İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan İrəvana son xəbərdarlıq - gələn il şərtlər ağırlaşa bilər!

1710 10.07.2024 09:15 Siyasət A A

Ermənistan üçün ən uzaq vaxt bu ilin sonudur; müstəqillik bəyannaməsinə düzəliş də xilas yolu deyil, çünki...

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında pauza davam edir. Əgər sülh müqaviləsinin müzakirə edilən mətnlərinin məktub mübadilələri nəzərə alınmazsa. İrəvan rəsmiləri isə başda xarici işlər naziri Ararat Mirzoyan olmaqla, dil boğaza qoymadan bəyan edirlər ki, guya Ermənistan sülhə hazırdır və cəmi bir araya sülh sənədi imzalana bilər. 

Yəni belə təsəvvür yaratmağa çalışırlar ki, sanki prosesə əsas əngəl Bakıdır. Təbii ki, belə deyil. Ermənistan, həmişəki kimi, imitasiya ilə, siyasi boşboğazlıqla məşğuldur.  

“Qarşıda hədəflərimiz çoxdur. Ölkəmizin suverenliyinə qarşı təhdidlərin aradan qaldırılması əsas prioritetdir”.

Bunu srağagün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda Azərbaycanın milli maraqlarına cavab verən siyasət təmin edilir.

XİN rəhbəri Ermənistanla münasibətlərin normallaşması prosesinin hazırkı vəziyyəti barədə danışarkən isə deyib: “Mütəmadi olaraq Ermənistanla sülh gündəliyinin prioritetləri barədə ictimaiyyətə məlumat verilir. Dünya ictimaiyyəti bilir ki, işğal faktı aradan qaldırılıb. 2021-ci ilin yanvarında Prezident İlham Əliyev açıq çıxış edərək sülh gündəliyini Ermənistana təklif etdi. Sülh müqaviləsinin müzakirəsi üzrə açıq sualların sayı xeyli azalıb. Təəssüf ki, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiası qalmaqdadır. Sülhə tam nail olunması üçün bu amil aradan qaldırılmalıdır”.

Bəs Ermənistanın, nəhayət, bu il Bakının haqlı tələbini yerinə yetirməsi, referendum keçirib öz konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırması nə dərəcədə real görünür?

Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyevə görə, əslində referenduma gərək yox, bunun əvəzinə parlament Ermənistanın müstəqillik bəyannaməsini dəyişdirə bilər - harada ki, ölkəmizə qarşı iddiaları yer alır. Sitat: “Həmin bəyannaməni vaxtilə Ermənistan SSR Ali Soveti qəbul edib. Ermənistan parlamenti bu hüquqi düzəlişi etmək ixtiyarına malikdir. Belə olan halda sülh müqaviləsinə maneə olan hüquqi əngəl aradan qalxmış olacaq”.

İlham Əliyevin seçkilərdə hər hansı ciddi rəqibinin olması düşünülə bilməz  - Fərhad Mehdiyev

Fərhad Mehdiyev

Rəsmi İrəvan heç olmasa, buna gedərmi, tələsəcəkmi? Bilə-bilə ki, gələn il sülh şərtləri onun üçün fərqli və daha ağır ola bilər...

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın müstəqillik bəyannaməsində dəyişiklik etməklə məsələnin tam həlli mümkün deyil: “Axı Ermənistanın konstitusiyasında Türkiyəyə də qarşı ərazi iddiası var. Bu iddia müstəqillik bəyannaməsi dəyişdirilsə də, konstitusiyada ayrıca olaraq qalacaq. Biz isə Ermənistanın konstitusiya dəyişikliyinə getməklə həm Azərbaycana, həm Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılmasını istəyirik. Cənab Prezident də bu məsələ ilə bağlı öz mövqeyini qəti şəkildə qoyub. Ermənistan öz konstitusiyasını dəyişməlidir. 

30 ildir Ermənistanın konstitusiyası dəyişmir. Bu konstitusiya, ümumiyyətlə, köhnəlib və əslində Ermənistana uğur gətirmir. Ona görə də bu ölkə mütləq “ana qanunu”nu dəyişdirməlidir. Ermənistan rəhbərliyi bilir ki, bunu etməlidir. Ermənistan buna gedəcək. Amma bunun bu il ərzində baş tutacağını dəqiq deyə bilmərəm. Əgər konstitusiya mətninin üzərində iş gedəcəksə, bu işi bir-iki aya həyata keçirmək mümkündür. Bundan sonra isə ümumxalq müzakirəsinə çıxarıb ilin sonuna kimi referendumla məsələni həll etmək olar. Ümid edirəm belə də olacaq. Belə olarsa, sülh müqaviləsi də tezliklə reallaşar".

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - TurkicWorld

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, təhlükəsizlik sisteminin gücləndirilməsi üçün bir sıra məsələlər aradan qaldırılmalıdır. Rəsmi Bakının tələbi bundan ibarətdir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır: “Ermənistan konstitusiyasının preambula hissəsində Ermənistanın Müstəqillik haqqında Bəyannamə sənədinə istinad edilir. Həmin bəyannamədə isə "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi" fikri əksini tapır. Bu da Ermənistanla Azərbaycan arasında sülhə böyük əngəl yaradır. Ermənistan konstitusiyası mütləq dəyişdirilməlidir. Bununla bağlı cənab Prezident İlham Əliyevin müvafiq bəyanatları olub. 

Müxtəlif versiyalardan biri də müstəqillik haqqında bəyanamədə dəyişikliyin edilməsidir. Ermənistan bunu parlamentin müzakirəsinə çıxarsa belə, yenə də Ermənistan konstitusiya dəyişikliyinə getməlidir. Bu edilməlidir ki, ardınca sülh sazişi imzalansın. Ermənistanın konstitusiya dəyişikliyinə gedib-getməməsi sülh istəyib-istəmədiyinin göstəricisi rolunda çıxış etməkdədir. Əgər sülhə sadiqdirlərsə, konstitusiya dəyişikliyini həyata keçirməlidir. Nəzərə almaq lazımdır ki, konstitusiya dəyişikliyinə gedilməsinin özü müəyyən vaxt alan prosesdir. İrəvan bunu da nəzərə almalı və tezliklə yekun qərar verib referenduma getməlidir". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR