İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəyənilməyən Nəmuşka

1451 26.10.2023 14:03 Yazarlar A A

“Adımı güvəc qoy, amma ocaq üstə qoyma”

(Azərbaycan ata sözü)

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova uşaqlara qoyulan adlar barədə növbəti fətva vermişdir. Sitat: “Adların verilməsində valideynlər həddindən artıq düşünməlidir. Adlar aydın, sadə, dəqiq olmalıdır. Elə adlar var ki, onlar gülüş doğurur, uşaqların gələcəyinə, taleyinə mənfi təsir edirsə onların qarşısı alınır. Məsələn, son dövrlərdə qeydiyyat idarələrinə uşaqlara ”Vıva", “Azka” kimi adların qoyulması ilə bağlı müraciət olunub. Seva, Cana, Nəmuşka adları qoymaq istəyənlər də var". Sitatın sonu.

Həmişə olduğu kimi, yenə açıqlamada Samovar adı lağa qoyulub. Guya pis addır. Əslində bu adın orijinalı Səmavər-dir, mənası da cənnət bağı, göydəki bağ deməkdir. Hətta Samovar formasında belə gözəl addır. Hamımız samovar çayından ölürük, bulvarda bunu adama 30 manata verirlər, sən də mız qoyursan... Bəsti və Kifayət adından pisdirmi?

İkincisi, niyə dövlət insanların şəxsi həyatına bu qədər qarışmalıdır? “Uşaq mənimdirsə əgər” - şair demişkən - adını da qoymaq ixtiyarım var. Necə olur, o boyda İlon Maska Amerika hökuməti uşağın adını “X ? A-12” - qısaca X qoymağa icazə verir (oxunması “İks Eş Ey Tvelv”-dir), azərbaycanlı “Ramazan” uşağa “Vıva” adı qoya bilməz? Keçən ay göstərdilər, X hətta Ərdoğanla görüşə gəlmişdi, Rəcəb bəy ona top da bağışladı, “İks, necəsən” deyə halını sordu. Maskın başqa uşaqlarının da adı Y və Ekza Dark Sayderil-dir.

Dünyada belə orijinal insan adları çoxdur. Məsələn, ədəbiyyatla maraqlanan hər kəsə məlumdur ki, Nobel ödüllü kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin arvadının adı Mersedes idi. Çünki Markes ədəbiyyat uğurlarına görə Mersedes xanıma borclu olduğunu dəfələrlə vurğulardı. İndi bizdə hansısa yazıçı arvadının adını Jiquli, Niva, cəhənnəmə, Lada qoysa, xalq, başda Sayalı xanım olmaqla, onu hoydu-hoyduya götürər. İmkan verməzlər kişi roman yazsın.

Bax, yaradıcılıq azadlığı həm də bu cür əməllərdə üzə çıxır. İstənilən məktəbə get, sinifdə 30 Yusif, 45 Aylin, 60 Zəhra oturub. Niyə bunların arasında nadir, yeni, valideyn fantaziyasıyla uydurulmuş adlar olmasın? Qədimdə Oğuz eli bu üzdən güclü idi. Uşaq buğanı yıxırdı, adı qalırdı Buğac. Qələbə qazanırdı, olurdu Qazan. Düşməni basırdı, Basat adı alırdı. Yalan danışırdı, Yalıncıq-a çevrilirdi və sairə.

Hökumətin adqoyma prinsipləri özü-özlüyündə yanlışdır, ayrıseçkilik, korrupsiya elementləri daşıyır. Pulunu verib istənilən adı yazdırmaq, əslində, mümkündür.

Ədliyyə Nazirliyinin saytında 2023-cü ildə ən çox qoyulan oğlan adları sırasında 11-ci yerdə Tunar adı gəlir. 545 uşağa qoyulubdur. Kimsə mənə izah etsin görüm Tunar sözünün anlamı nədir? Heç bir anlamı yoxdur. Tamamilə uydurulma bir addır.

Yaxud, Raul adı da 2023-də ilk onluqdadır. Mənası nədir soruşun, ən yaxşı halda futbolçu, ya da Fidel Kastronun qardaşı deyəcəklər. Çünki bu adın nəinki bizim dildə, heç ispan dilində də mənasını düz-əməlli bilən yoxdur. 

Əlbəttə, bütün Tunarlara, Raullara və onların valideynlərinə buradan salam göndərirəm. Mənim bu adlara heç bir etirazım yoxdur. Etirazım NK-nın “prinsiplərinə”dir. Tunara, Raula, o cümlədən Eltun (guya “elin şəfəqi” mənası verir), Aylin (guya Ayın haləsi deməkdir), Aysun (buna da nəsə dəbdəbəli məna uydurmaq çox asandır, məsələn, qoy olsun “Aydan gəlmə uşaq” - Ayın sunduğu-filan), Miray (heç bir fikrim yoxdur) kimi adlara icazə verirsənsə, Cana və Seva adlarına, həmçinin, Nəmuşka-ya da yaşıl işıq yandırmağa borclusan.

Xalqa heç olmazsa məişət səviyyəsində azadlıq verilməlidir. Bizə dövrün tələbinə uyğun, Bitqoyun, Robot, Aypəd, Ayfonə, Əplbala, Teslaxan kimi adlar lazımdır. X adlı uşaq varsa, niyə Ə, Ğ, I da olmasın? Axı bu, uşağa seçilmişlik, orijinallıq aşılayar. Bir də gördün yekəldi, milyarder oldu.  

Mövzuya dəxli yoxdur, ancaq sayın oxuculara fürsətdən istifadə edərək bir köntöy sual vermək istəyirəm: bələdiyyənizin üzvlərindən kiminsə adını eşitmisiniz? Çünki deyirlər hökumət gələn illərdə haçansa bələdiyyə seçkisinə hazırlaşır. Təzəsi olacaq, biz isə heç köhnənin üzvlərinin adını bilmirik.

Bəlkə də onlardan hansınınsa adı Nəmuşkadır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR