İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayramı qara gətirən yol qəzaları...

485 28.03.2023 08:12 Gündəm A A

Ekspertlərə görə, əsas səbəb yüksək sürət və küçələrin işıqlandırılmamasıdır

Novruz tətili günlərində Azərbaycanda yol qəzalarında 10 nəfər ölüb. Martın 19-26-da avtomobil yollarında ölümlə nəticələnən 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, yol-nəqliyyat hadisələrinin növünə gəldikdə isə 4-ü piyadavurma, 3-ü maneəvurma və 3-ü isə aşmadır.

Yevlaxda baş verən yol qəzasında Yuxarı Qarxun kənd sakini, 1991-ci il təvəllüdlü Abdullayev Ruslan Sakit oğlu idarə etdiyi “Ford” markalı mikroavtobusla Yevlax Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi Kommunal Təsərrüfat Müsəssəsinin süpürgəçiləri, Yevlax rayonunun Qaraməmmədli kənd sakini, 1975-ci il təvəllüdlü Əsgərova Səbinə Rafiq qızını və Kəlbəcər rayonunun Ağcakənd kənd sakini, 1962-ci il təvəllüdlü Mirzəyeva Bəsti Halay qızını vurub.

Hadisə nəticəsində Əsgərova Səbinə Rafiq qızı ölüb, Mirzəyeva Bəsti Halay qızı xəsarət alıb.

Bu, süpürgəçilərin yol qəzalarında xəsarət aldığı, yaxud həyatını itirdiyi ilk hal deyil. Çörək pulu üçün səhərdən-axşama qədər çalışan süpürgəçilər bu təhlükə ilə tez-tez qarşılaşır. Bəs çıxış yolu nədir?

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: “Mən demokrat deyiləm, çünki onun  mahiyyətini bilirəm” - VİDEO, FOTOLAR

Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlu  Musavat.com-a bildirdi ki,  ən önəmlisi təhlükəsizlik qaydalarına əməl olunmasıdır. O qeyd etdi ki, yol qəzalarının baş verməsində hər iki tərəf günahkardır: “Təmizlik işçilərini təhlükəsizliklə bağlı təlimatlandırmaq, sürücülərlə bağlı isə daha ciddi tədbirlər görülməlidir. Heç kimə sirr deyil ki, bəzi sürücülər sürücülük vəsiqəsini qeyri-qanuni yolla əldə edirlər. Onların arasında naşı, məsuliyyətsizləri çoxdur. Təəssüf ki, son zamanlar sükan arxasına narkotik vasitənin təsiri altında ola-ola əyləşənlər də az deyil. Bunu nəzərə alaraq ciddi tədbirlər görülməlidir. İctimai qınaq, məlumatlandırma və s. kimi əhatəli işlər görülməlidir”.

Mütəxəssis bildirdi ki, sürücülərin təhlükə yaratmaq ehtimalını nəzərə alaraq işçilərin işə qəbuluna daha diqqətli yanaşmaq lazımdır: “Yaşlı insanların bəzi məhdudiyyətləri ola bilər: gözü yaxşı görməyə bilər, qulağı yaxşı eşitməyə bilər. Bu məsələlərə də diqqəti artırmaq lazımdır. Əsas iş süpürgəçiləri işə götürənlərin üzərinə düşür. Sürücülərlə profilaktik iş başlasa, nəticə ancaq 1 ildən sonra özünü göstərməyə başlayacaq. Süpürgəçilərlə isə qısa müddətdə maarifləndirmə işləri aparmaq olar”.

Əsas problemlər yenə də qalır"

Elməddin Muradlı 

Nəqliyyat eksperti Elməddin Muradlı mövzunu şərh edərkən bildirdi ki, texnologiyanın inkişaf etdiyi dövrdə əsas prospekt və küçələrin süpürgəçilər tərəfindən təmizlənməsinə son qoyulmalıdır. Ekspert qeyd etdi ki, icra hakimiyyəti orqanları, bələdiyyələr korrupsiyaya əl atmasalar, lazımi texnikalar alına bilər: “Təhlükəli yol ərazilərində xüsusi texnikalardan istifadə etmək faydalı olar. Jek müdirləri, işçilərlə ünsiyyətdə aydın olur ki, vaxtaşırı təhlükəsizliklə bağlı xəbərdarlıq edilir. İşçilərin əksəriyyəti yaşlı qadınlardır. Onların isə çevikliyi yoxdur. Yolu ləng keçirlər, diqqətsizlik edirlər. Hətta araşdırma aparılsa, bəlkə də yaşlı insanlar işçi kimi qeydiyyata alınmırlar. Sosial sahələrə məsul qurumlar yaşlı insanlara normal pensiya versələr, onlar nəyə görə küçə süpürmək məcburiyyətində qalsınlar ki? 300-400 manat maaş üçün əlverişsiz hava şəraitində belə çalışırlar. Üstəlik, bir gün yol kənarında qəzanın qurbanı olmaq ehtimalı da var... Onların evlərində rahat yaşamaq, istirahət etmək vaxtıdır, amma məmurların özbaşınalığının, korrupsiyanın qurbanı olurlar.

Əsas problemlərdən biri küçələrin işıqlandırılmamasıdır. Süpürgəçilərin vurulması halları əsasən səhər saatlarında baş verir. Onlar əsasən sutkanın qaranlıq vaxtı, 04:00-dan təmizliyə başlayırlar. Aidiyyəti qurumlar işıqlandırmanı təmin edə bilmir deyə qaranlıq olur. Yol polisi əməkdaşları tərəfindən dəfələrlə işıqqaytarıcı elementi olan geyimlər paylansa da, süpürgəçilər istifadə etmirlər. Çox zaman qara geyimdə qaranlıq sahədə yola çıxırlar. Onlar düşünürlər ki, sürücülər onları görür. Nəticədə faciə yaşanır. Səhər saatlarında sürücülərin yuxulu olma ehtimalı çoxdur. Bəzi sürücülərdə yuxusuzluq səbəbi ilə diqqət dağınıqlığı müşahidə olunur. Küçələrin işıqlandırılmamasını nəzərə alsaq, faciənin qarşısını almaq çətinləşir".

Ekspert xatırlatdı ki, 3 il öncə ölkə başçısının sərəncamı ilə “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib. O qeyd etdi ki, sərəncama əsasən hətta məhəllədaxili yollar da işıqlandırılmalı idi: “3 ildir ki, bu sərəncama əhəmiyyət verilmir. Yalnız şikayət olduqda müvafiq qurumlar işıqlandırma məsələsini həll edirlər. Küçələrin işıqlandırılması hər mənada təhlükəsizlik üçün önəmlidir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR