İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının Qarabağdakı erməni icması arasından seçəcəyi təmsilçi - ad bəllidir?

1673 26.09.2023 13:33 Siyasət A A

Xankəndi və ətraf ərazilərdə komendatura tətbiq edilə bilər; hüquqşünas və politoloq idarəçilik sistemini açıqladı

Belə görünür ki, Qarabağdakı xuntaçıları erməni sakinlər özləri linç edəcək - Bakının onları mühakimə etməsini gözləmədən. Çünki nə qədər ağır da olsa, 35 ildən sonra “özünəqayıdış” başlayıb. “Qarabağ erməniləri Azərbaycanın iqtisadi imkanlarından istifadə edib daha yaxşı yaşaya bilərlər”.

“Yeni Müsavat” xəbər verir ki, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov bu hadisələr fonunda yerli əhali ilə bağlı belə deyib. “Reinteqrasiyaya başlamaq üçün yeni eskalasiya lazım idimi? Yenidən qan tökülməsinə ehtiyac var idimi? Niyə bu xunta 2020-ci ildən sonra mülki əhalini girov saxlayaraq Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarmadı və "müdafiə ordusu"nu ləğv etmədi? 44 günlük müharibədən sonra 3 il vaxt itirildi. Biz başa düşməliyik ki, Qarabağın gələcəyi Azərbaycanla bağlıdır", - o bildirib. Qarabağ Erməniləri Hərəkatının üzvü Valeri Yeritsyan isə vurğulayıb ki, xunta ucbatından itirilmiş təxminən üç il ərzində Qarabağda yaşayan ermənilərin həyatını yaxşılaşdırmaq mümkün idi: “Ermənistanın xuntaya verdiyi maliyyə yardımı yalnız hərbi ehtiyaclar üçün istifadə olunurdu. Həm 44 günlük müharibədən əvvəl, həm də ondan sonra insanlar ağır sosial-iqtisadi şəraitdə yaşayıb. Azərbaycanın 2020-ci ildə başlatdığı Qarabağın bərpası prosesi ermənilərin yaşadığı şəhər və kəndlərə də təsir edə bilər. Məhz xuntanın ucbatından biz üç il itirdik, bu müddət ərzində Qarabağda ermənilərin həyatını yaxşılaşdırmaq olardı”.

Bu əlbəttə ki, sağlam yanaşmalardır. Eyni zamanda proses əlbəttə ki, zaman alacaq. Lakin o, sürətlənə də bilər, əgər icma qısa zamanda özü separatçı ünsürləri prosesdən kənarlaşdırıb neytrallaşdırılmasında Bakıya kömək etsə. Bəs rəsmi Bakı dialoq üçün icmanın konstruktiv nümayəndəsi qismində kimi görür? Bu şəxs Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov ola bilərmi? Azərbaycanın ehtiyat variantı varmı? Bu arada jurnalist Tatul Akopyan yazıb ki, separatçıların lideri Samvel Şahramanyan bugünlərdə Azərbaycanın yüksək rütbəli şəxsi ilə görüşüb və inteqrasiya məsələləri müzakirə edilib.

Yeri gəlmişkən, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib. Bildirilir ki, Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, sosial və humanitar məsələlərinin həll edilməsinə, qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırır. Silahları təhvil vermiş və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir".

Separatçılar bilsinlər ki, biz onları həbs edəndə heç hərbi əsir stasusları  da olmayacaq…”

Murad Saddədinov

Politoloq Murad Saddədinovun “Yeni Müsavat”a bildirdiyinə görə, Xankəndidə idarəetmə, onlara başçılıq edəcək şəxslərin seçilməsi, bütövlükdə separatizm mövcud olmuş bölgədə normal idarəçiliyin bərqərar edilməsi kifayət qədər çətin və ağrılı prosesdir. Onun fikrincə, bununla belə çıxış yolları Azərbaycan tərəfindən müəyyən olunub: "Prezident bəyan edib ki, Qarabağ erməniləri özlərinin yerli özünüdarəetmə hüququnu Azərbaycan Konstitusiyası çərçivəsində təşkil edə bilərlər. Amma Xankəndidə bələdiyyəyə seçiləcək şəxslər içərisində hərbi əməliyyatlarda iştirak etmiş canilər olmamalıdır. Habelə, separatçı qurumlarda təmsil olunmuş adamlar da bələdiyyədə iştirak edə bilməzlər. Ancaq bu şərtlərlə özünüidarəetmə mümkündür". Ekspert hesab edir ki, bundan əlavə, Azərbaycanın səlahiyyətli nümayəndəsi Xankəndinə təyin edilə bilər: “Hazırkı mövcud reallıqda Azərbaycanın icra orqanları formalaşacaq. Parlamentdə də təmsil oluna bilərlər. Necə ki Qarabağdan deputatlarımız var. Paralel olaraq sosial-iqtisadi, kommunal xidmətlərin orada idarələri yaradılacaq”. M.Sadəddinov Xorvatiya modelinin Xankəndidə tətbiq edilməsi versiyalarına gəlincə, bildirdi ki, xarici nümunələrin tərəfdarı deyil: “Azərbaycan torpaqlarında süni şəkildə yaradılmış aqressiv separatizm olub. Biz qanunlarımız çərçivəsində məsələləri tənzimləyəcəyik. Asayişin qorunması və təhlükəsizlik mövzuları texniki işlərdir, Azərbaycanla rus hərbi kontingenti arasında həll ediləcək məsələdir. Yəni daxili işimizdir və hansısa tərəf qarışa bilməz”.

Qulamhüseyn Əlibəyli: Azərbaycanın dinc əhalisinə qarşı qadağan edilmiş  silahlardan istifadə olunması müharibə cinayətidir

Qulamhüseyn Əlibəyli

Hüquqşünas Qulamhüseyn Əlibəylinin sözlərinə görə, Xankəndi və ətraf ərazilərdə mərkəzi idarəetmə sistemi olmalıdır: “Yəni komendatura tətbiq edilə bilər. Bu da sosial-iqtisadi problemlərin həlli ilə yanaşı normal idarəçiliyə xidmət etməlidir. Eyni zamanda bələdiyyə sistemi ilə idarəçilik mümkündür. Xankəndinə icra hakimiyyəti başçısı, Prezidentin səlahiyyətli nümayəndəsi təyin oluna bilər. Bu məsələlər Prezident tərəfindən müəyyən ediləcək. Həmin səlahiyyətli nümayəndənin müavinləri arasında müharibə cinayəti törətməmiş ermənilər ola bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR