İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropaya uzanan "kokain magistralı": Şəbəkə necə işləyir?

454 16.07.2026 16:52 Dünya A A

Hər biri bir neçə ton narkotik daşımaq gücünə malik yüzlərlə sürətli kater müntəzəm olaraq Avropa sahillərinə doğru hərəkət edir.

Musavat.com xəbər verir ki, bu barədə "Le Monde" qəzeti bir neçə Avropa və Amerika mediası ilə birgə apardığı araşdırmanın nəticələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, narkotik alverçiləri Atlantik okeanında bütöv bir ötürücü məntəqələr şəbəkəsi yaradıblar.

Qaçaqmalçılara məxsus katerlər açıq dənizdə, o cümlədən Kanar və Azor adaları yaxınlığında yük gəmilərini gözləyir, daha sonra narkotik partiyalarını qəbul edərək Avropa sahillərinə çatdırırlar.

Bəzi heyətlər həftələrlə sahildən min dəniz milindən çox məsafədə dənizdə qalırlar. Digər katerlər isə onlara yanacaq, su və ərzaq daşıyır. Bu cür sürətli katerlərdən təkcə biri 4 tona qədər narkotik daşımaq qabiliyyətinə malikdir.

Əvvəllər qaçaqmalçılar narkotik bağlamalarını suya atır, digər gəmilər isə onları oradan toplayırdı. İndi isə onlar yükü birbaşa açıq dənizdə gəmidən katerə ötürməyə üstünlük verirlər. Orta hesabla, bir partiya Avropaya çatana qədər üç belə yerdəyişmədən keçir.

İspaniya rəsmilərinin məlumatına görə, təxminən 600 narkotik kateri müntəzəm olaraq İspaniya və Portuqaliyaya yük daşıyır. Azor və Kanar adaları arasındakı bu marşrut artıq "kokain magistralı" adını alıb.

2025-ci ildə Avropa xidmətləri Dəniz Təhlili və Əməliyyat Kəşfiyyat Mərkəzinin dəstəyi ilə 92 ton narkotik vasitə müsadirə edib.

Bununla belə, mütəxəssislər daha 700 tondan çox narkotikin nəzarətdən yayındığını ehtimal edirlər.

Hüquq-mühafizə orqanları etiraf edirlər ki, Atlantik okeanına nəzarət etmək üçün kifayət qədər sürətli patrul gəmiləri və təyyarələri yoxdur. Qaçaqmalçıların katerləri güclü mühərriklərlə təchiz olunub, heyət üzvləri isə tez-tez silahlı müqavimət göstərirlər. 2024-cü ildən bəri baş verən təqiblər zamanı İspaniya və Portuqaliyanın 5 hüquq-mühafizə əməkdaşı həlak olub, daha 14-ü isə yaralanıb.

"Galgo" əməliyyatı zamanı Fransa hərbçiləri beynəlxalq sularda narkotik katerini dayandırmaq üçün ilk dəfə mühərrikə hədəflənmiş snayper atəşindən istifadə ediblər. "Le Monde" qeyd edir ki, bu hadisə narkotik alverinə qarşı mübarizədə hərbi qüvvələrin tətbiqinin genişləndirilməsi istiqamətində ilk addım ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR