İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Zaxarovanın cavabını verdi - “Azərbaycan kiminsə çağırışı ilə...”

9127 11.07.2023 11:56 Siyasət A A

Rusiya XİN nümayəndəsi separatçıların ağzı ilə Laçın yolunda “blokada”dan danışır, nazir Bayramovun reaksiyası gecikmədi; Moskva-Bakı xəttində gərginliyin səbəbi nədir?

“Biz son iki il yarıma yaxın vaxtda, həmçinin 30 illik işğal dövründə də onlarla, yüzlərlə, hətta minlərlə müxtəlif çağırışlar eşitmişik”. “Yeni Müsavat” bildirir ki, bunu iyulun 9-da jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Laçın yolu ilə bağlı açıqlamasına münasibət bildirən xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Təbii ki, bu çağırışları eşitmək lazımdır. Təhlil etmək vacibdir. Biz də bunu edirik, adekvat reaksiyalar veririk. Zaman onu göstərdi ki, məsələlərin düzgün istiqamətdə inkişafı və həll edilməsi üçün Azərbaycan tərəfi özü sistemli tədbirlərini görməlidir və görür. Azərbaycan dövlətinin özünün beynəlxalq hüququn norma və prinsiplərini gözləməklə məsələləri həll etmək üçün konkret baxışı var. Biz kimlərinsə çağırışı və baxışına görə yox, öz milli maraqlarımıza görə siyasətimizi həyata keçiririk. Əminik ki, bu siyasət müsbət nəticələr verəcək”, - deyə nazir əlavə edib.

İyulun 6-dakı brifinqdə M.Zaxarova Bakını “Laçın dəhlizini açmağa və dəhlizdə sərbəst hərəkəti bərpa etməyə” çağırmışdı. Yəni ki, guya yol bağlıdır və Bakı onu blokadaya alıb. “Moskva atəşkəs rejiminin pozulması və Laçın dəhlizinin blokadasının artması hallarından son dərəcə narahatdır. Bu, üçtərəfli razılaşmalara ziddir. Rusiya sülhməramlıları vəziyyətə yerdəki proseslərə uyğun və üçtərəfli bəyanatlar çərçivəsində reaksiya verəcək”, - Rusiya XİN sözçüsü az qala hədələyici tonda bildirmişdi. Halbuki ötən həftə (7 iyul) BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi də öz qərarı ilə təsdiqlədi - Azərbaycanın sərhəddə Laçın nəzarət - buraxılış postu qurması qanunsuz deyil. Rusiya XİN sözçüsünün anti-Azərbaycan açıqlaması və nazir Bayramovun ona reaksiyası Bakı-Moskva münasibətlərində hansısa soyuqluqdan xəbər verir. Laçın yolunda rus hərbçilərin müəyyən problemlər yaratdığı haqda son məlumatlar da nəzərə alınmaqla, bu münasibətlər hazırda soyuq dönəmdən keçir. Bu gərginlik hara qədər davam edə bilər? Rusiya XİN-in Laçın postu ilə bağlı çağırışı müvəqqəti gərginlik üzərindəndir, yoxsa nəzarət mexanizminin yığışdırılmasına qədər təzyiqlər güclənə bilər?

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya ilə hər nə qədər əlaqələr qurulur, sənədlər imzalanır, yenə də vaxtaşırı gərginlik yaşanır. “Rusiya bölgədə münaqişənin həllində yox, konservləşdirilməsində maraqlıdır. Azərbaycan da buna cavab vermək məcburiyətində qalır. Biz addımlarımızı ölçülü-biçili atırıq. Hazırda sülh danışıqları ABŞ-ın təşəbbüsü ilə keçirilir. Rusiyanın Qərbin moderatorluğundan xoşu gəlmir, bu da Bakı-Moskva əlaqələrinə bir tərəfdən təsir edir. Nəticədə gah Zaxarova çağırış edir, gah bayrağımız təhqir olunur. Yəni Kremllə aramızdakı münasibətlərdə soyuqluq hələ davam edəcək. Çünki sülhməramlıların bölgədən getməsinin vaxtı yaxınlaşdıqca əlaqələrdə gərginlik dərinləşə bilər. Azərbaycan rus hərbi kontigentinin fəaliyyətindən narazıdır və üzərinə düşən öhdəlikləri yerinə yetirmirlər. Biz bu tələbi qoyduqca Rusiya ilə tez-tez müəyyən narahatlıqlar meydana gələcək”, - partiya sədri belə düşünür.

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

 Elxan Şahinoğlu 

Analitik Elxan Şahinoğlu isə hesab edir ki, rus hərbçilərin Laçındakı körpüdə ucaldılmış Azərbaycan bayrağının dirəklə bir yerdə qopardılaraq aşırdılması Kremlin ölkəmizə qarşı növbəti təxribatı idi, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın da 6 iyul açıqlaması bunun davamı idi. “Zaxarova demişdi ki, Moskva Laçın dəhlizinin blokadaya alınmasından son dərəcə narahatdır. Bu, üçtərəfli razılaşmalara ziddir. Rusiya sülhməramlıları vəziyyətə yerdəki proseslərə uyğun və üçtərəfli bəyanatlar çərçivəsində reaksiya verəcək”. “Verdikləri reaksiya” bayraq dirəyimizin sökülməsi oldu. Zaxarovanın açıqlamasından bir gün sonra bayraq dirəyimizin aşırdılması görüntüsünün yayılması tapşırığının Kremldən gəldiyini ehtimal etmək olar. Rusiya bayraq dirəyimizi sökməklə dövlət simvolumuza hörmətsizlik etməklə yanaşı Azərbaycanın öz ərazisində qayda-qanun yaratmaq hüququna qarşı da çıxmış oldu. Rusiya Azərbaycanın Qarabağın tamamına nəzarəti bərpa etməsinə mane olmağa çalışır".

Növbəti dəfə dünyanın bölünməsinin şahidi oluruq” - Zaur Məmmədov Yeni Sabah

Zaur Məmmədov

Politoloq Zaur Məmmədovun sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsi əvvəlki qərarına Ermənistanın bu tələbinin əlavə edilməsini qəbul etməyib: “Yəni Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın bu tələbini rədd etdi. Ermənistan tərəfindən danışıqlar aparan Yeqişe Kirakosyan dünən dünya ictimaiyyətini aldadaraq guya İrəvanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı ikinci iddiasının qəbul edilməsi haqqında bəyanat verib. Əslində isə Beynəlxalq Ədalət Məhkəməsi Laçın dəhlizi ilə bağlı fevralın 22-də çıxardığı qərarını təsdiqləyib. Beləliklə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı bir daha göstərir ki, Laçında Azərbaycanın nəzarət-keçid məntəqəsini yerləşdirməsi beynəlxalq aləm tərəfindən qəbul edilir və ermənilərin bu istiqamətdə diplomatik həmlələrinin heç bir nəticəsi olmayacaq. Məlum məsələdir ki, beynəlxalq hüquqda ən ali prinsip - ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərin toxunulmazlığıdır. Azərbaycan Laçında sərhəd-keçid məntəqəsini yerləşdirərək dövlətlər arasında gəliş-gedişin qanuni əsaslarda təmin edilməsinə nail olub. Hazırda ermənilər sərbəst şəkildə yoldan istifadə edə bilirlər. Ermənistanı və separatçıları narahat edən əsl səbəb isə Azərbaycanın Laçında müvafiq post qurmasından sonra Ermənistandan Qarabağa terror məqsədli qanunsuz yüklərin, silahların, terrorçu qrupların girişinin qarşısının alınmasıdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR