İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda mənzilləri bahalaşdıran səbəblər - ekspertlər deyir ki...

2074 18.04.2024 08:25 Ölkə A A

İqtisadçı: “Regionlardan Bakıya olan axın tələbi artırır, o səbəbdən...”

2024-cü ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-cü ilin son rübünə nisbətən 8,1% yüksəlib. Cari ilin I rübündə ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5%, təkrar mənzil bazarında isə 8,1% artıb. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin I rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüblə müqayisədə 2,2%, o cümlədən ilkin mənzil bazarı üzrə 3,1%, təkrar mənzil bazarı üzrə 2,2% artıb. 

2023-cü ilin 3-cü rübündə isə mənzil bazarında qiymət indeksi əvvəlki rüblə müqayisədə 2,8 faiz artıb. Bundan başqa, qiymət indeksi göstəriciləri ilkin mənzil bazarı üzrə 1,8 faiz, təkrar mənzil bazarı üzrə 2,8 faiz artıb. Mənzil bazarında qiymət indeksi 2023-cü ilin yanvar-sentyabr aylarında 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən 10%, ilkin mənzil bazarı üzrə 8 faiz, təkrar mənzil bazarı üzrə 10 faiz artıb.

Bakıda bir neçə ay öncə daha çox həyət evləri bahalaşmışdı. İndi isə görünən budur ki, bina evlərində mənzillərə daha çox tələbat artıb. 

Bəs bahalaşmanın əsas səbəbləri nədir? 

Ekspert: “Yeni tikilmiş binalarda komendant özbaşınalıqları baş alıb gedir”  - 30.07.2019, Sputnik Azərbaycan

 Elnur Azadov

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bahalaşmanın əsas səbəbi mənzil bazarında olan qıtlıqdır: “Bahalaşmanın əsas səbəbi daşınmaz əmlakların təklifində olan qıtlıqdır. Təkliflər tələbləri üstələmir və qiymətlər bahalaşdığı üçün ipoteka müraciətləri çoxalır. Tikinti şirkətləri tərəfindən də rəqabət az olduğu üçün onlar qiymətləri bazara uyğun olmayan tərzdə qaldırırlar. Əsas səbəb məhz budur. Yəni əgər bazarda rəqabət yüksək olarsa, təklif sayı tələbi üstələyərsə, bu həcmdə qiymət artımı müşahidə olunmaz”.

Ekspert paralel olaraq, ipoteka kreditlərinə olan müraciətlərin artmasını da qeyd edib. Bununla yanaşı, ekspertlər mənzillərin məhz paytaxtda bahalaşmasının digər subyektiv səbəbinin də olduğunu bildirir. Belə ki, Bakıətrafı qəsəbələrə gedən yollarda, həmçinin Sumqayıt yolunda həlledilməz tıxaclar üzündən son dövrlər xeyli sakin buradakı evlərini satıb, paytaxtın Yasamal, Nizami rayonlarında mənzillər almağa çalışır. Yəni onsuz da sıx olan paytaxtda əhali daha da artacaq...

tttt.jpg (100 KB)

Eldəniz Əmirov

İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, paytaxtda binaların qiymətində artımların səbəbi təklifin az olması ilə bağlı deyil, tələbin çox olması ilə bağlıdır: “Bunu belə izah edək ki, daşınmaz əmlak bazarının da fəaliyyətinin formalaşması üçün ciddi məbləğdə vəsait tələb olunduğundan tələb formalaşmadığı halda təklif artmır. Tələbin artması müşahidə edildikcə təklif də artır. Burada tələbin artmasından başqa digər faktorların da rolu var. Birinci tələbin artmasıdır, ikinci səbəb paytaxtda torpaq resursunun məhdudluğudur. Bu, torpaq qiymətinin kəskin baha olmasına gətirib çıxarır. Eyni zamanda mənzilin qiymətinə təsir edir. Tikinti materiallarının qiymətinin də rolu var, amma bu rolu hədsiz dərəcədə yuxarı qiymətləndirmək doğru olmazdı. Çünki o vaxt tikinti materiallarının qiyməti əmlak bazarına tələbin formasından daha yuxarı təsir edir deyə bilərik ki, rayonlarda da eyni mənzərə olsun, yaxud da oxşar mənzərə olsun. Yəni tikinti materiallarının qiyməti təqribən rayonlarda və paytaxtda eynidir. Eyni olduğu halda Bakıda mənzillərin baha satılması onu deməyə əsas verir ki, qiymətin formalaşmasında əsas faktor tikinti mallarının qiymətindən digər faktorlar önə çıxır. Fikrimi ümumiləşdirsəm, mənzil bazarında qiymətlərin kəskin artmasının səbəbi tələbin artmasıdır. Tələbi artıran isə regionlardan Bakıya olan axındır. İkincisi, insanların öz vəsaitlərini daha çox daşınmaz əmlak bazarına etibar etməsidir”.  

Ramil Osmanlı - günün əsas xəbərləri və mövzu ilə bağlı əsas hadisələr -  Sputnik Azərbaycan

Ramil Osmanlı

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, mənzil bazarında qiymətlər ilkin mənzil bazarındakı qiymətlərdən daha ucuzdur: “Çünki vətəndaşlar tikinti şirkətlərindən qiymət artırmaq barəsində daha insaflıdırlar. Daha adekvat addım atırlar. Faizlərin artmasına makro və mikroiqtisadi amillər təsir edir. Ölkəyə pul axınının və ümumdaxili məhsulun artımı, ümumi iqtisadiyyatda göstəricilərin dəyişməsi və digər səbəblər daxildir. Daxili faktorlara isə inzibati təsirlər, ipoteka kreditlərinə ayrılan vəsaitlərin həcminin artımı, tikinti materiallarının və işçilik qiymətlərinin artımı, tikinti şirkətlərinin əmlak bazarına adekvat olmayan daxili qiymət siyasətlərini misal göstərmək olar. Bütün bunlar bir-birinə bağlı olan məsələlərdir. Nəticədə də ortaya yüksək rəqəmlər çıxır”.

Afaq MİRAYİQ, 
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR