İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanlıların İrəvanda “noldu Paşinyan” musiqisi səsləndirməsi cəfəngiyatdır” - hüquqşünas

1325 12.06.2023 22:30 Son xəbər A A

Sosial şəbəkələrin erməni seqmentində 47 saniyəlik video yayılıb. Videoda erməni qadın iddia edir ki, İrəvanda Azərbaycan seriyalı maşınlar şütüyür və həmin maşınlardan “Noldu Paşinyan” mahnısının sədaları eşidilir. Video qəhrəmanı olan qadın baş verənləri ağrılı qəbul etdiyini, İrəvandan köçüb getmək istədiyini dilə gətirir.

Artıq sosial şəbəkələrin Azərbaycan seqmentində də “Azərbaycanlılar İrəvanda nooldu Paşinyan mahnısı oxudurlar” adı altında həmin video yayılmaqdadır.
Həqiqətənmi həmyerlilərimiz İrəvanda Azərbaycan seriyalı maşınlar sürüb “Nooldu Paşinyan” mahnısını dinləyirlər?
Məsələ ilə bağlı Azərbaycan hüquq mühafizə orqanlarına müraciət etdik.

Belə bir halın mümkün olub-olmamasına aydınlıq gətirilməsini istədik.

Verilən cavablardan aydın oldu ki, bu, növbəti erməni uydurmasıdır: “Belə bir hal mümkün deyil. Erməni qadının ruhi-əsəb sistemi yoxlanılmalıdır. Bu gün Azərbaycandan Ermənistana getmək mümkün deyil. Çünki yollar bağlıdır. Eyni zamanda Türkiyədən də Azərbaycan seriyalı maşınlar Ermənsitana gedə bilməzlər. Gürcüstandan da Azərbaycan seriyalı maşınları Ermənistana buraxmazlar. Bu iddialar sırf təxribat xarakterlidir”.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, yayılmış video ilə tanışdır: “Erməni qadının o şəkildə danışması İrəvanda aranı qarışdırmağa, sülh prosesini pozmağa hesablanıb. Azərbaycanlılar Azərbaycan nömrəli maşınlarla İrəvana göydən düşüb? Bu gün Ermənistana Azərbaycan seriyalı maşınla getmək intihara bərabərdir. Ermənistan ötən 30 il ərzində monoetnik dövlətə çevrilib. Erməni olmayan bütün xalqlar, ruslar da daxil hər kəsi öz ərazilərindən didərgin salıblar. Olsa-olsa İran azərbaycanlıları İrəvana gedib orada azərbaycan mahnılarına qulaq asa bilərlər. Bunda isə heç bir qeyri-adilik yoxdur. Ermənilər Azərbaycan torpaqlarını işğal edəndən sonra Qarabağda xeyli iranlı peyda olmuşdu. Onlar evlərindən didərgin salınmış həmyerlilərimizin evlərini söküb maşınlarla İrana daşıyırdılar. Yəni iranlıların Ermənistana gediş gəlişinə heç vaxt problem olmayıb, bu gün də yoxdur. Erməni qadının açıqlaması sərsəmləmədən başqa bir şey deyil”.

Hüquqşünas yayılmış videonu “növbəti erməni yalanı” adlandırıb: “Yalansız yaşaya bilmirlər. Mütləq nəsə uydurub qonşularını qaralamalıdırlar. Belə videolara ümumiyətlə əhəmiyyət verməmək lazımdır”.

Bir ekspert isə deyir ki, mümkündür ki, Gürcüstan vətəndaşı olan azərbaycanlılar İrəvanda olsun və “Noldu Paşinyan” mahnısını səsləndirsin: “Habelə, İran vətəndaşları olan millətçi azərbaycanlıların da belə addım atması mümkün ola bilər. Ancaq bunun kütləvi hal alması inandırıcı deyil. Ən azı bu zaman ermənilər onlara hücum edər, konflikt yarana bilər”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR