Futbol üzrə 2025-2026-cı il mövsümü bir az yorucu və zəhlətökən oldu. Yəqin ki, bunun səbəbi “Qarabağ”dır, Ağdam klubu Avropa Liqası mərhələsində mübarizəni adətən, dekabrda dayandırırdı, bu dəfə isə Çempionlar Liqasında ilk 24 klub siyahısında yer tutduğu üçün yanvar ayında da qarşılaşmalar oldu və mövsüm o səbəbdən uzun çəkdi.

Daha təəssüflənmək və “çempionluq qatarının” arxasınca baxmamaq lazımdır. Qurban Qurbanov da son açıqlamalarında daha çox klubun oyunçularının mövsümdəki yorğunluğundan danışır və o da bu mövsümü başa vurmaq üçün tələsir. “Qarabağ” ÇL itirdiyi gücü milli çempionatda bərpa edə bilmədi, o səbəbdən də büdrədi və heyətini gücləndirmiş “Sabah” da “fürsət bu fürsət” deyib, turnir cədvəlində liderliyi ələ keçirdi və çempionluğu əldən vermədi.
Bunu bir dəfə də yazmışam ki, “Sabah” bu mövsüm çempionluğu layiqli mübarizə apardı, haqqı olan titulu da qazandı. “Sabah”ın necə deyərlər, köksüz klub olması onun qüsuru deyil, cəmi 10 il əvvəl yaradılmış Kiprin “Pafos” klubu bu mövsüm ÇL oynadı. “Sabah” tarixində ilk dəfə ölkəmizi Çempionlar Liqası yarışında təmsil edəcək, mübarizəyə 1-ci təsnifat mərhələsindən qoşulacaq. Potensial rəqiblər “Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Drita” (Kosovo), “Linkoln” (Cəbəllüttariq), “Boraç” (Bosniya və Herseqovina), “Vikinqur” (İslandiya), “Kayrat” (Qazaxıstan), “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları) və “Flora”dır (Estoniya).Daha 4 rəqib isə hələlilk qeyri-müəyyəndir. Bu səbətə “Larne” (Şimali İrlandiya), “Petrokub” (Moldova), TNS (Uels), “İnter Eskaldes”in (Andorra), Ermənistan çempionu, Rumıniya çempionu və Macarıstan çempionunun düşmək ehtimalı da var.
“Qarabağ”a gəlincə, Avropada uğurlu sayılacaq mövsümdə heç olmasa, ölkə kubokunu qazana bilərdi, amma bu istəyi də alınmadı, yenə də qarşısını “Sabah” kəsdi, kubokun finalında da “Zirə” yə rəqib oldu.
Bakının iki kənd-qəsəbəsini təmsil edən klublarının kubokun bugünkü finalında ən güclünü müəyyənləşdirsəydilər dərd yarı idi. Bakı kəndlərinin finalı iki əyalət təmsilçisinin (Ağdamın “Qarabağ” və Tovuzun “Turan” klubunun) və paytaxtın tarixi “Neftçi”sinin də Avrokuboklardakı taleyinə aydınlıq gətirməli idi. Təsəvvür edin ki, yaranmış qəliz vəziyyətə görə “Qarabağ”ın azarkeşləri 90 (və ya 120)dəqiqəlik olsa da, “Sabah”ın qələbəsi üçün dua etməli idi...
Çünki “Sabah” kuboku qazanacağı təqdirdə, milli çempionatda böyük ehtimalla ikinci yeri tutacaq “Qarabağ” Avropa Liqasında oynamaq hüququ qazanacaqdı. Üçüncü yeri tutmaq şansını qarantiləmiş “Turan Tovuz”un da “Sabah” ın qələbəsini arzulamaqdan başqa yolu qalmamışdı, çünki bu halda, onlar da UEFA Konfrans Liqasına 1-ci deyil, 2-ci mərhələdən mübarizəyə başlayacaqdı. Konfrans Liqasına getmək şansı olan “Neftçi” də “Sabah”ın qalib gələcəyi halda, UEFA Konfrans Liqasına 1-ci təsnifat mərhələsinə qatılacaqdı.

“Zirə” qalib gələcəyi təqdirdə isə... “Qarabağ” Konfrans Liqasında oynamalı, “Turan Tovuz” Avrokuboklara Konfrans Liqasına 1-ci mərhələsindən başlamalı idi. “Neftçi” isə “Zirə” nin kubok niyyətinin gerçəkləşəcəyi halda, avrokuboklardan kənarda qalmalı idi. Belə bir qəliz vəziyyət...
Yeri gəlmişkən, Valdas Dambrauskasın “Sabah”dan əvvəl rəhbərlik etdiyi “Omoniya”“Zirə”ni 6:0 udmuş, bu mövsüm də iki dəfə Rəşad Safıqovun klubunu məğlub etmişdi. Bu dördüncü qarşılaşmada “Zirə”nin revamş şansı vardı. “Sabah” kubokun son qalibi idi, “Zirə” isə iki dəfə finala vəsiqə əldə etsə də, kuboku qazana bilməmişdi.
Final oyunu xüsusi ləzzətli alınmadı. “Palms Sports Arena”da keçirilən qarşılaşmada ilk qolu 4-cü dəqiqədə “Zirə” vursa da, üstünlüyü sonadək saxlamaq çətin oldu. İkinci hissədə “Sabah” 70-ci və 90-cı dəqəqələrdə vurduğu qollarla “Zirə”ni yenə kuboksuz və Avroliqalardan kənarda qoydu, özləri isə “qızıl dubl” etdilər. Bu dəfə isə təkcə özləri üçün oynasalar da, başqa klubların da üzünü güldürdülər.
Nazim SABİROĞLU,
Musavat.com






