İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəzi Qərb təşkilatlarının 7 fevral seçkisini gözdən salmaq cəhdi

501 16.02.2024 12:53 Ölkə A A

Azərbaycanın güclənməsi erməni ağzı ilə danışanları ölkəmizə qarşı daha da aqressivləşdirib

Azərbaycanda 7 fevralda keçirilən növbədənkənar prezident seçkisində səsvermə başa çatandan sonra bir çox dövlət başçıları Prezident İlham Əliyevi təbrik etməyə başladılar. Diplomatik etiket qaydalarına görə, dövlət başçıları, monarxlar, hökumət liderləri yeni seçilən prezidenti təbrik etməlidir. Prezident İlham Əliyevə gələn təbriklər kifayət qədərdir və hələ də gəlməkdə davam edir.

Qərbin bəlli dairələrinin, təşkilatlarının ikiüzlülüyü, riyakarlığı, Azərbaycana qarşı qərəzli münasibəti yeni hadisə deyil. Görünən odur ki, Azərbaycanı qaralamaq, ləkələmək kampaniyası son illər daha geniş vüsət alıb. Bu isə səbəbsiz deyil: Qarabağın işğaldan azad olunması və Azərbaycanın güclənməsi erməni ağzı ilə danışan Qərb təşkilatlarını ölkəmizə qarşı daha da aqressivləşdirib. Bu yaxınlarda Azərbaycan nümayəndə heyətinə qarşı AŞ PA-da qəbul olunan qərar bunun daha bir bariz nümunəsi idi. 

Fevralın 14-də Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında bu istiqamətdə də bəzi mesajlar verib. “Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq - biz bütün bunları gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir”, - deyə dövlət başçısı bildirib. Prezident daha sonra deyib: “Bəzən eşidirik ki, hansısa ölkələr, yaxud da ki, ölkələr qrupu beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürmək istəyir və beynəlxalq ictimaiyyət adından danışmağa çalışır. Sözü olmayanda deyir ki, beynəlxalq ictimaiyyət bu məsələni yaxşı qəbul etməz, beynəlxalq ictimaiyyət o məsələni yaxşı qəbul etməz. Birincisi, bu, təvazökarlıqdan uzaq olan məsələdir. Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyətlə, danışa bilməz...”

Göründüyü kimi, bütövlükdə Qərbin əsas hədəfi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisinin nəticələrini bütün mümkün vasitələrlə gözdən salmaq, demokratiya pərdəsinə bürünərək təzyiqlər etməkdir. Onların seçkini qaralamaq cəhdləri baş tutacaqmı? Bəzi dövlət və hökumət başçılarının İlham Əliyevi təbrik etməməsinin bundan sonra Qərb-Azərbaycan münasibətlərinə mənfi təsirləri ola bilərmi? Qeyd edək ki, Rusiya, Türkiyə, İtaliya, Macarıstan, Çexiya, Polşa, Bolqarıstan, Xorvatiya, Albaniya, Serbiya, Rumıniya, Moldova, Latviya, Litva, Bosniya və Herseqovinanın Serb Respublikası prezidentləri, Böyük Britaniyanın baş naziri və Almaniya kansleri, həmçinin Gürcüstan, Belarus, Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Venesuela, Kuba, Keniya, Şimali Kipr Türk Respublikası, İraq, Küveyt, Fələstin, BƏƏ liderləri, o cümlədən Avropa Şurasının Baş katibi, ATƏT-in baş katibi, TÜRKSOY-un Baş katibi, İSESKO-nun Baş direktoru, MDB Baş katibi, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi, Britaniyanın Bakıdakı səfiri seçkidəki qələbəsinə görə İ.Əliyevi təbrik ediblər. 

Bizə "avtobus müxalifəti" deyənlər, özünüz hansı CİBdən çıxmısız?" -  Partiya sədrindən SƏRT çıxış - VİDEO

Arzuxan Əlizadə 

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Prezidenti inauqurasiyada sətiraltı ciddi mesajlar verdi. Partiya rəhbərinin sözlərinə görə, Azərbaycana qarşı çirkin kampaniya aparılması və siyasi motivlərin əlavə olunması ərazi bütövlüyümüzü təmin etməklə əlaqədardır, sadəcə, seçki dönəmində bundan istifadə etməyə çalışan qüvvələr oldu. AMİP sədri vurğuladı ki, seçkiləri bəhanə gətirərək ərazi bütövlüyümüzün təmin olunmasından narahat olanlar hansısa iradlar tutmağa çalışırlar: “İnsan hüquqları və digər problemlər barədə əvvəllər də danışılıb, tənqidlər səsləndirilib, amma indiyə qədər üzərimizə bu şəkildə gəlinməyib. Xüsusən AŞ PA-nın ədalətsizliyini gördük. Fikrimcə, Prezidenti kimin təbrik edib-etməməsindən asılı olmayaraq, normal seçki keçirilib, hər hansı problem də olmayıb, yolumuza davam edirik. Görünür ki, Azərbaycana təzyiq etməklə hansısa şərtləri bizə diktə edə biləcəklərini düşünürlər. Biz müstəqil siyasətimizi yürüdürük, beynəlxalq ictimaiyyət adından çıxış edərək üstümüzə qərəzli şəkildə gələnlərin cavabını da layiqincə veririk”. 

A.Əlizadə qeyd etdi ki, torpaqlar 30 il işğal altında qalıb və həmin təşkilatlar, bəzi dövlətlərin liderləri problemin həllində ciddi addım atmayıblar: “Ancaq elə ki, konflikt həllini tapdı, işğala son qoyuldu, bizə qarşı eyni dairələr cəbhə açdılar. Azərbaycan beynəlxalq birlik tərəfindən tanınmış ərazilərdə separatizmə və işğala son qoymaqla nümunə yaratdı. Amma hələ də kimlərsə üzərimizə gəlir, vasitəçilik etmək istəyir, beynəlxalq ictimaiyyət adından danışır. Bu mənada Prezident andiçmədə vacib mesaj verdi və əleyhimizə gedən kampaniya ilə bağlı cavabı sərt oldu. Düşünürəm ki, işğala məruz qalanla işğalçıya fərq qoymayanlar, Ermənistanı müdafiə edənlər bir reallığı bilməlidir - sülh daha çox qarşı tərəfə lazımdır. Ona görə heç bir beynəlxalq təşkilat bizə ağıl verə bilməz”. 

Prezidentliyə namizəd Fuad Əliyev səs verdi

Fuad Əliyev

Prezidentliyə namizəd olmuş Fuad Əliyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanda kifayət qədər yaxşı seçki kampaniyası oldu və səsvermə günü də hər hansı ciddi insident, neqativ hal, kobud pozuntu olmadı. F.Əliyev hesab edir ki, seçkinin nəticələri ilə bağlı beynəlxalq reaksiyalar da göz qabağındadır: “İlham Əliyevin favorit olduğunu hamı qəbul edirdi. Beynəlxalq ictimaiyyət onun müharibədəki qələbəyə görə reytinqinin daha da yüksək olduğu reallığı ilə razılaşır. Mən namizəd olaraq cənab Prezidentə zəng edib, onu təbrik etdim. Bu, həmin Avropada qəbul edilmiş siyasi etiket qaydasıdır. Yəni hər bir siyasi lider alicənablığını nümayiş etdirməlidir. 

F.Əliyev deyir ki, bəzi Qərb liderlərinin Azərbaycana münasibəti hər addımda özünü göstərir: “Təkcə seçki deyil, Qarabağ məsələsi, separatizmə dəstək, Azərbaycanın etnik təmizləmədə ittiham olunması... İndi belə liderlərdən təbrik gözləməyə dəyərmi? Digər tərəfdən, siyahıya baxanda görmək olar ki, Avropadan kifayət qədər təbriklər olub. Onlar Avropa Birliyi ölkələridir - İtaliya, Britaniya, Almaniya, Macarıstan, Çexiya, Polşa, Bolqarıstan, Xorvatiya, Albaniya, Serbiya... O cəhətdən dövlət başçısı düzgün vurğulayıb ki, beynəlxalq ictimaiyyətin adından bir təşkilat, yaxud bir ölkənin prezidenti danışa bilməz. Misal üçün, Makron təbrik etməsə də, möcüzə baş vermir. Bu, bizi təəccübləndirə bilməz. Çünki Fransa Paşinyandan artıq ermənilik edir. Azərbaycanın Avropa İttifaqı ilə çox yaxşı əlaqələri var, bu kimi təsisatların da dəyərlərdən çox maraqlara üstünlük verdiyini görməkdəyik. Odur ki, biz öz siyasətimizi həyata keçirməli, milli maraqlar nəyi tələb edirsə, ona uyğun addımlarımızı atmalı, demokratiyamızı inkişaf etdirməli, islahatları sürətləndirməliyik”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR