İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin 1 həftədə Bakıya 2 məktubu, 3 mühüm detal

2443 04.06.2024 14:20 Siyasət A A

Azərbaycan-ABŞ əlaqələri növbəti həssas dönəmdən keçir. Diqqətçəkicidir ki, son vaxtlar ikitərəfli münasibətlərdə ümidverici notlar artıb. Xüsusən də Güney Qafqazdakı yeni reallıqların qəbulu baxımından Birləşmiş Ştatların mövqeyində özünü göstərən pozitiv gəlişmələr diqqət çəkir.

Əlbəttə, Azərbaycan bu əlaqələrin inkişafında birmənalı şəkildə maraqlıdır. Lakin “qırımızı cizgilərimiz” ciddiyə və nəzərə alınmaqla. Yalnız o halda ABŞ Güney Qafqazın açar ölkəsi hesabına bölgədə etibarlı və qalıcı tərəfdaşlığa ümid bəsləyə bilər...

“Bakı və İrəvan arasında uzunmüddətli sülh sazişi onilliklərlə davam edən münaqişəyə son qoyacaq, Cənubi Qafqazı dəyişəcək və Azərbaycanın regiondakı rolunu kökündən dəyişəcək. ABŞ bu cəhdi dəstəkləməyə hazırdır”.

Bu sözlər ABŞ Prezidenti Co Baydenin Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin “Caspian Power” açılış mərasimində bu gün oxunan məktubunda əksini tapıb.

Xatırladaq ki, təxminən bir həftə öncə Bayden Müstəqillik Günü ilə bağlı öz həmkarı İlham Əliyevə məktub göndərmişdi (Maraqlıdır ki, analoji təbrik ermənilərin “respublika günü” kimi qeyd etdikləri 28 mayda Ermənistan prezidentinə göndərilməyib).

Orada Ağ Ev başçısı ölkəsinin “Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha təsdiq etməsi” yetərincə diqqət çəkmişdi. Məktub həmçinin mayın əvvəllərində ABŞ səfiri Mark Libbinin Şuşaya səfərindən sonra məxsusi anlam daşıyırdı...

Təbrik məktubundakı həmin cümlə ilə Vaşinqton onun üçün “Qarabağ səhifısi”nin de-fakto bağlandığını rəsmən, ən yüksək səviyyədə etiraf eləmiş olub. Başqa sözlə, zaman-zaman Ağ Ev, Dövlət Departamenti Qarabağın Azərbaycana məxsusluğunu açıq şəkildə bəyan etməkdən çəkinirdilərsə, ölkənin Bakıdakı baş diplomatının Şuşa səfəri və Co Baydenin ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı qəti mövqeyi sonuncu “i”nin üstündəki nöqtəni də qoymuş oldu.

Üstəgəl, 28 May təbrikində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu ayrıca vurğulanmışdı. Eyni zamanda, Bakı və Vaşinqton arasında “enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq” məxsusi qabarıdılırdı.

Eyni pozitiv ritorika Baydenin bugünkü müraciətində davam etdirilir. Sitat: “Bu, Azərbaycan üçün unikal imkan yaradır. Azərbaycan Avropada qlobal enerji təhlükəsizliyində sütun rollarından birini oynayır. Azərbaycanın təmiz enerjiyə artan diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Xəzərin potensialı Azərbaycanın gələcəkdə təmiz enerji sahəsində istehsalını ənənəvi enerji istehsalını üstələməyə gətirib çıxara bilər”.

Ümumiyyətlə, ikinci məktub birincinin yaxşı mənada davamı, ölkəmizin bölgədəki lider rolunun etirafı sayıla bilər. Ən əsası, səfirin Şuşa ziyarəti daxil, bütün bunlar Azərbaycanın 44+1 savaşdakı halal zəfərinin artıq dünyanın ən qüdrətli dövləti tərəfindən də qəbul olunduğu anlamına gəlir.

Demək, Baydenin qeyd elədiyi sülh məsələsi daha sürətli irəliləyə bilər. Yetər ki, Vaşinqton sülh danışıqlarının ikitərəfli formatda məntiqi sonluğa çatmasına heç olmasa, əngəl yaratmasın. Əgər kömək edə bilmirsə...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR