İnsanlara hürriyət, millətlərə istiqlal!

"Beynəlmiləlçi" ruslar və "millətçi" ukraynalılar...

825 30.07.2022 11:07 Yazarlar A A

Rusiya KİV-lərinin təhlili göstərir ki, SSRİ-nin süqutundan sonra bu ölkə, demək olar ki, dəyişməyib və yaxud da çox az dəyişib.

Məsələn, SSRİ-in vaxtında ölkədə heç kim açıq şəkildə Əfqanıstan müharibəsinə qarşı çıxmırdı və onu pisləmirdi. Əlbəttə, tək-tük cəsarətli adamlar həmişə olur. Bir neçə il bundan əvvəl belaruslu qadın – yazıçı Svetlana Aleksieviç Nobel mükafatını məhz əfqan hadisələrindən yazdığı əsərlərə görə almışdı və bir daha göstərmişdi ki, susmaq heç də yaxşı əlamət deyil və insan onu əhatə edən haqsızlığa heç vaxt boyun əyməməlidir.

Bunları nəyə görə deyirəm? Ukrayna-Rusiya müharibəsi altıncı aya adladı. Bu aylar ərzində Ukrayna və ukraynalılar çox məhrumiyyətlər yaşadılar. Amma bunlar ruslar üçün təsirli olmadı. Geniş publikada bir dəfə olsun demədilər ki, axı biz ukraynalılarla yüz illərlə bir yaşamışıq, hətta bir otağı bölüşmüşük, bir yerdə oxumuşuq, çalışmışıq, indi nədən onlar bu məhrumiyyətləri yaşamalıdırlar? Yox, rəsmi KİV-lərdə heç kim belə şey demir, əksinə, rus qoşunlarına qarşı vuruşan ukraynalıları millətçi adlandırırlar, sanki onlar rus qoşunlarını gül-çiçəklə qarşılamalı idilər. Heç kim demir ki, vuruşmaq, müharibə ukraynalılar üçün bir növ təbii reaksiyadır, axı vətəni işğal olunan milllət başqa cür hərəkət edə bilməz.

İndi avqust ayı müharibədə ciddi dönüş olacağını vəd edir. Bunu biz demirik, Ukrayna hərbi elitası deyir. Luqansk ruslar tərəfindən tam işğal olunanda Ukrayna hərbçiləri məhz belə demişdi. İndi bizə sadəcə, gözləmək qalır. Avropada da ümid edirlər ki, bu ay ukraynalılar rəqibə sarsıdıcı zərbələr endirə biləcək və altı aydan sonra cəbhədə nəhayət ki, həlledici dönüş yaradacaqlar.

Əlbəttə ki, müharibəyə çağırmaq heç də nəcib iş deyil. Amma başqa yol da yoxdur. İndi postsovet ölkələri nisbi arxayınçılıq halında bulunur və çoxu bu müharibənin lokal bir müharibə olduğunu düşünür. Amma belə deyil, bu, ən azı postsovet məkanı uğrunda müharibədir.

Rusiya qalib gəlsə, onu dayandırmaq mümkün olmayacaq və biz bunu dəfələrlə qeyd etmişik. Bəli, bu, dünyanın yeni bölgüsü uğrunda müharibədir. Rusiya on illərlə bəyanat şəklində dediklərini, nəhayət ki, müharibə şəklində ifadə etməyə başladı.

İsveçin və Finlandiyanın NATO–ya qəbulu və Moskvanın buna reaksiyası göstərdi ki, Rusiyanın qarnının ağrısı postsovet məkanıdır. Bu illər ərzində, SSRİ-nin süqutundan sonra Rusiya yalnız coğrafiya baxımından dəyişmiş və kiçilmişdi. İndi Moskva Rusiyanı keçmiş SSRİ miqyasında bərpa etməyə çalışır.

Odur ki, keçmiş sovet ölkələri bundan nəticə çıxarmalıdırlar. Rusiyanın ilk belə müharibəsi Gürcüstana qarşı olmuşdu. Amma o vaxt Qərb bu müharibəni diplomatiya yolu ilə dayandıra bilmişdi. İndi isə alınmır, diplomatiya köməksizdir. Ona görə də bir perspektiv qalır - vuruşmaq və həmrəy olmaq. Ən azı ona görə ki, Ukraynada sınanılan ssenari başqa postsovet ölkələrinə də ötürülə bilər...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR