İnsanlara hürriyət, millətlərə istiqlal!

Birinci rübün göstəriciləri nə deyir? - Mərkəzi Bank açıqladı

530 16.06.2026 16:53 İqtisadiyyat A A

Cari ilin birinci rübündə Azərbaycanın tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənib.

Mərkəzi Bankdan “Yeni Müsavat”a verilən məlumata görə, bu dövrdə cari əməliyyatlar balansında 1,7 milyard dollar həcmində profisit formalaşıb, kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 0.2 milyard dollar artıb, xalis xarici maliyyə öhdəlikləri isə 2.0 milyard dollar azalıb.

Qeyd edilir ki, hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 9.5 faiz təşkil edib. Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təqribən 0.3 milyard dollar (322.9 milyon dollar) azalıb. Lakin ölkənin strateji valyuta aktivləri dövrün sonuna 117.4 milyon dollar artaraq 85.2 milyard dollar-a çatıb. Mərkəzi Bankda hesab edirlər ki, bu, ölkənin makroiqtisadi dayanıqlığının daha da gücləndiyini və maliyyə resurslarının genişləndiyini göstərir.

Cari ilin birinci rübü ərzində xam neftin orta qiyməti 79.5 dollar təşkil edib. Bu, Azərbaycanın cari əməliyyatlar hesabının (CƏB)profisitini 600 milyon dollar artırıb. Belə ki, CƏB profisitinin məbləği ötən ilin eyni dövründəki 1,1 milyard dollardan bu il 1.7 milyard dollara və ya ÜDM-in 9.5 faizi həddinə çatıb.


ABŞ-İran müharibəsinin enerji qiymətlərini artırması Azərbaycanın birinci rüb cari əməliyyatlar balansına müsbət təsir göstərib. Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.6 faiz artaraq 4,1 milyard dollar olub. İdxalın azalması nəticəsində qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 9.7 faiz azalıb.

2026-cı ilin I rübündə Azərbaycanın xarici ticarət dövriyyəsi 9,9 milyard dollar təşkil edib. Hesabat dövründə neft-qaz sektoru üzrə 4,7 milyard dollar həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 2,7 milyard dollar həcmində kəsiri bağlayıb. Nəticədə hesabat dövründə xarici ticarət balansında 2.0 milyard dollar həcmində profisit yaranıb.

Hesabat dövründə əmtəə ixracı 4.2 faiz azalaraq 5,9 milyard dollar təşkil edib. Bunun cəmi 1,1 milyard dolları qeyri-neft sektorunun payıdır. Dövr ərzində əsasən dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 5,1 milyard dollar olub. İxrac olunmuş neft-qaz məhsullarının 3,2 milyard dolları xam neftin, 1.8 milyard dolları təbii qazın, 0.1 milyard dolları isə neft emalı məhsullarının payına düşür.

Cari ilin I rübündə Azərbaycanın qeyri-neft-qaz ixracı 9.5 faiz artaraq 812.7 milyon dollar təşkil edib.

Hesabat dövründə əmtəə idxalı illik ifadədə 3.8 faiz artaraq 3.9 milyard dollar təşkil edib. Bunun 1,4 milyard dollarını bilavasitə istehlak malları təşkil edib. İstehlak mallarına sərf olunan vəsaitin 451,9 milyon dolları ərzaq məhsullarının payına düşür. Ərzaq məhsulları idxalında 146 milyon dollarlıq, yaxud 24,4 faiz azalma var.

Birinci rübdə qeyri-neft-qaz sektoru üzrə idxal 7.7 faiz artaraq 3.5 milyard dollar olub. Açıqlanan statistikaya əsasən qeyri-neft-qaz məhsulları arasında uçuş aparatlarının(böyük ehtimal, hərbi təyyarələrin) idxalı 23.5 dəfə; gəmilər, qayıqlar və üzən konstruksiyaların idxalı 5.4 dəfə; avtobusların idxalı 5.4 dəfə; portativ hesablama maşınlarının idxalı 45.6 faiz; sabun və yuyucu vasitələrin idxalı 24.7 faiz; alkoqollu və alkoqolsuz içkilər 19.7 faiz; qazanlar, avadanlıq, mexaniki qurğular 15.3 faiz; elektrik maşınları və aparatura 15.0 faiz; tütün və tütün məhsulları 14.6 faiz; dənli bitkilərn 14.4 faiz artıb. Traktorların idxalı 38.9 faiz; yük avtomobillərinin idxalı 33.6 faiz minik avtomobillərinin idxalı 29.5 faiz, şəkərin idxalı 20.4 faiz, tərəvəz məhsullarının idxalı 14.8 faiz azalıb.

Ərzaq məhsullarının idxalı keçən il 597.9 milyon dollar, bu il isə 451.9 milyon dollar təşkil edib. Mərkəzi Bankın hesablamasına görə, birinci rübdə Azərabaycanın birbaşa xarici investisiyalar üzrə xalis xarici maliyyə aktivləri 0.9 milyard dollar, xalis xarici maliyyə öhdəlikləri isə 0.1 milyard dollar artıb. Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği illik ifadədə 201 milyon dollar və ya 13,2 faiz artaraq 1.7 milyard dollar təşkil edib. Bu dövrdəxarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 795 milyon dollar və ya 3,5 dəfə artaraq 1,1 milyard dollar olub. Nəticədə, ümumilikdə birbaşa xarici investisiyalar üzrə 0.8 milyard dollarlıq kəsir yaranıb.

Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 77.0 faiz təşkil edib. 2026-cı ilin I rübü üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis xarici maliyyə öhdəliklərinin (-0.3 milyard dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (1.3 milyard dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (1.6 milyard dollar, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.


Bank hesabı olan istifadəçilərin sayının 14,3% artırılması planlaşdırılır

Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 1.5 faiz azalaraq 0,4 milyard dollar təşkil edib. Bunun da 133.6 milyon dolları yeni gəliş deyil, ölkə iqtisadiyyatına gəlirlərin təkrarən investisiyası ilə bağlıdır.

2026-cı ilin I rübü ərzində neft bonusu şəklində Azərbaycan tərəfinə 439 min dollar ödənilib. 2026-cı ilin I rübündə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 16.6 faiz azalaraq 0.6 milyard dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (316.7 milyon dollar) idxalı (310.2 milyon dollar) üstələməsi nəticəsində 6.5 milyon dollar həcmində profisit yaranıbr. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 3.5 faiz, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 4.7 faiz azalıb.

Bu ilin I rübündə Azərbaycanın kapital və maliyyənin hərəkəti hesabının mənfi saldosu (ölkədən kapital və maliyyə axını) 2 milyard 177,8 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 77,7 faiz çoxdur. Rüb ərzində Azərbaycanın xalis maliyyə aktivləri 181,6 milyon ABŞ dolları, xalis maliyyə öhdəlikləri isə 1 milyard 995 milyon ABŞ dolları artıb, ayrıca kapital hesabında isə 1,2 milyon dollar kəsir olub.

Dünya SAKİT,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR