan hüquq müdafiəçiləri sanki onlar üçün “arzuolunmaz şəxslərə” çevriliblər”  

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak ölkəmizə səfəri çərçivəsində hüquq müdafiəçiləri və insan hüquqları sahəsində ixtisaslaşan vəkillərlə görüşüb.

“Müdafiə xətti” hüquq- müdafiə təşkilatının rəhbəri  Rüfət Səfərov “Turan”a bildirib ki, ABŞ səfirliyində bir saat yarım davam edən görüşdə vəkillər Şəhla Hümbətova, Elçin Sadıqov və Zibeydə Sadıqova iştirak ediblər. Görüş zamanı Azərbaycanda insan hüquqlarının durumu ətrafında fikir mübadiləsi aparılıb.

“Biz siyasi məhbus probleminə toxunduq, repressiv tədbirlərin getdikcə artmasından narahatlığımızı bildirdik. Vəkillər müdafiə etdikləri ayrı-ayrı siyasi məhbuslar barədə danışdılar. Mən dedim ki, amerikalı diplomat Azərbaycan Qarabağda ərazi bütövlüyünü, suverenliyini bərpa etdiyi bir dövrdə səfər edib. Bu mənada Azərbaycan hakimiyyətinin hərbi siyasəti haqlıdır. Amma təəssüf ki, eyni vaxtda ölkədə tənqidçi dairələrə, müxalifətə qarşı repressiya dalğası artıb”, - o deyib.

R.Səfərov bildirib ki, müzakirələr zamanı Dövlət Departamentinin dünya üzrə vicdan məhbusları ilə bağlı dərc etdiyi siyahıya Azərbaycandan olan vicdan məhbuslarının  da adlarının daxil edilməsi təklif edilib.

“Məsələn, ötən il bu siyahıya Azərbaycandan hüquq müdafiəçisi Elçin Məmmədin adı salınmışdı. Bu siyahıya Azərbaycanda həbsdə olan hüquq müdafiəçilərindən bir neçəsinin adını daxil etməklə  onların azadlığına nail olmaq olar”, - Səfərov hesab edir. Onun sözlərinə görə, Coşua Hak Bakıdakı görüşlərində insan hüquqları ilə bağlı məsələləri qaldıracağını vəd edib.

Xeyli müddətdir ki, xaricdən, xüsusən ABŞ-dan gələn dövlət rəsmiləri ilə görüşə tanınmış hüquq müdafiəçiləri dəvət edilmir. Əsasən əfv və məhbuslar məsələsində hakimiyyətlə fəal işləyən qrup deyil, müxalifyönlü şəxslərə dəvət verilir ki, bu da haqlı suallar doğurur. Blinkenin müavini ilə görüşə də tanınmış hüquq müdafiəçiləri dəvət edilməyib. Bunun anlamı nədir? ABŞ niyə yalnız bu şəxsləri dinləyir və onların dediklərini daha mötəbər hesab edir?

10 il oturub indi narkotiklə mübarizəyə başlamışıq“ - Çingiz Qənizadə

 Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, tanınmış hüquq müdafiəçisi Çingiz Qənizadə bu suallar ətrafında “Yeni Müsavat”da çox vacib məqamlara aydınlıq gətirdi: “Ümumiyyətlə, xarici dövlətlərin nümayəndələri, rəsmiləri Bakıda olarkən tanınmış hüquq müdafiəçilərini görmək istədiyini bildirirdi və qabaqcadan bununla bağlı bizlərə müəyyən məlumatlar verirdi, görüş vaxtları müəyyən olunurdu. Amma pandemiyadan sonrakı dövrlərdə, xüsusən Qarabağda Azərbaycanın başlatmış olduğu azadlıq müharibəsində, yəni 44 günlük Vətən müharibəmizdən sonra dövlətin yanında olan, Azərbaycanın bu addımlarını təqdir edən, ərazi bütövlüyü və suverenliyinin qorunması istiqamətində atılan bütün addımları dəstəkləyən hüquq  müdafiəçiləri ilə demək olar ki, təmaslar kəsilib. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın da ölkəyə səfəri zamanı yenə də dövlət və dövlətçiliyin yanında olan hüquq müdafiəçiləri bu tədbirə dəvət edilmədi. Amma vaxt var idi ki, bu hüquq müdafiəçilərinin özünə xaricdə müəyyən mükafatlar verilirdi, onların insan hüquqları və azadlıqları ilə bağlı göstərdikləri fəaliyyətlər təqdir olunurdu. Son dövrlərdə isə yenə də qeyd edirəm ki, məhz Azərbaycan-Ermənistan müharibəsi və Qarabağın işğaldan azad olunması yönündə dövlətin yanında olan hüquq müdafiəçiləri sanki artıq onlar üçün "arzuolunmaz şəxslərə" çevriliblər, onlarla əlaqələr yaratmırlar. Amma kim ki, müxalifyönlüdür, hakimiyyəti tənqid edir, ümumiyyətlə, “Azərbaycanda siyasi məhbus var”, - deyə məsələləri qaldırır, həm bura gələn qonaqlar, həm də xaricdəkilər bu insanlarla təmas qurmağa sanki maraq göstərirlər. Bu görüşdə də əslində hüquq müdafiəçiləri ilə deyil, vəkillərlə görüş olub. Orada vəkillərdən bəzi informasiyalar alınıb və sadəcə, Rüfət Səfərov “Müdafiə xətti” hüquq- müdafiə təşkilatının rəhbəri kimi ora dəvət olunub. Onların fəaliyyəti diqqət yetirsəniz, sırf “ölkədə siyasi məhbus var” deyə gündəmdə olan insanlardır. Dövlətlə hər hansı bir dialoqdan çəkinirlər, nəticədə hətta prosessual hüquq normaları pozulmuş, bu gün həbsdə olan insanların məsələlərinin həllində də ölkəmizdə dialoq yoluna üstünlük verməyərək siyahıları xaricə tirajlayırlar. Burada konkret belə şəxslərdən söhbət gedir. Belə hesab edirəm ki, bu onu bir daha göstərir ki, Azərbaycanda olan, siyasi məhbus deyil, prosessual hüquqları pozulmuş müəyyən şəxslər var deyən hüquq müdafiəçiləri ilə təmaslardan yayınırlar. Bu da onların öz problemləridir. Bizim üçün önəmli olan odur ki, bu cür şəxslər varsa, onların azadlığa çıxmalarına nail ola bilək. Bunun üçün də tanınmış hüquq müdafiəçiləri, o cümlədən Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənəniyarlı və mənim istənilən rəsmi qurumların qapısını açıb, hansısa baş vermiş məsələlərlə əlaqədar sözümüzü demək və o məsələnin həllinə nail olmaq imkanlarımız var. Belə olan halda, nə üçün xaricə şişirdilmiş siyahıların göndərilməsində maraqlı olmalıyıq? Bəzən də niyə başqaları maraqlıdır deyə müəyyən suallar yaranır. Belə hesab edirəm ki, həmişə olduğu kimi, problemlərin ölkə daxilində həll olunmasına daha çox üstünlük verilməlidir. Hər şeyi siyasiləşdirməkdən uzaq olmaq lazımdır. Siyasi siyahılar təqdim etməklə xaricdə “hörmət” və onlardan dəstək almaq prinsipindən uzaq olmalıyıq. Vəkillər isə özlərinin müdafiə etdiyi şəxslərin problemləri ilə bağlı müəyyən məsələləri qabartmaqla heç də onlar hüquq müdafiəçisi rolunda çıxış etmirlər".

Ç.Qənizadə “hüquq müdafiəçisi necə olmalıdır” sualına da cavab verdi: “Hüquq müdafiəçisi olmaq vəkil olmaq demək deyil. Bu peşənin sahibi olmaq sırf hansısa bir qeyri-hökumət təşkilatı və yaxud fərdi şəkildə heç bir qurumda təmsil olunmadan fəaliyyət göstərən şəxslər ola bilər. Ona görə də vəkillərin hüquq müdafiəçisi kimi tədbirə dəvət olunması o qədər də başadüşülən deyil. Amma yenə də qeyd edirəm ki, bizim üçün əsas olan hər şeydən öncə dövlət və dövlətimizin apardığı siyasətdir. Bu siyasət həm dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə yönələn hərəkətdir, həm hüquqi islahatların aparılmasında dövlətlə təmasda olub müəyyən islahatlara dəstək olmaqdır, həm də ayrı-ayrı prosessual hüquq normaları pozulan şəxslərə bu və ya digər şəkildə dəstək verməkdən ibarətdir. Hər gün ofislərimizdə nlarla adama hüquqi yardım göstərmək, onların problemlərini dövlət orqanlarına çatdırmaq, bəzi hallarda müvafiq dövlət orqanlarının rəhbərləri ilə görüşüb bu problemlərin bəzilərinin həllinə nail olmaq hüquq müdafiəçiliyidir. Amma xaricə saxta siyahılar tirajlamaqla səfərlər etmək, xaricdə bağlı qapılar arxasında görüşlər keçirmək, dövlətin ümumi maraqlarına zərbə vurmaq, eyni zamanda bu gün Azərbaycana olan hücumların içərisində həm diplomatiyada, həm də xarici mətbuat orqanlarında yer almaq, bir sıra beynəlxalq təşkilatlarla təmaslar qurub dövlətimizə qarşı olan təzyiqlər üçün onlara ipucu vermək, sadəcə, vətənpərvərlikdən uzaq olmaq anlamını daşıyır. Buna görə də bizim yollar ayrıdır. Biz hər şeyin ölkənin daxilində araşdırılmasının tərəfdarı olan hüquq müdafiəçiləriyik. Belə hesab edirəm ki, buna görə də cəmiyyətdə kifayət qədər imicimiz və nüfuzumuz var. Bu prosesi bu gün də, sabah da davam etdirəcəyik”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR