Azərbaycan ilə Ermənistan arasında kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası fonunda bu gün Bakıdan Ermənistana doğru növbəti irihəcmli neft məhsulları partiyası yola salınıb.
Musavat.com xəbər verir ki, bu gün Azərbaycandan Ermənistana rəsmi olaraq 971 ton benzin və 467 ton dizel yanacağı göndərilib. Verilən məlumata görə, "AI-92" markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqon-çən və dizel yanacağı daşıyan 8 vaqon-çən Bakının Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətinə hərəkət edib. Strateji əhəmiyyətli bu yük Gürcüstan ərazisindən tranzit keçməklə birbaşa Ermənistana çatdırılacaq.
Qeyd olunur ki, bu addım iki ölkə arasındakı ticarət dövriyyəsinin ilk göstəricisi deyil. Son rəsmi statistikaya əsasən, indiyədək Azərbaycandan Ermənistana ümumilikdə 14 min tondan çox dizel yanacağı, həmçinin 4 min tondan artıq "AI-92" və "AI-95" markalı yüksəkkeyfiyyətli avtomobil benzini ixrac edilib. İqtisadi ekspertlər Ermənistanın daxili enerji bazarının tədricən daha ucuz və keyfiyyətli Azərbaycan yanacağından asılı vəziyyətə gəlməsini regionda uzunmüddətli sülhün və qarşılıqlı etimad mühitinin formalaşması üçün mühüm zəmin kimi qiymətləndirirlər.
Musavat.com






