İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan Vaşinqtona səfir MESAJI  

5116 18.01.2024 14:47 Siyasət A A

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Libbinin etimadnaməsini qəbul edib.

Azərbaycan Prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Səfir ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə münasibətlərin perspektivlərinə, həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb. İqtisadi, enerji sahələrində və iki ölkənin biznes dairələri arasında əməkdaşlıq məsələlərinə toxunulub.

Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə fikir mübadiləsi aparılıb.

ABŞ səfiri COP29-un bu il Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

Görüşdə COP29 çərçivəsində Azərbaycanla ABŞ arasında iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq imkanlarına da toxunulub.

Yada salaq ki, səfirin gəldiyi zaman ABŞ və Azərbaycan arasında münasibətlər gərgin idi. Belə ki, ABŞ Konqresində dinləmələr zamanı dövlət katibinin köməkçisi O'Brayen bəyan etmişdi ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanana qədər Vaşinqton Bakı ilə əlaqələri dayandırır.

Buna cavab olaraq Bakı ABŞ-ı USAİD və digər donor təşkilatları vasitəsilə Azərbaycan əleyhinə fəaliyyət göstərməkdə ittiham etdi.

Xatırladaq ki, ötən il dekabrın 15-də Mark Libbi xarici işlər naziri Ceyhun Bayramova etimadnaməsinin surətini təqdim edib. Vyana Konvensiyasına görə, etimadnamənin surəti Xarici İşlər Nazirliyinə təqdim olunsa belə, dövlət başçısı etimadnaməni qəbul etməyibsə, səfir rəsmi  fəaliyyətə başlaya bilməz. Diplomatik nümayəndənin etimadnaməsinin dövlət başçısı tərəfindən qəbulu proseduru uzadılırsa, bu, əslində səfirin təmsil etdiyi dövlətə qarşı etirazdır.

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi (Mark Libby) Azərbaycanda səfir kimi rəsmi işinə başlamaqdan şərəf duyduğunu bildirib.

Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

“Mən ABŞ-ın Azərbaycandakı səfiri kimi rəsmi işimə başlamaqdan şərəf duyuram. Mən Azərbaycanı kəşf etməyi, Azərbaycan xalqı ilə görüşməyi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün çalışmağı səbirsizliklə gözləyirəm”,-əlavə edilib.

Yuxarıda da qeyd etdiyimiz kimi ABŞ-ın yeni səfiri Azərbaycana dekabrın 2-də gəlib, amma etimadnaməsinin qəbul olunmasını düz 47 gün gözləməli oldu.

Yəqin ki, ABŞ bu yubanmanın səbəbləri və arxasında duran mesajı başa düşdü. Maraqlıdır ki, Prezident İlham Əliyev bu gün ABŞ səfirinin etimadnaməsini Seneqal və Syerra-Leonenin yeni səfirlərindən sonra qəbul edib. Yəni üçüncü. Bir tərəfdən, təbii ki, Azərbaycan üçün dövlətin böyük ya kiçik olmasının heç bir fərqi yoxdur və belə məsələlərdə diplomatik praktikadan çıxış edirik. Amma yəqin ki, ABŞ səfirinin Seneqal və Syerra-Leone səfirlərindən sonra olmasında da diplomatik jest və mesaj var. Ümid edirik ki, mesaj ünvanına çatdı.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra ABŞ ilə sıx əməkdaşlıq edib. Ekspert enerji və təhlükəsizlik sahəsində əməkdaşlığa diqqət çəkərək qeyd edib ki, ABŞ-dakı ermənipərəst dairələr hər zaman iki ölkə arasındakı münasibətlərə mənfi təsir etməyə çalışırlar:

“Sözügedən dairələr münasibətlərə Dövlət Departamentinin hesabatları vasitəsilə təsir ediblər. ABŞ Cənubi Qafqazda rol almaq istəyir, amma Dövlət Departamenti anti-Azərbaycan mövqeli açıqlamalar verir, hesabatlar yayılır. Bu, ABŞ-ın milli, təhlükəsizlik maraqlarına ziddir. ABŞ Cənubi Qafqazda möhkəmlənmək istəyirsə, Azərbaycanla əlaqələri inkişaf etdirməlidir. Fransan anti-Azərbaycan mövqeyindən çıxış etdiyi üçün heç zaman regionda möhkəmlənə bilməyəcək. ABŞ Fransanın yolunu getmək istəmirsə, münasibətləri inkişaf etdirməlidir. ABŞ-ın yeni səfirinin etimadnaməsinin gec qəbul edilməsi Bakının Vaşinqtona mesaj idi. Biz ABŞ ilə münasibətləri gərginləşdirmək istəmirik, əməkdaşlıqda maraqlıyıq və bunun qarşılığını görmək istəyirik. Bu mesaj səfirin etimadnaməsinin qəbul edilməsi ilə çatdırıldı”. 

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR