İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı qərarını verib - BMT TŞ-nin çıxaracağı o qətnamə...

2634 12.07.2024 13:58 Siyasət A A

Bu il İrəvanla imzalanacaq sənədin adı nə olacaq, orada nələr olmayacaq? - analitiklərin şərhi, gözləntilər

Azərbaycan və Ermənistan arasında XİN başçıları səviyyəsində danışıqlar bu dəfə ABŞ-da, NATO-nun yubiley sammiti çərçivəsində davam etdirildi. Hərçənd bunu daha çox “saatları yoxlamağa” bənzətmək olar. Çünki sülh müqaviləsinə ən böyük əngəl bəlli - Ermənistan konstitusiyası. Hansı maneəni ki, nazir Ceyhun Bayramov Vaşinqton görüşlərində bir daha xüsusi  vurğulayıb. 

Bəs hazırda sülh müqaviləsinin və ya sənədinin imzalanması yolunda tərəflər yolun harasındadır? Suala əcnəbi təhlilçilərin birmənalı cavabı yoxdur. 

“Bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əldə olunması ehtimalı 50/50-yədir”. 

ABŞ-dakı Karnegi Fondunun eksperti Tomas De Vaal irəli sürüb. 

“Məncə, digər problem odur ki, əgər biz sülh müqaviləsindən bəhs ediriksə, orada bəzi şeylər olmayacaq. Məsələn, hazırda mən başa düşdüyüm qədər sülh müqaviləsində Naxçıvana keçid marşrutu ilə bağlı heç nə yoxdur. Böyük ehtimalla da olmayacaq. Ona görə də bu hələ həll edilməsi gərəkən çox çətin problemdir. Üstəlik, çoxlu humanitar məsələlər var ki, onların da həll edilib-edilməyəcəyi bilinmir”, - o bildirib.

De Vaal qeyd edib ki, yaxın gələcəkdə tərəflərin hər şeyi əhatə edəcək müqavilə imzalayacağına inanmır: “Belə sənədlər həddən artıq əhatəli olur və adətən onların üzərində çox uzun müddət işçi qrupları işləyir. İndi aydındır ki, Azərbaycanla Ermənistan arasında toplanıb qalmış çoxlu tarixi məsələlər var. Onları isə sürətli həll etmək çətindir. Ona görə də müqavilə imzalanarsa, bu, ümumi prinsipləri olan çərçivə razılaşması olacaq”. Onun fikrincə, razılığın əldə olunmasından sonra belə Azərbaycan və Ermənistan hər biri bunu fərqli şəkildə şərh etməyə çalışa bilər: “Məhz buna görə erməni tərəfinə beynəlxalq iştirak çox vacibdir. Bu, məsələn, sülh prosesini dəstəkləyən BMT Təhlükəsizlik Şurasının qətnaməsi ola bilər. Üstəlik, burada Qərbin açıq maraqları var. Digər sual o olacaq ki, Rusiyanın maraqları nədir? Ona görə də indi ümumi kontekst çox yaxşı deyil. Amma digər tərəfdən nə Azərbaycan, nə də Ermənistanın yeni böyük konflikt istədiyini düşünürəm. Məncə, ən yaxşı xəbər heç kimin müharibədə maraqlı olmamasıdır”.

Azərbaycanlı analitiklər bu xüsusda nə düşünür? De Vaalın ehtimal və gözləntilərini bölüşürmü? Zəngəzur dəhlizi gerçəkdənmi reallaşması çox qəliz məsələdir? Başqa yandan, Dağlıq Qarabağ konfliktinin tarixi göstərdi ki, BMT TŞ-nin qətnamələrinin qara qəpiklik dəyəri yoxdur, əgər haqlı tərəf güclü deyilsə. O zaman sülh sənədi məsələsinin BMT TŞ-yə çıxarılmasının nə əhəmiyyəti? 

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğluna görə, nazirlərin Vaşinqton görüşü xüsusi nəticəyə hesablanmamışdı, sadəcə, Blinken onların NATO-nun toplantısına qatılmasından istifadə edərək növbəti dəfə moderatorluq funksiyasını yerinə yetirib: “Görüşdən sonra verilən açıqlamada tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar. 

Bu ümumi sözlərdir, nə qədər ki, Ermənistan Konstitusiyasında dəyişiklik həyata keçirilməyib, sülh sazişinin imzalanması mümkün deyil. Buna baxmayaraq, tərəflər ümumi niyyətləri ifadə edən çərçivə sazişini ilin sonuna qədər imzalaya bilər. Vaşinqtonun çalışdığı da məhz budur".

Almaniya, Fransa və Brüssel arasında geniş mübarizə gedir" - Aqşin Kərimov  News 365

Aqşin Kərimov

Siyasi icmalçı Aqşin Kərimov hesab edir ki, Azərbaycanla Ermənistan arasında yekun sülh üçün yaxınlaşma tendensiyası artdıqca problemli məsələlərin miqyası üzrə də yeni narrativlər ortaya çıxır: “Ona görə ki, Ermənistan sülh gündəliyini Rusiya və Qərb arasındakı rəqabət üçün səhnə etməyə çalışır. Azərbaycan isə bu təhlükəli tendensiyanı zərərsizləşdirməkdən ötrü Ermənistan qarşısında yeni şərtlər irəli sürür. Ermənistanda konstitusiyanın dəyişdirilməsi tələbinin Azərbaycan tərəfindən qaldırılması İrəvanın regiondakı reallıqları dəyişdirmək planlarına qarşı kontur addımlardır”. 

Təhlilçinin fikrincə, buna baxmayaraq Azərbaycanla Ermənistan sülh sazişi üçün lazım olan təməl daşlarını qoya bilib: “Müsbət impulslar və qarşılıqlı razılaşmalar əsasında verilən qərarlar, o cümlədən sərhədlərin delimitasiyası sülhə olan ümidləri artırır. Azərbaycan təkcə Ermənistanla sülh gündəliyi deyil, həm də Ermənistan-Türkiyə arasında normallaşmanın və regionda mühüm geosiyasi dəyişikliyin açarı üzərində işləyir. Amma Ermənistanın Rusiyadan siyasi və hərbi cəhətdən uzaqlaşmaq, əvəzində tamamilə Qərbin ağuşuna sığınmaq barədə düşünməsi regiona müdaxilə təhlükələrini də artırır. Azərbaycan bu müdaxilələrin qarşısında dayanaraq sülh gündəliyini irəlilətməyi hədəfləyir, ancaq qırmızı cizgilərinin keçiləcəyi təqdirdə güc tətbiqi ssenarisini da diqqətdə saxlayacaq”.

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

Məhəmməd Əsədullazadə 

Siyasi ekspert Məhəmməd Əsədullazadə bütün hallarda artıq hansısa vasitəçinin təşəbbüsü ilə keçirilən görüşlərə ehtiyac olmadığı qənaətindədir: “Azərbaycan və Ermənistan danışıqları ikitərəfli formada aparır və kifayət qədər də effektlidir. Yəni bizim artıq nə ABŞ, nə Avropa Birliyi, nə də Rusiyanın vasitəçiliyinə ehtiyacımız var. Hər bir mümkün vasitəçi çalışır ki, gələcək sülh müqaviləsində onun da marağı nəzərə alınsın. Hər birinin də məqsədi Cənubi Qafqazda özünə yer etmək və proseslərə müdaxilə imkanı əldə etməkdir. ABŞ-ın də, Rusiyanın da, Avropa Birliyinin də məqsədi budur. Bakı və İrəvan qərarını verib: yola vasitəçilərsiz davam edəcəklər”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR