İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Böhran Qrupu: “Qərb Cənubi Qafqazı tərk edir...”

807 24.01.2024 12:15 Siyasət A A

Qərbin Cənubi Qafqaza təsirlərini itirməsinin bölgəyə hansı mənfi və ya müsbət təsirləri ola bilər?

“Ermənistanın düşdüyü geosiyasi vəziyyət təhlükəli qeyri-müəyyənliklə doludur: burada baş verən hər şey XX əsrin əvvəllərində Cənubi Qafqazın taleyini həll edən geosiyasi oyunları çox xatırladır”. Bu fikri Beynəlxalq Böhran Qrupunun proqram direktoru Lourens Broers deyib.

"Azadlıq Radiosu"nun erməni xidmətinə müsahibəsində Broers xatırladıb ki, bildirib ki, Qarabağ müharibəsindən sonra Türkiyə regional güc kimi Cənubi Qafqaza qayıdıb və nəticələri öz xeyrinə dəyişmək üçün güc tətbiq etməyə hazırdır. Ekspertin fikrincə, bu, çoxqütblü dünya uğrunda daha geniş geosiyasi rəqabətin tərkib hissəsidir. Qərb dəyərləri və institutları burada tədricən zəifləyir və Ermənistanı kövrək, həssas və təhlükəli qeyri-müəyyənlik vəziyyətində qoyur. Ekspert xatırladıb ki, belə bir vəziyyətdə İrəvan başqa dəstək mənbələri axtarır.

Broers vurğulayıb ki, Rusiya 30 ildir ki, həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlər saxlamağa çalışır. Moskvanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həmişə Cənubi Osetiya və Abxaziyadakı münaqişələrdən fərqlənib: Rusiya heç vaxt separatçı “Dağlıq Qarabağ Respublikası”nın tanınması imkanını nəzərdən keçirməyib. İndi Broersin fikrincə, Azərbaycan Rusiya üçün regionda Ermənistandan daha “məntiqli” tərəfdaşdır. Bu ölkənin ərazisi Ermənistandan daha böyükdür, Rusiya ilə birbaşa həmsərhəddir, İran və Cənubi Asiya ilə coğrafi əlaqələrə görə böyük geosiyasi əhəmiyyətə malik dövlətdir.

Ekspert əlavə edib ki, Rusiya üçün Azərbaycan Türkiyə və Mərkəzi Asiya da daxil olmaqla, böyük Avrasiya layihəsinin mühüm birləşdirici elementidir. O, Rusiyanın regionda təsirinin getdikcə zəiflədiyini deyib, lakin əlavə edib ki, bu, əslində “tamamilə idarə olunan zəifləmə”dir: “Rusiya müxtəlif şəraitlərə uyğunlaşmaq qabiliyyətindən çox şeyə malikdir. Düşünürəm ki, bu, əksinə, idarə olunmayan və hətta tanınmayan Qərb tənəzzülündən əhəmiyyətli dərəcədə fərqlidir”, - Broers deyir.

Qərbin Cənubi Qafqaza təsirlərini itirməsi bölgəyə hansı mənfi və ya müsbət təsirləri ola bilər?

Deputat Azər Badamov Qərbin Cənubi Qafqaz siyasətinin tamamilə yanlış olduğunu bildirdi:

yenigundem_e5d9d5af50ebd0e6e293b.jpg (19 KB)

“Beynəlxalq Böhran Qrupunun proqram direktoru Lourens Broersin “Ermənistanın düşdüyü geosiyasi vəziyyət təhlükəli qeyri-müəyyənliklə doludur: burada baş verən hər şey XX əsrin əvvəllərində Cənubi Qafqazın taleyini həll edən geosiyasi oyunları çox xatırladır fikirləri reallıqdır. Qərb apardığı ədalətsiz siyasəti ilə özü-özünü Cənubi Qafqazdan uzaqlaşdırır. Ona görə də deyə bilərəm ki, Qərbin Cənubi Qafqazda möhkəmlənməsi üçün Ermənistandan yapışması kökündən yanlış siyasətdir. Düzdür, 30 il əvvəlki geosiyasi vəziyyət tamamilə başqa idi. Bu gün isə Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratmışdır. Bu yeni reallıqlar ancaq ədalət üzərində qurulan siyasəti dəstəkləyir. Amma təəssüf ki, Qərb, xüsusilə Fransanın moderatorluğu ilə yenə də öz repertuarında qalmaqda davam etdi və yeni reallığın gündəliyini dəyərləndirə bilmədi. Bunun da əsasında xristian təəssübkeşliyi dayanır. Onlar həmişə müsəlman xalqının ədalətli ola bilməyəcəyinə öyrəşiblər. Amma bu gün müsəlman mənşəli güclü və öz ədalətini heç kimə tapdalamağa imkan verməyən güclü Azərbaycan var. Güc kimdədirsə, ədalət də ondadır. Ona görə də, Qərb Cənubi Qafqaza baxışlarını dəyişməli idi. Onların Ermənistanın yanında olmaqda davam etməsi özlərini Cənubi Qafqazdan uzaqlaşdırır. Qərbin Cənubi Qaqazdan uzaqlaşmasının mənfi və müsbət təsirlərinin nə ola biləcəyi ilə bağlı sual yaranır. Birmənalı qeyd etmək istəyirəm ki, Qərbin siyasi baxışları ilə onların daxil olduğu heç bir regionda sabitlik yaranmayıb. Ona görə də deyə bilərəm ki, Qərbin Cənubi Qafqazdan uzaqlaşması bölgəmizə sülh, sabitlik və inkişaf gətirəcəkdir. Qərb Cənubi Qafqazın siyasi gündəliyindən uzaqlaşsa belə, iqtisadi gündəliyindən uzaqlaşa bilməyəcəkdir. Çünki, Cənubi Qafqazda böyük hərbi güc və Avropanın enerji təhlükəsizliyinin təminatında alternativsiz mənbə olan Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycan dövləti var. Rusiyanın Cənubi Qafqazla bağlı siyasətində Azərbaycanla münasibətdə mənfi meyllərin olmaması da reallıqdır. Çünki, Rusiya bilir ki, Azərbaycansız Cənubi Qafqazla münasibətləri davam etdirmək mümkün deyil. Birincisi, ona görə ki, Azərbaycan Rusiyanın birbaşa qonşusudur. İkincisi, Azərbaycan ölkələri birləşdirən beynəlxalq logistik dəhlizlərin kəsişməsində yerləşir. Üçüncüsü isə Azərbaycan Cənubi Qafqazın potensial hərbi gücüdür və NATO-nun ikinci ən böyük ordusu olan Türkiyə ilə müttəfiqdir. Bütün bu məsələlər Rusiyanın Cənubi Qafqazla bağlı gündəliyində əsas yer tutur. Fransanın Senatında Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı lağ-lağı danışılsa da, Avropanın bir sıra ölkələri üçün Azərbaycan əvəzsiz və etibarlı tərəfdaşdır. Ona görə də, Qərb siyasi gündəliyi ilə Cənubi Qafqazdan uzaqlaşsa belə, iqtisadi gündəliyi ilə Azərbaycandan uzaqlaşmağını qeyri-mümkün hesab edirəm”.

Siyasi şərhçi Rusif Məmmədsoy isə hesab edir ki, Türkiyə yaxın zamanda bu regionun əsas söz sahibinə çevriləcək:

84iOpgzuiM8diXIVrYdX.jpg (29 KB)

“Cənubi Qafqaz çox ciddi mübarizə meydanına çevrilib. Xüsusilə də Rusiya öz təsir imkanlarını saxlamaq, Qərb isə təsir imkanı əldə etməkdə israrlıdır. Əlbəttə ki, bu proseslər bölgənin zəif bəndi olan Ermənistan üzərindən gedir. Bu məqamda da Ermənistan bir dövlət deyil, həqiqətən də qondarma olduğunu isbat etmiş olur. Çünki, bu və ya digər şəkildə Ermənistandan hələ də maşa kimi istifadə etmək niyyətləri görülür. Xüsusilə də, bu Fransa tərəfindən həyata keçirilir. Bu gün Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq əvəzinə Emmanuel Makronun yalan vədlərinə inanmağı seçir. Hələ də ümid edir ki, Fransadan gələn 3-5 texnika bölgədəki güc balansına təsir göstərə bilər. Bu böyük bir cəfəngiyyatdır, nonsensdir. Ermənistan bundan 50 il sonra da Azərbaycanla hərbi müstəvidə rəqabət apara bilməz. Məsələnin digər tərəfi isə kommunikasiyaların açılmasıdır. Qərb də əslində mübarizəni məhz bu istiqamətdə aparır. Xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı nəzarət mübarizəsi günü-gündən artır. Hər halda Ermənistan nəhayət ki, 30 il öncə buraxmış olduğu səhvdən nəticə çıxarıb bölgənin, həm də özünün gələcəyi naminə addımlar atmalıdır. Əks təqdirdə yenə də qondarma dövlət olaraq, dalana dirənmiş formada yaşamağa məhkumdur. Qərbin bölgəni tərk edəcəyini yaxın perspektivdə zənn etmirəm. Çünki Qərb bölgədə qalıcı olmaq üçün hər şeyi edəcək. Müşahidə missiyasının sayının artırılması və.s amillər də əslində bunun nəticəsidir. Rusiya Ukraynada qan itirdikcə Qərb bloku daha da aktivləşəcək. Lakin heç bir halda unutmaq olmaz ki, bölgədə Türkiyə reallığı var. Türkiyənin Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla strateji müttəfiqliyi, hərbi və bir çox sahələrdəki müttəfiqliyi, eyni zamanda öz reputasiyası Cənubi Qafqazda əsas aparıcı rolu yaxın zamanda məhz qardaş Türkiyənin oynayacağına dəlalət edir”.

Politoloq Fuad Heydər burada Vətən müharibəmizə işarə etdi:

xeberim_f3ccdd27d2000e3f9255a7e3.jpg (50 KB)

“Cənubi Qafqaz hazırda bir çox güclərin maraqlarının kəsişdiyi nöqtəyə çevrilib. Doğrudur, Cənubi Qafqaz hər zaman fərqlənib, lakin hazırda vəziyyət daha da mürəkkəbdir. Belə ki, Vətən Müharibəsindən sonra bölgədə reallıqlar kökündən dəyişib. Proseslər sadəcə siyasi deyil, həm də iqtisadi müstəvidə rəqabət meydanına çevrilib. Əsas mübarizə Zəngəzur dəhlizi və ona nəzarətlə bağlıdır. Zəngəzur dəhlizinə kimin nəzarət etməsi məsələsi prosesin ləngiməsində əsas rol oynayır. Rusiya deyir ki, yola mən nəzarət etməliyəm. Ermənistan isə Qərbin dili ilə iddia edir ki, bu yol açılsın, amma nəzarət məndə olsun. Əslində Rusiyanın bölgədən çıxması hər kəs üçün ən yaxşı variantdır. Lakin rəsmi İrəvanın iddiaları da absurddur. Belə ki, hazırda Ermənistan hava limanı, sərhədlər də daxil olmaqla bir çox məsələlərdə Rusiyadan birbaşa asılıdır. İndi ölkənin içindəki rus hərbi bazaları varkən yola nəzarətlə bağlı müqavimət nəyə lazımdır? Ümumiyyətlə, bütün bunlar Ermənistanın maraqlarına xidmət edirmi? O zaman xidmət edərdi ki, Ermənistan müstəqil dövlət olardı, rus hərbi bazaları ölkədə olmazdı. İndiki halda isə Ermənistanın dalanda qalmasına yol açan, yenə də dövlət deyil, layihə kimi qalmasına xidmət edir. Bir çox iqtisadi ekspertlərin fikrincə Zəngəzur dəhlizinin dövriyyəsi milyardlarla, hətta trilyonla ölçülür. Belə olduğu təqdirdə isə bu pullara kimin nəzarət edəcəyi ilə bağlı da mübarizə genişlənir. Qərbin bu mübarizədən geri çəkiləcəyini söyləmək üçün tezdir. Qərb Rusiyanın mövqelərinin zəifləməsi fonunda Cənubi Qafqazda aktivliyi daha da artıracaq. Ancaq unutmaq olmaz ki, bölgədə əsas güc və ağırlıq Türkiyəyə aid olacaq. Bu mübarizədə Qərb qalib gələrsə belə Türkiyəyə möhtacdırlar. Çünki Ermənistanın Qərbə ayrı yolu yoxdur”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR