İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlıların yarısı ermənilərlə sülhü mümkün sayır, düşmənimiz isə... - Bir sorğuya sözardı

483 27.05.2023 14:07 Siyasət A A

Politoloq: “Bundan sonra Ermənistan cəmiyyəti sülhə vadar ediləcək...”

Azərbaycanda respondentlərin təxminən yarısı bu il Ermənistanla sülh müqaviləsinin imzalanacağına inanır. Bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi rəy sorğusunun nəticəsindən məlum olub.
Nəticələrə əsasən, sorğuda iştirak edən vətəndaşların təqribən yarıya yaxını - 42,7%-i bu ilin sonuna kimi sülh müqaviləsinin imzalanacağını bildirib. 39,1% respondent əks mövqedə qərarlaşaraq sülh müqaviləsinin 2023-cü ilin sonuna kimi imzalanacağını düşünmür.

Göründüyü kimi, Ermənistanın sülh müqaviləsinin imzalanmasına hazır olmaması və bu fonda sülh prosesinə kənar dövlətləri daxil etməklə fərqli “sülh” formatına nail olmaq cəhdləri və qeyri-konstruktiv siyasi davranışları Azərbaycan ictimai rəyinə təsirsiz ötüşməyib.

Sorğuda iştirak edənlərin 18,2%-i bu sualla bağlı məlumatı olmadığından fikir bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğular 2023-cü il mayın 14-17-də könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Bəs Ermənistan əhalisində ovqat necədir?

Şübhə yox ki, iki qonşu arasında sülh anlaşması üçün əsas olan erməni toplumun Türkə nifrətdən imtinaya nə dərəcədə hazır olmasıdır. Əfsus ki, bu xüsusda hansısa nikbinlikdən danışmağa dəymir. Məsələn, bu yaxınlarda keçirilən rəy sorğusu göstərdi ki, Ermənistan əhalisinin mütləq əksəriyyəti Azərbaycan və Türkiyəni düşmən, Ermənistana əsas təhlükə hesab edir və “Dağlıq Qarabağı” Azərbaycanın tərkibində görmür! Halbuki Azərbaycan və Türkiyənin Ermənistana yox, İrəvanın Azərbaycan və Türkiyəyə ərazi iddiası var. Hələ üstəlik, Bakı və Ankaranı borclu da çıxarırlar.

Belə olan surətdə baş nazir Nikol Paşinyan öz xalqını sülhə necə hazırlayacaq görəsən?

Oqtay Qasımov: “Güney Azərbaycanda repressiyaların artacağı gözlənilən idi”  • Aznews TV

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan cəmiyyətində olan əhval-ruhiyyə və revanşist hisslər, o cümlədən Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları çıxış etmələri sülh prosesinə kifayət qədər ciddi mənfi təsir edən faktorlardandır: “Belə olan şəraitdə Nikol Paşinyanın Ermənistan cəmiyyətini sülhə hazırlamağı kifayət qədər ağır, ciddi prosesdir. Nəzərə alsaq ki, Ermənistan cəmiyyətinə təsir edən kifayət qədər kənar, xarici faktorlar da var. Bölgədə sülh istəməyən dövlətlərin də Ermənistan daxilindəki tərəfdarları, yaxud şəbəkəsi prosesə əngəl törədən əsas amillərdəndir. Əlbəttə, çox yaxşı olardı ki, Ermənistan cəmiyyəti yaranmış reallıqları qəbul etsin və hal-hazırda Ermənistanda populyar olan qonşularla savaş, ərazi iddiaları kimi sərsəm iddialardan əl çəksinlər, Azərbaycanla, Türkiyə ilə normal münasibətlər sisteminə keçsinlər.
2020-ci ildən sonra Ermənistan cəmiyyətində müəyyən dəyişikliklər var və Ermənistan hakimiyyəti də bu reallıqları bir ölçüdə, bu formada qəbul etməkdədir. Bunun da əsas səbəbi ermənilərin hər zaman qürur duyduğu və arxayın olduqları, Ermənistan dövlətinin də yeganə baş tutmuş dövlət qurumu olan ordunun darmadağın edilməsidir. Azərbaycan ordusu 44 günlük müharibədə Ermənistan ordusuna ağır zərbə vuraraq onu acınacaqlı məlubiyyətə uğradıb, darmadağın edib. Bu, Ermənistan cəmiyyətində müəyyən qədər ayıq və daha normal düşünmə fürsəti yaratdı. Ümumiyyətlə, qəbul edilməlidir ki, revanşist, millətçi faşist düşüncələrin ortadan qaldırılması üçün ona ağır zərbələr vurulmalıdır. Məhz terrorçu düşüncələr döyüş meydanında ağır zərbə alaraq məhv edilməlidir ki, cəmiyyət normal həyata qayıda bilsin. Ermənistan cəmiyyətində də hal-hazırda 44 günlük savaşın təsirləri müəyyən qədər erməniləri realist düşüncəyə yönəltsə də, revanşist hisslər hələlik güclüdür. Görünür, Nikol Paşinyan həm də bunun sıxıntılarını çəkməkdədir".

Politoloq hesab edir ki, əgər ciddi şəkildə xaricdən, xüsusilə də ABŞ-dan təzyiqlər olarsa, Ermənistan sülhə vadar edilə bilər: “Nikol Paşinyanın hakimiyyətini qorumaq şərtilə o sülhə gedə bilər. Əks halda, əgər sülh prosesi uzanacaqsa və Ermənistan yenə də ənənəvi siyasətinə əl atacaqsa bu, növbəti toqquşmalara gətirəcək ki, onda bu Ermənistan üçün daha ciddi və ağır nəticələr olacaq. Bundan sonra Ermənistan cəmiyyəti sülhə vadar ediləcək. Yəni bunun iki yolu var: ya onlar yeni reallıqları qəbul edərək, prosesi düzgün qiymətləndirməli, yaranmış beynəlxalq geosiyasi şərtlərin nəticələrini görməklə Azərbaycan və Türkiyəyə ərazi iddialarından imtina edərək normal qonşuluq müstəvisinə qayıtmalıdır, ya da bu davranış revanşist düşüncədə davam edəcəksə, ermənilər növbəti ağır zərbə alaraq daha ağır şərtlərlə sülhə gedəcəklər. Ona görə də Paşinyanın qarşısında da kifayət qədər ciddi seçim var. O, öz xalqını iki seçimdən birini etməli olduğuna inandırmalıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR