İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş örtüyü və baş ağrısı – “Reuters”

493 05.05.2023 13:40 Son xəbər A A

“İran hakimiyyəti ölkəni silkələmiş 2022-ci il aksiyalarından sonra ehtirasları yenidən alovlandırmaqdan çəkindiyi üçün hicabsız qadınlara qarşı fərqli cəza metodları tətbiq etməyə başlayıb”. ABŞ-ın “Reuters” agentliyi belə yazır.

Novator.az-ın məlumatına görə, agentlik xatırladır ki, İran İslam Respublikasında hicabdan imtina edən qadınlar hər zaman nümayişkaranə cəzalandırılıb, Daxili İşlər Nazirliyinin hicab qaydalarına riayət olunmasına nəzarət üçün küçələri dolaşan xüsusi patrul qrupları (onlara şərti olaraq əxlaq polisi deyirlər, rəsmən isə bu qrup irşad patrulu adlanır; irşad sözü burada düzgün davranışa yönəltmə mənasında işlənir) hicabsız xanımları hamının gözü qabağında saxlayaraq ya şifahi xəbərdarlıq edib, ya da polis maşınına oturdaraq bölməyə aparıb.

“Reuters”ə danışan İran sakinləri bildiriblər ki, hazırda küçələrdə irşad patrulu gözə dəymir: “Sakinlər bu dəyişikliyin dini rejimi 1979-cu ilin islam inqilabından bəri ən güclü legitimlik böhranına uğradan 2022-ci il aksiyalarından sonra ortaya çıxdığını vurğulayıblar. İrşad patrulunun yığışdırıldığını bir neçə ay qabaq İran rəsmiləri də bəyan edib. Onlar deyiblər ki, daha geyim qaydalarına nəzarəti patrul qrupları həyata keçirməyəcək”.

Ancaq “Reuters” qeyd edir ki, bu, rejimin hicab taxmağı xanımların öz ixtiyarına buraxdığı anlamına gəlmir: “Hakimiyyət küçələri dolaşan patrulları fərqli vasitələrlə əvəzləyib. Hicabsız qadınları müəyyən etmək üçün küçələrdə kameralar quraşdırılıb. Eyni zamanda rejim həm dövlət sektorunda, həm də özəl sektorda çalışanlara hicab qaydalarını pozan xanımlara xidmət göstərməmək tapşırığı verib. Xəbərdarlıq edilib ki, əmrə tabe olmayanlar ağır cərimə, hətta həbs cəzası ilə üzləşəcək.

Bununla belə, 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün sonra dünyasını dəyişməsi fonunda keçirilmiş etiraz aksiyaları artıq ölkədə vəziyyəti dəyişib: indi daha çox qadının küçəyə başıaçıq çıxdığını görmək mümkündür, beləcə rejimə etiraz davam edir”.

2022-ci ilin sentyabrında baş qaldıran etiraz hərəkatının bir neçə ay sonra qəddarcasına yatırıldığını, aksiyaların 2023-cü ilin fevralında faktiki yekunlaşdığını yada salan “Reuters” vurğulayır ki, əslində Məhsa Əmininin ölümü ölkədə illərdir yığılıb qalmış ictimai qəzəbi alovlandıran bir qığılcım idi. Nümayişlər yatırılsa da, ictimai qəzəbin yatmadığını diqqətə çatdıran agentlik hazırda başıaçıq qadınların İranda məhz insanların ən gur olduğu yerlərdə – hava limanlarında, ticarət mərkəzlərində, küçələrdə, restoranlarda gözə dəyməsini bunun sübutu, vətəndaş itaətsizliyinin əlaməti kimi qiymətləndirir.

“Reuters”in məlumatına görə, bir sıra siyasətçi, o cümlədən parlament üzvləri xəbərdarlıq ediblər ki, hakimiyyət başını örtməyən qadınları cəzalandırmaq niyyətindən dönməsə, ölkədə etiraz hərəkatı yenə alovlana bilər.

ABŞ-ın Tennessi Universitetinin siyasi elmlər üzrə dosenti Səid Qolkar “Reuters”ə deyib ki, İranda hicabın məcburiliyi əslində avtoritar rejimin sosial bazasını narazı salmamağa hesablanmış bir qərardır. Səid Qolkar həmin sosial bazanın heç də çoxluqda olmadığı, mühafizəkar dindarlardan ibarət kiçik bir qrupu əhatə etdiyi qənaətindədir.

Məhsa Əmini aksiyalarında iştirakına görə həbs edilmiş, hazırda zaminə buraxılmış və ölkədən çıxışına qadağa qoyulmuş Röya adlı bir xanım “Reuters”ə bildirib: “Zaminə buraxılandan sonra məni bir neçə dəfə istintaqa çağırıblar. Yenidən həbs edə bilərlər, amma azadlıq naminə zindana dözməyə dəyər. Mən ölkəmin azad olmasını istəyirəm və bunun əzab-əziyyətinə qatlaşmağa hazıram”.

“Reuters” qeyd edir ki, agentliyə müsahibə verməyə razılaşan onlarla iranlı qadın kimi Röya da soyadının göstərilməməsini istəyib: “İranda xarici media ilə əməkdaşlığın nəyə gətirib çıxaracağını hamı yaxşı bilir”.

Məşhəd şəhərindən olan, aksiyalar vaxtı döyüldüyünü, qardaşının tutulduğunu söyləyən 33 yaşlı Minə “Reuters”ə deyib ki, rejimə müxalif hərəkatın bitmədiyini xatırlatmaq üçün hələ də küçəyə başıaçıq çıxır.

“Reuters”in yazdığına görə, ölkədə yüksək vəzifəli şəxslərə yaxın bir adam agentliyə açıqlamasında hicabsızlığa qarşı yeni taktikanın iqtisadi problemləri daha da artıra biləcəyini söyləyib.

Agentlik xatırladır ki, ABŞ-ın sanksiyaları, eyni zamanda Tehran rejiminin yanlış idarəçiliyi üzündən İranda iqtisadi durum çox acınacaqlıdır: “İnflyasiya sürətlənib, işsizlik artıb, maaşlar, pensiyalar vaxtında verilmir… Belə bir vəziyyətdə işçiləri hicab qanununa əməl etmədiyi və hicabsız qadınlara xidmət göstərdiyi üçün ölkədə minlərlə müəssisənin bir neçə günlüyə bağlanması haqda qərarlar qəbul edilir. Paytaxt Tehranda da 450 mağazalıq iri ticarət mərkəzi eyni səbəbdən günlərlə bağlı saxlanıb. Bütün bunlar İranın rəsmi mediasında işıqlandırılır. Dövlət mediası hicabsız qadınların ictimai nəqliyyata buraxılmadığı haqda kadrlar nümayiş etdirir. Səhiyyə və Təhsil nazirlikləri isə hicab qaydalarına məhəl qoymayanlara xidmət göstərilməyəcəyi haqda bəyanatlar yayır”.

Kürd Məhsa Əmini 2022-ci il sentyabrın 13-də Tehranda tutulub. Əxlaq polisi onu hicab qaydalarını pozma ittihamı ilə saxlayıb. Gənc qadın üç gün sonra xəstəxanada dünyasını dəyişib. Rəsmən təkzib olunsa da, çoxları Məhsa Əmininin fiziki zorakılığa qurban getdiyinə inanır.

Sentyabrın 18-dən başlayaraq bir neçə ay kütləvi etiraz aksiyaları keçirilib.

Hüquq müdafiəçilərinin məlumatına görə, aksiyaları yatırtmaq cəhdləri 500-ə yaxın adamın ölümü ilə nəticələnib.

Etirazlar səngiyəndən sonra, 2023-cü ilin fevralında İranın ali dini lideri Əli Xamneyi qismən amnistiya elan edib, aksiyalarla bağlı həbsə atılanların əksəri – 22 mindən çox adam azadlığa buraxılıb.

Barəsində ölüm hökmü çıxarılmış etirazçıların sayı dəqiq bilinmir. Qərb mətbuatı onların sayının 20-yə yaxın olduğunu yazır. Bəzi iranlı hüquq müdafiəçiləri isə etiraz hərəkatının azı 100 üzvünün edama məhkum edildiyini xəbər verir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR