İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının ildırımsürətli qələbəsi - xunta rejimi 24 saata “ağ bayraq” qaldırdı!

909 21.09.2023 07:55 Siyasət A A

Separatçıların tam kapitulyasiyası: “dəmir yumruq” yenə qüsursuz işlədi; BMT TŞ-də isə Qarabağ təzədən gündəmə gətirilir - Fransanın üçüncü cəhdi də boşa çıxacaq, çünki...

Azərbaycan Silahlı Qüvvələrinin 19 sentyabr saat 13 radələrində Qarabağ İqtisadi Rayonu ərazisində, Rusiya hərbi kontingentinin müvəqqəti təsir zonasında başlatdığı lokal xarakterli antiterror tədbirləri düz bir gün sonra, saat 13.00-da dayandırıldı.

Azərbaycan Müdafiə Nazirliyindən Musavat.com-a bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar. “Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir” - açıqlamada bildirilir.

Bununla da Azərbaycan dövləti 2020-ci il 10 noyabr bəyannaməsinin icra olunmayan bəndlərini təkbaşına icra etmiş oldu.

Qeyd edək ki, nazirlik üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə antiterror tədbirlərinə başlanıldığını bəyan etmişdi.

Sentyabrın 20-də, saat 14.00-da Müdafiə Nazirliyi tərəfindən media nümayəndələri üçün növbəti brifinq keçirilib. Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov brifinqdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri çərçivəsində qarşı tərəfə məxsus növbəti hərbi təyinatlı texnika, döyüş mövqeləri və sığınacaqlarının zərərsizləşdirilməsi həyata keçirilib. Bununla bağlı videomateriallar mütəmadi olaraq ictimaiyyətə təqdim olunub: “Bu ana olan məlumata əsasən, Ermənistan silahlı qüvvələri birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib. Eyni zamanda qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını (PDM) və xeyli sayda silah-sursat Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib. Bildirirəm ki, silah-sursatı tükənən Ermənistan silahlı qüvvələri birləşmələrinin hərbi qulluqçuları pərakəndə şəkildə təşviş içində döyüş mövqelərini tərk edirlər”.

Sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlaması iştirakçılara çatdırılıb: “Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirir ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir".

Brifinqin sonunda qeyd olunub ki, Müdafiə Nazirliyinin rəhbərliyi bununla bağlı qoşunlara müvafiq göstərişlər verib.

Qeyd edək ki, Qarabağdakı xunta rejimi Şahramanyanın rəhbərliyi ilə “təhlükəsizlik şurası”nı toplayıb və Azərbaycanın tələblərini qəbul etməyə, “ağ bayraq” qaldırmağa razı olub. Həmçinin Bakının tələbinə uyğun şəkildə sentyabrın 21-də Yevlax şəhərində görüşdə iştirakla bağlı mövqe ifadə olunub.

Ötən ilin avqustundan Rusiyadan Qarabağa köçərək bölgədə gərginliyin artmasında rol oynayan cani Ruben Vardanyan isə Azərbaycanın başlatdığı antiterror tədbirləri nəticəsində ağır durumla üz-üzə qaldıqlarını etiraf edib. Vardanyan “Reuters” agentliyinə müsahibəsində 100-ə yaxın itki verdiklərini, yüzlərlə şəxsin yaralandığını bildirib. “Rusiya susur və əslində bütün bu hərbi əməliyyata məhəl qoymur. Ancaq təkcə Rusiya deyil, dünya susur. Heç kim heç nə etmir: hamı buna məhəl qoymur, Rusiya susur, amma Qərb də” - Vardanyan deyib.

“Azərbaycan tərəfi Qarabağdakı separatçılara konkret siyahı təqdim edib və orada adları olan şəxslərin Bakıya təhvil verilməsini tələb edib”.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. Həmin siyahıda Qarabağdakı separatçıların keçmiş liderlərinin, separatçılıq prosesində aktiv olan şəxslərin, hərbçilərin, habelə I və II Qarabağ savaşlarında Azərbaycan Ordusu və mülki əhaliyə qarşı qəddarlıq etmiş, ağır cinayətlər törətmiş şəxslərin adları qeyd olunub.

“BMT Təhlükəsizlik Şurasının iclasına qədər Xankəndi götürülməlidir. Strateji təşəbbüs tamamilə Qarabağda antiterror tədbirləri zamanı bütün əsas sahələrdə ciddi irəliləyiş əldə edən Azərbaycan Silahlı Qüvvələrinin əlindədir”.

Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Erməni bölmələri rabitə itkisi və mərkəzləşdirilmiş döyüş nəzarətinin mümkünsüzlüyünə görə əsasən nizamsızdır. Əsas intriqa BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-nə təyin edilmiş Qarabağla bağlı iclası başlamazdan əvvəl (ABŞ-ın dəstəyi, Fransanın təşəbbüsü ilə) Azərbaycan Ordusunun həmin vaxta kimi Xankəndinə nəzarəti bərqərar edib-etməməsi ilə bağlıdır”, - o bildirib

Ermənistan Azərbaycanla separatçılar arasında danışıqlarda iştirak etməyib. Bu barədə isə TASS məlumat yayıb.

“Ermənistan Qarabağ üzrə imzalanmış mətnin hazırlanmasında və müzakirələrdə iştirak etməyib”, - deyə Ermənistan baş naziri Nikol Paşinyan qeyd edib.

Onun sözlərinə görə, hərbi əməliyyatların intensivliyi kəskin azalıb, lakin onlar tam dayanmayıb: “Ermənistan ümid edir ki, atəşkəsdən sonra Rusiya sülhməramlıları Qarabağın mülki əhalisini qoruyacaq”.

Asif Nərimanlı yazır...

 Asif Nərimanlı

Politoloq Asif Nərimanlı bildirib ki, erməni əhalisinin nümayəndələri sabah Yevlaxda reinteqrasiya prosesini müzakirə edəcək: “Görüş yeri üçün niyə Yevlax seçilməsi məsələsi haqda avqustun 1-də - bu məsələ ilk gündəmə gələndə yazmışdıq. Bu, ermənilərin Azərbaycana qarşı ərazi iddialarını bu iddiaların sərhədində təslim aktı ilə dəfn etmək məqsədi daşıyır və müəyyən qədər simvolik xarakterlidir. I Qarabağ müharibəsində ermənilər Azərbaycan ərazilərini Yevlağa qədər işğal etmək, bizi Kür çayının sol sahilinə qədər qovmaq istəyirdilər.

“Biz Yevlağa çatıb Azərbaycanın neft ixracının yolunu kəsməliyik” çağırışları edilir, erməni donuzların Yevlaxda Kür çayından su içdiyini əks etdirən karikaturalar yayırdılar. Hətta 44 günlük müharibənin ilk günlərində erməni təbliğat maşını “Azərbaycanı Yevlağa qədər qovmuşuq” eyforiyasına qapılmışdı".

Ekspert qeyd edib ki, Azərbaycan Ordusu cəmi 24 saata erməni silahlı dəstələrini təslim etməyə, erməni əhalisini bayrağımız altında yaşamaq şərtlərini müzakirə etmək üçün Yevlağa gəlməyə məcbur etdi. “Yevlağa qədər olan erməni iddiaları məhz Yevlaxda - Kür çayının sahilində dəfn olunacaq” - politoloq bildirib.

Baş verənlərə Rusiyanın reaksiyası diqqətçəkəndir. “Kreml Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığının vaxtının razılaşdırılmasını gözləyir”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O əlavə edib ki, ehtiyac olarsa, Rusiya dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə danışacaq, lakin bu, hələ planlaşdırılmır. D.Peskov Qarabağdakı sülhməramlılardan danışarkən deyib ki, onlar sxolastika ilə məşğul olmurlar, real işlər görürlər və mülki əhalinin təxliyəsinə kömək edirlər. Kreml nümayəndəsi vurğulayıb ki, Ermənistan Rusiya üçün müttəfiq və tərəfdaşdır, həm Bakı ilə, həm də Qarabağdakı ermənilərlə təmaslar davam edir (Report).

“Qarabağda de-yure baxımdan söhbət Azərbaycanın öz ərazisindəki fəaliyyətindən gedir”.

Bunu da Dmitri Peskov deyib. O qeyd edib ki, Moskva İrəvanın Qarabağla bağlı qınaqlarını qəbul etmir.

“Bizim sülhməramlılarımız bu münaqişədə iştirak edən bütün tərəflərlə çox fəal işləyir”.

Musavat.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Sülhməramlılarımız bu münaqişədə iştirak edən bütün tərəflərlə çox fəal işləyir. Onlar mülki insanları qorumaq üçün hər şeyi edirlər”, - o bildirib.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov müxtəlif xarici KİV-ə, o cümlədən Fransanın “Radio France Internationale” radiosuna, “l’Opinion” qəzetinə, “France 24" televiziya kanalına, İsrailin ”Israeli Public Broadcasting Corporation" teleradio şirkətinə, İsrail Müdafiə Qüvvələrinin rəsmi radiostansiyası olan “Qaley Tzahal”a, həmçinin, ərəbdilli “Asharq News”, “Almash’had TV” və “Al Jazeera” kanallarına verdiyi müsahibələrdə Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin səbəblərini ətraflı izah edib.

Musavat.com xəbər verir ki, Elçin Əmirbəyov antiterror tədbirlərinin məqsədlərindən danışarkən vurğulayıb ki, hədəf 30 ildən artıqdır ki, Ermənistanın qanunsuz hərbi kontingentinin yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində təhlükəsiziliyi təmin etməkdir.

Onun sözlərinə görə, görülən tədbirlərin məqsədi həm də hərbi birləşmələrin tərk-silah edilməsi və onların Azərbaycan Respublikası ərazisindən dərhal çıxarılmasından ibarətdir. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vurğulayıb ki, Azərbaycan həyata keçirdiyi antiterror tədbirlərinin ilk günlərindən bəyan edib ki, bu tədbirlər taleyin hökmü ilə Xankəndidə yerləşən hərbi xuntanın girovuna çevrilmiş dinc mülki erməni əhalisinə qarşı yönəlməyib və onlar heç bir halda Azərbaycan Silahlı Qüvvələrinin hədəfində ola bilməzlər.

Elçin Əmirbəyov qeyd edib ki, yuxarıda göstərilən bütün addımlar həm də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına imkan verəcək və Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əhalisi arasında dialoqun qurulması üçün əlverişli şərait yaradacaq. Bununla da Qarabağdakı erməniəsilli əhalinin Azərbaycanın hüquqi məkanına dinc yolla reinteqrasiyası təmin olunacaq.

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 78-ci sessiyasında ali kürsüdən “Qarabağ Azərbaycandır” deməsi və uca səslə Azərbaycana dəstəyini ifadə etməsi növbəti dəfə hər birimizi qürurlandırdı. Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkənin liderinin bu dəstəyini yüksək qiymətləndirib və ona təşəkkür edib.

Son 2 həftə: saxta rejimin məhv edilməsi üçün ŞOK əməliyyat.... - Gözlər  BAKIDA

Qardaş ölkədən dəstək davam edir. “Haqlı Qarabağ mübarizəsində can Azərbaycanın yanındayıq”. Bunu “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar “X”də yazıb. “Tarix boyu paylaşdığımız tale birliyini bu gün də davam etdiririk”, - deyə o vurğulayıb.

Ermənistan isə yenə də ziddiyyətli mövqe nümayiş etdirir. Azərbaycanın daxili işlərinə burun soxan ölkə hakimiyyətinin başçısı Nikol Paşinyan vəziyyətin gərginliyini anlayaraq Ermənistanın hələ 2021-ci ildən Azərbaycanda hərbçilərinin olmadığını iddia edib. Bununla belə, yenə də sərsəm ittihamlarını davam etdirib.

“Bütün bunlar Azərbaycanın son addımları deyil”. Bu barədə isə qondarma qurumun “keçmiş xarici işlər naziri” Karen Mirzoyan danışıb. O, elan edilmiş atəşkəsin perspektivlərinə şübhə ilə yanaşdığını bildirib. Mirzoyanın fikrincə, “Bakı İrəvanı təkcə regionda deyil, bütün dünyada faktor kimi sıradan çıxarmağa yönəlmiş siyasətini davam etdirəcək”.

K.Mirzoyan hələ də hansısa imkanların qaldığından bəhs edib. Ancaq o, bu imkanların Paşinyan iqtidarında olmayacağını bildirib. “Çətin ki, Paşinyanın tutduğu kursdan fərqli addımlar atsın. O, müəyyən siyasi məqsədlər güdür və bu yolda heç nə ilə dayanmayacaq. Hazırkı iqtidar öz səriştəsiz xarici və daxili siyasəti nəticəsində hətta Ermənistanın özündə nəyisə gerçəkləşdirməyə qadir deyil. Azərbaycan rahatlıqla Ermənistanı zavodun tikintisini başqa yerə köçürməyə vadar edə, Ermənistanda müəyyən qanunların tətbiqini və ya tətbiq edilməməsini tələb edə bilər”, - deyə Mirzoyan yekunlaşdırıb.

“İrəvan Dağlıq Qarabağın atəşkəslə bağlı mövqeyini dəstəkləyir”.

Bunu isə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib. XİN rəsmisi ardınca iddia edib ki, Dağlıq Qarabağ və Bakı erməniləri arasında münasibətləri tənzimləmək üçün beynəlxalq mexanizm lazımdır. Göründüyü kimi, yenə də “beynəlxalq mexanizm” nağılından bəhs edirlər.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası sentyabrın 21-nə təyin edilib. “Görüş cümə axşamı baş tutmalıdır”, - adı çəkilməyən mənbə TASS agentliyə deyib.  İclasın Nyu-York vaxtilə günün ikinci yarısında olacağı gözlənilir. Agentlik xatırladıb ki, bugünlərdə BMT-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi keçirilir, ona görə də bir neçə nümayəndə heyətinin rəhbəri iclasda iştirak edə bilər.

Qarabağda TARİXİ AN: 24 saata zəfər

Xatırladaq ki, BMT TŞ ilə bağlı təşəbbüs bu dəfə də Ermənistanın aqressiyasını, işğalçı siyasətini davamlı şəkildə dəstəkləyən Fransaya məxsusdur. 44 günlük müharibədə Azərbaycana qarşı qətnamə qəbul olunması üçün fövqəladə iclasın çağırılmasına cəhd etsə də, buna nail olmayan, postmüharibə dövründə isə artıq 3-cü dəfə (bundan əvvəl avqustun 18- və keçən ilin dekanrı) eyni təşəbbüslə çıxış edən rəsmi Paris ermənipərəst siyasətindən əl çəkmir. Prezident Makronun Azərbaycanın antiterror tədbirlərinə qəzəbli reaksiyası da Bakını dayandıra bilmədi, odur ki, absurd iddialarını davam etdirməkdən əl çəkmir. Ancaq fakt budur ki, Azərbaycan dövləti beynəlxalq hüquqa tam istinad edərək özünün ərazi bütövlüyünü təmin etmək, nəzarətdən kənarda qalmış ərazilərdə suveren hüquqlarını bərpa eləməkdən ötrü zəruri tədbirlər görüb, lokal əməliyyatlar aparıb, buna qarşı çıxmaq bəşəri dəyərlərə tüpürməkdir ki, Makron Fransası belə bir sərsəm mövqe sərgiləyir. Hər bir halda BMT TŞ-nin 4 qətnaməsini 30 il ərzində icra etməyən Ermənistanı müdafiə etmək simasızlıqdır!

Beləcə, Azərbaycanın 30 il ərzində işğalda olan ərazilərinin böyük hissəsini azad etməkdən ötrü rəşadətli Ordumuza 44 gün lazım olmuşdusa, qalan ərazilərdəki terrorçu tör-töküntülərini, Ermənistan ordusunun hərbi birləşmələrini - onların sayının minimum 10 min olduğu bildirilir - “ağ bayraq” qaldırmağa vadar etmək üçün cəmi 24 saat gərək oldu!

Təbriklər, Azərbaycan! Təbriklər, Ali Baş Komandan! Yeni zəfərlərimiz mübarək! Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin! 

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR