Amerikanın Florida ştatının Mayami şəhərində keçirilən mer seçkiləri dünya gündəmini zəbt edib. Heç kimin gözləmədiyi halda düz 28 ildən sonra respublikaçılar Florida ştatının ikinci ən böyük şəhərini əzəli rəqibləri demokratlara uduzublar, özü də 20 faizə yaxın böyük səs fərqi ilə. Halbuki, sonuncu mer seçkilərində respublikaçılar bu şəhərdən 67 faiz səs yığmışdılar.
Ekspertlər hesab edirlər ki, bu məğlubiyyətə başlıca səbəb ABŞ prezidenti Donald Trampın Ukraynaya yönəlik yürütdüyü siyasətdir. Xüsusilə, son olaraq, AĞ Ev sahibinin hazırladığı 28 bəndlik sülh planının da respublikaçıların Mayamidə nüfuzuna ciddi zərbə vurduğu qeyd olunur. Hətta bu gedişlə Trampın nüfuzunun durmadan düşəcəyi ehtimal olunur. Onun ikinci dəfə ard-arda prezident seçkilərində qalib gələcəyinin mümkünsüz olacağı bildirilir. Doğrudur, hələ o zamana 3 ilə yaxın müddət var. Amma Trampın getdikcə "öz quyusunu özünün qazandığı" göz önündədir...

Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-da vurğulayıb ki, Donald Trampın ABŞ daxilindəki son addımları və həyata keçirdiyi müəyyən qıcıqlandırıcı addımlar onun reytinqinə müəyyən mənada mənfi təsir göstərir: "Onun verdiyi vədlər son 11 ayda demək olar ki, həllini tapmayıb. Düşünürəm ki, dörd ilin yekununda Donald Trampın nüfuzu 25-30 faiz aşağı düşəcək. Çünki, Tramp Birləşmiş Ştatlar daxilində iqtisadi vədlərin çoxuna "yaşıl işıq" yandırmadı. Orta təbəqənin istəkləri qarşılanmadı. Bu da öz növbəsində mer seçkilərinə mənfi təsirini göstərdi. Proses hələ uzun müddət davam edəcək. Digər tərəfdən, xarici siyasətdə də müəyyən ləngimələr var. Ukrayna ilə müharibə və Rusiya ilə "isti" münasibətlər Trampı bitirəcək yanlış gedişlərdir. Ukraynanı Rusiyanın cənginə atmaq əslində bir çox ölkələrin Qərbə olan inamını sarsıtdı. Eyni zamanda, ABŞ-ın reytinqini laxlatdı. Bütün bunlar sonda Trampın seçkiləri uduzmasına, hətta impiçmentinə gətirib çıxara bilər".
Cavanşir ABBASLI
Musavat.com






