İnsanlara hürriyət, millətlərə istiqlal!

Bekarçılıq ödənişi

1926 22.02.2023 09:26 Yazarlar A A

“Dedi: - Ey bikəmal, on beş il

Gedibən etmisən bunu hasil?..

Şərmnak oldu alimi-dana,

O sifət elmdən budur məna".

(Seyid Əzim Şirvani)

Millət dana ətinin bahalaşmasından şikayətlənir. Hazırda bu ətin kilosu 14-15 manat olmuşdur. Hökumət deyir bütün dünyada bahalaşma var, ona görədir. Ekspertlər deyir yaz gəlir, yonca bitəndə ət ucuzlaşacaq, indi ot yoxdur, danalara quru yem verilir və sairə.

Ancaq burada bir səmimilik lazımdır. Əgər biz Fransadakı kimi yaşamağa başlamışıqsa, niyə ət oradakı qədər baha olmasın? İndicə internetdə baxdım, Parisdə dana ətinin kilosu 20-25 avrodur. Manata çevirəndə nə eləyir? Ay sağ olasan: minimum 36 manat. Deməli hələ milli qəssablarımızın dana ətini Paris səviyyəsinə qaldırmasına azı 20 manat qalır. İnşallah, tezliklə o günü də görərik.

Düzdür, Fransada sosial proqramlar çoxdur, məsələn, işsizlərə dövlət büdcəsindən ayda 1000-1500 avro həcmində vəsait ayrılır. Hətta ayda 6000 avro dotasiya alan işsizlərə rast gəlinirmiş. Bizdə isə bu yaxında kimlərsə “İşsizlərə pul veriləcək” şayiəsi yaymışdı, az qalırdı sabitlik pozulsun, dövlət idarəsi məcbur oldu təkzib verdi. Dedilər hazırda “Məşğulluq haqqında” Qanuna görə ölkəmizdə işsizlik müavinəti adlı bir ödəniş növü mövcud deyildir. Təxminən o məna verirdi ki, suç keçisi axtarmaq istəyirsinizsə parlamentə tərəf gedin, əgər onlar belə qanun qəbul eləsəydilər, biz işsizlərə pul verərdik, acından ölməzdilər. Qanun yoxdursa, pulu necə verək? Bizdə hər şey qanuna əsaslanır.

Pul da barı babat pul ola... 200 manatdan söhbət getmişdi. Halbuki biz Fransada işsiz qalsaq minimum 1800 manat almalı olardıq. Bəlkə də ona görə Makron istəmir biz gedək Yeliseyin çölündə işsiz qalaq. Ta ermənipərəst necə olur?

Əslində o işin, o mövzunun ziddiyyəti çox idi, çünki bizdə rəsmi statistikaya görə işsizlik yoxdur. Hamı başını aşağı salıb işini görür. Elə adam var 1 yox, yüzlərlə işdə çalışır. Hansısa rayonda icra hakimini tutanda seyfindən 700 nəfərlik maaş kartı çıxmışdı. “Belə olan şəraitdə” (bu çox mənasız ifadədən həmişə gülməyim gəlmişdir, ona görə yazdım), lap dövlətimiz işsizlərə pul vermək fikrinə düşsün, kimə verəcəklər? İşsizlik aradan qaldırılıb. Yoxsulluq ləğv olunub.

Düzdür, yoxsulluğu ləğv eləmək üçün lap qabaqca yoxsulların özünü ləğv etmək lazım gəldi, ancaq nə dəxli? Əsas nəticədir. İnsana əməlinə görə qiymət verilir. Ölüm sevinməsin qoy - şair demişkən.

Dana ətinin qiymətindən kəskin şəkildə “keçid alıram” (puluma minnət) milli akademiyamıza. Keçən həftə orada aparılan islahatları tərənnüm etmişdim. Yəqin diqqətli oxucular xatırlayar, İsa müəllim AMEA müdiri qoyulandan orada islahatsız bir gün olmur. Dayanmadan islahatdadırlar. Məsələn, keçən həftə kitabxana və biblioqrafiya, eneolit və neolit şöbələri birləşdirildi. Ən böyük islahatı yazmaq isə mənim yadımdan çıxıb. Günah oxuculardadır, yadıma salsalar yazardım. İndi bu səhvimi düzəldirəm. Buyurun:

“AMEA Rəyasət Heyətinin binasında daxili imkanlar hesabına "Meridian" akt zalı istifadəyə verilib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, istifadəyə verilən yeni akt zalı bir sıra elmi tədbirlərin, akademiyanın dünyanın elmi qurum və təşkilatları ilə əlaqələrinin daha da genişləndirilməsi, Azərbaycan elminin dünya elminə inteqrasiyası işinə xidmət edəcək görüşlərin, toplantı və müzakirələrin keçirilməsi üçün nəzərdə tutulub. “Meridian” akt zalında AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə ilk müşavirə keçirilib" (akademiyanın saytından).

Akt zalının şəkli də verilmişdi, həqiqətən bərbəzəkli bir yer idi. Sütunsuz şadlıq sarayına oxşayırdı (deyəsən, “Meridian” adlı şadlıq sarayı var idi, elədirsə alimlərimiz plagiata yol vermişlər), akademiklər istəsələr nəvələrinin gəlin maşınını birbaşa zalın içinə sürə bilərlər.

Alimlərimizin dünya elminə töhfələri qurtarmır. Pandemiya vaxtı vaksin qabı kəşf olunmuşdu. Sonra Ramiz müəllim yeni kartof çipsləri istehsalını təşkil etdi. İndi də akt zalı ortaya qoyulub.

Belə alimləri olan ölkədə dana əti niyə ucuz olmalıdır, anlamıram. Sözgəlişi, Dövlət Məşğulluq Xidmətinə demək istəyirəm ki, qanunu bəhanə eləməsinlər, çobanın könlü olsa, təkədən pendir tutar - bizdə işsizliyə görə akademiklərə 2000 manat aylıq verilir. Qanunda yoxdursa, onlar necə alır?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR