İnsanlara hürriyət, millətlərə istiqlal!

“Banklar batır” iddiasına ekspertdən reaksiya – “Problem rəqabətlə bağlıdır”

964 06.04.2023 18:37 İqtisadiyyat A A

 

Devalvasiyadan sonra problemli kredit məsələsi daha da aktualdır. Azərbaycan Mərkəzi Bankının açıqladığı rəqəmlərə əsasən, 2023-cü ilin fevralında Azərbaycanda  vaxtı keçmiş kreditlərin həcmi yüksəlib. Bundan əlavə, banklardakı əmanətlərin azalması hallarına da rast gəlinir. Bəs bunun qarşısını necə almaq mümkündür?

İqtisadçı-ekspert Natiq Cəfərli Musavat.com-a açıqlamasında Azərbaycanda problemli kreditlərin həcminin çox da təhlükəli həddə olmadığını deyir.

WhatsApp Image 2023-04-06 at 18.21.05 (1).jpeg (30 KB)

“Düzdür, bu göstərici dünya ortalması normasından daha yüksəkdir. Dünya ortalaması kredit potfelinin 3 faizini problemli kredit kimi olduqda normal qəbul edir. Azərbaycanda isə bu rəqəm bir az çoxdur. Əvvəllər daha yüksək rəqəmlər var idi, hətta 9 faizədək artmışdı. İndi təqribən 6-7 faiz arası dəyişir ki, bu da bir çox ölkələrlə müqayisədə o qədər də qorxulu nəticə deyil. Ancaq 3 faizi keçməsi onu göstərir ki, bank sektorunda müəyyən problemlər var. Və bu problemlərin həlli geciksə, problemlər vaxtında həll olunmasa, bank sektorunda müəyyən stressli vəziyyət yarana bilər. Azərbaycan bank sektorunda depozitlərlə bağlı müəyyən azalmaların müşahidə olunmasına rast gəlirik. Məlumdur ki, bu il yanvarın 1-dən etibarən depozit gəlirlərinin 10 faizinə vergi tutulur. Vətəndaşlar da əsasən xırda əmanətlərini banklardan çəkə bilərlər və bunun nəticəsində də gələcəkdə bank sektorunda əmanətlərin azalması mümkündür”.

Bundan əlavə, son zamanlarda sosial şəbəkələrdə Azərbaycanda bankların bağlanacağı ilə bağlı iddialar yayılıb. Bəzi istifadəçilər bankların çökəcəyini, əmanətlərin dondurulacağını bildirərək vətəndaşların bankda olan pullarını çəkməsini tövsiyə ediblər. Ekspert bu kimi rəylərin heç bir əsasının olmadığını bildirir.

“Bəzi bankalarla bağlı sosial şəbəkələrdə yayılan məlumatlar məncə, tam da həqiqəti əks etdirmir. Azərbaycanda onsuz da problemli, çürük bankların zaman-zaman bağlandığının şahidi olmuşuq. Ən son pandemiya dövründə - 2020-ci ildə 4 bank bağlandı. Düşünmürəm ki, hazırda belə bir məsələnin gündəmdə olması mümkündür. Çünki hazırda kifayət qədər dayanıqlı bank sistemi var. Bank sistemində çatışmayan cəhət isə dayanıqlılıq deyil, məhz rəqabətin az olması, eləcə də bütün banklarda kreditlərin aşağı-yuxarı eyni şərtlərlə təqdim olunmasıdır. Bu sahədə ciddi dəyişikliklərə ehtiyac var. Amma ümumilikdə götürsək bir-iki xarici bank nümayəndəliyini çıxsaq, onlardan başqa yerli banklarda elə bir ciddi problemi olanı nəzərə çarpmır. Çünki banklarla bağlı rəsmi açıqlamalarda, bir çox bankların vergilərə yaxud Mərkəzi Banka verdikləri hesabatda ciddi gəlirlə işlədikləri görülür”.

 

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR