İnsanlara hürriyət, millətlərə istiqlal!

Biz ABŞ-ın üzərindən Kubaya da uça bilərik – Xruşşovun amerikalı diplomatlara təpkisi...  

1161 21.07.2024 15:23 Yaxın tarix A A

SSRİ-nin aviasiya sənayesində “Tu-114” təyyarəsi ən uğurlu layihələrdən biri sayılıb.  Uzaq məsafələrin qət edilməsi üçün nəzərdə tutulan bu təyyarə 1959-cu ildə istismara buraxılıb.

Nikita Xruşşov rəsmi və qeyri-rəsmi tədbirlərdə  “Tu-114”lə bağlı yüksək fikirlər söyləyib, yeni hava maşınını SSRİ-nin ən böyük uğurlarından biri kimi təqdim edib. Hətta sovet lideri öz xatirələrində  “T-114”-ün ilk sərnişini olduğunu da qeyd edib. Əslində, 19 may 1959-cu ildə “Tu-114” Moskva-Xabarovsk-Moskva marşrutu ilə ilk sınaq uçuşunu keçirib. Bu reysdə yalnız aviasiya mütəxəssisləri iştirak ediblər. Sərnişin qismində isə Xruşşovdan əvvəl 1959-cu ilin yayında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Frol Kozlovun rəhbərliyi ilə sovet nümayəndə heyəti bu təyyarə ilə Nyu-Yorka uçub və həmin şəhərdə keçirilən elm, texnika, mədəniyyət sərgisində SSRİ-ni təmsil edib. Məhz bu tədbir zamanı Frol Kozlovun vasitəsi ilə Nikita Xruşşov ABŞ-a rəsmi səfərə dəvət olunub.

Sovet liderinin ABŞ-a səfərinə tərəflər ciddi hazırlıq işləri görüblər. Hətta ABŞ-ın SSRİ-dəki səfirliyinin nümayəndələri Moskvadan Vaşinqtona olan 7821 kilometrlik məsafəni qət etmək üçün Xruşşova Amerika təyyarəsi də təklif ediblər. Bu təklif sovet liderini qıcıqlandırıb və səfər öncəsi o, amerikalı diplomatları acılayıb:

-Siz neçə vaxtdır SSRİ-də fəaliyyət göstərirsiniz. Biz sizə burada işləmək üçün lazımi şərait yaratmışıq. Bütün qapıları üzünüzə açmışıq. Amma buna baxmayaraq sizin SSRİ-nin texniki nailiyyətlərindən xabəriniz yoxdur. Bəlkə də var, özünüzü görməzliyə qoyursunuz. Bizim “Tu-114”-ün birbaşa Vaşinqtona uçmaq imkanı var, hətta biz ABŞ-ın üzərindən Kubaya da uça bilərik.

scale_1200 (1)-2.jpg (82 KB)

Xruşşov amerikalı diplomatlara bir fikirlə iki məsələni anladıb, güclü texnika və Kuba məsələsini.

Səfərdən əvvəl Xruşşova məlumat verilib ki, “Tu-114” sınaq uçuşlarını tam keçirməyib. Yəni Xabarovska və Nyu-Yorka uçmasına baxmayaraq, müəyyən olunmuş sınaq kilometrlərini qət etməyib. Narahatlıq və şübhələri aradan qaldırmaq üçün “Tu”ların yaradıcısı Andrey Tupolyev Xruşovun kabinetinə dəvət olunub. Xruşşov birbaşa mətləbə keçib:

  • Biz Vaşinqtona uça biləcəyik?
  • Əlbəttə, Nikita Sergeyeviç.
  • Mənə verilən məlumata görə, təyyarə tam uçuş sınağını keçməyib.
  • Qət edilən məsafələr sınaq üçün yetərlidir. Mən buna mütəxəssis kimi əminəm.

Xruşşov bir neçə dəqiqə düşündükdən sonra qərarını verib:

-Mən də əmin olmaq üçün sizi də həmin təyyarəyə əyləşdirəcəm. Gedin, hazırlaşın, bizimlə birgə Amerikaya uçacaqsınız.

Tupolyev bu görüşdən çıxdıqdan sonra “Pravda” qəzetinin redaksiyasına yollanıb. Konstruktor qəzetin baş redaktoru Pavel Satyukovla görüşərək gəlişinin məqsədini açıqlayıb:

-Pavel Alekseyeviç, mənim sizdən bir xahişim olacaq. “Tu-114” haqqında qəzetdə bir yazı dərc olunmağını istəyirəm. Hələ də bəziləri bu təyyarənin nəyə qadir olduğunu anlamırlar.

Baş redaktor onun xahişini yerinə yetirib. Səhəri gün qəzetin müxbiri yazı hazırlamaq üçün aerodroma yollanıb. Tupolyev jurnalisti “Tu-114”-ün önündə qarşılayıb:

-İstədiyinizi yaza bilərsiniz. Amma qəzetdə bu təyyarənin şəklini verin və altından bu sözləri yazın: ““Tu-114”-lə dünyanın hər yerinə...”

Jurnalist təyyarə haqqında, onun texniki göstəricələri ilə bağlı geniş bir material hazırlayıb. “Pravda”nın müxbiri Tupolyevin xahişini də yerinə yetirib.

turo.jpg (83 KB)

Beləliklə, Xruşşov ABŞ-a “Tu-114”lə uçub. Havada olarkən stüardessalar məmurlar üçün kiçik qədəhlərə konyak süzəndə Tupolyev onların yanına keçib və soruşub:

-Konyakı süzəndə çətinlik çəkmirsiniz, konyak qədəhlərdə dalğalanmır?

Sualın məğzini anlamasalar da stüardessalar konstruktorun cavabını veriblər:

-Xeyr, Andrey Nikolayeviç, sanki sakit bir səhrada işimizi görürük. Heç bir problem yoxdur.

Tupolyev cavabı gülümsəyərək qəbul edib:

-Bəlkə bu qədəhlərdən sonra Xruşşov anlaya ki, “Tu-114”-də uçmaq nə deməkdir.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR