İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və Aşqabad “saatları tutuşdurur” – regionda yeni ittifaq

630 23.06.2026 15:57 Region A A

Azərbaycan və Türkmənistan arasında son illərdə müşahidə olunan yaxınlaşma yeni mərhələyə qədəm qoymaqdadır. Prezident İlham Əliyevin Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata verdiyi bəyanat da bu reallığı bir daha təsdiqlədi. Dövlət başçısının sözlərinə görə, həm Azərbaycan, həm də Türkmənistan zəngin təbii sərvətlərə, xüsusilə geniş enerji və faydalı qazıntı ehtiyatlarına malik ölkələrdir. Bu amil isə iki dövlət arasında əməkdaşlığın iqtisadi məntiqini daha da gücləndirir və yeni strateji imkanlar yaradır.

Belə bir resurs potensialının birləşdirilməsi yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə regionun və türk dünyasının gələcək enerji xəritəsi üçün mühüm əhəmiyyət daşıyır. Mütəxəssislərin fikrincə, Bakı və Aşqabad arasında formalaşan yeni əməkdaşlıq xətti Xəzər regionunda geoiqtisadi balansı dəyişə biləcək potensiala malikdir. Enerji resurslarının birgə idarə olunması, nəqliyyat-logistika dəhlizlərinin genişləndirilməsi və tranzit imkanlarının artırılması kimi istiqamətlər iki ölkəni türk dünyasının iqtisadi inteqrasiyasının əsas hərəkətverici qüvvələrindən birinə çevirə bilər.

Bu səfər və aparılan danışıqlar təkcə ikitərəfli münasibətlərin inkişafı kimi deyil, həm də daha geniş miqyasda türk dövlətləri arasında iqtisadi və siyasi koordinasiyanın güclənməsi baxımından strateji əhəmiyyət daşıyır. Ekspertlər hesab edir ki, Azərbaycan–Türkmənistan əməkdaşlığının dərinləşməsi gələcəkdə regionda yeni enerji və ticarət mərkəzinin formalaşmasına, həmçinin Avrasiya məkanında alternativ iqtisadi güc balansının yaranmasına təkan verə bilər. Beləliklə, Bakı və Aşqabad arasında inkişaf edən bu yeni əməkdaşlıq istiqaməti yalnız ikitərəfli münasibətlərin deyil, bütün Türk dünyasının gələcək iqtisadi və geosiyasi dinamikasına təsir göstərə biləcək strateji proses kimi dəyərləndirilir.

Bu yaxınlaşma regionda enerji balansını necə dəyişəcək?

Azərbaycan-Türkmənistan əlaqələri qarşılıqlı hörmət və etimada əsaslanır -  AZƏRTAC


Politoloq Kənan Novruzov deyib ki, iki ölkə arasında əməkdaşlıq son illərdə xüsusilə intensiv hal alıb və inkişaf edən templə davam edir: “Bu əməkdaşlıq həm ikitərəfli kontekstdə, həm də müxtəlif təşkilatlar daxilində həmrəylikdə özünü göstərir. Bakı və Aşqabad arasında faydalı qazıntılar və enerji sahəsinfə əməkdaşlıq, şübhəsiz ki, hər iki ölkə üçün faydalı olar. Bu, həm də siyasi və iqtisadi əməkdaşlıqda yeni mərhələ deməkdir.
Belə bir əməkdaşlığın nəticələri təbii ki, yalnız ikitərəfli kontekstlə məhdudlaşmayacaq.

Eyni zamanda, Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni dinamikalara səbəb olacaq. Beləliklə, həm də Türk dünyası üçün yeni imkanlar yarana bilər. Planlaşdırılan əməkdaşlıq qlobal enerji bazarında həm hər iki ölkənin, həm də bütünlükdə türk dünyasının rolunu artıracaq. Hətta gələcəkdə bu əməkdaşlığın genişlənməsi və digər türk dövlətlərinin də prosesə qoşulması mümkündür”.

Cavanşir Abbaslı
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR