İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı deputatdan onu təhdid edən iranlı parlamentariyə cavab

951 11.07.2023 14:13 Siyasət A A

Razi Nurullayev: “Məsələlərə bir az obyektiv yanaşsalar, o zaman özlərinin də başı uca olar, gülünc görünməzlər”

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Ruhullah Mütəfəkkir Azad Azərbaycan Milli Məclisinin üzvü Razi Nurullayev və Naqif Həmzəyevi terrorizmi dəstəkləməkdə ittiham edib.

“Bakı parlamenti”nin (Azərbaycan Respublikasını aşağılamaq üçün bu ifadəni işlədir-red.) 2 deputatının münafiqlərin (Xalq Mücahidləri Təşkilatı nəzərdə tutur-red.), terror qruplaşmasının iclasında həyasızcasına iştirakı terrora açıq dəstəkdir. Avropa və amerikalıların münafiqlərə dəstək verməkdən çəkindiyi bir vaxtda bu millət vəkillərinin belə bir axmaqlığı sionistlərlə münasibətlərin nəticəsidir", - deyə iranlı nümayəndə bildirib.

Qeyd edək ki, İran hakimiyyətinin mühafizəkar qanadına mənsub olan Ruhullah Mütəfəkkir Azad bundan əvvəl də müxtəlif məsələlərlə bağlı Azərbaycan Respublikasına qarşı çıxışlar edib.  Xatırladaq ki, İran Xalq Mücahidlərinin iyulun 1-də Parisdə baş tutan toplantısında dünyanın bir sıra siyasətçiləri ilə yanaşı, Milli Məclisin üzvləri də iştirak edib. İran mediası, xüsusilə SEPAH-a yaxın mətbuat orqanları və “Səhər” televiziyası da azərbaycanlı millət vəkillərinin İran Milli Müqavimət Şurasının təşəbbüsü ilə Parisdə keçirilən “Azad İran - 2023" beynəlxalq konfransında iştiraklarını geniş müzakirəyə çıxarıblar.

Razi Nurullayev: “Reallığı görsünlər və hərəkətlərinə görə Azərbaycan  xalqından üzr istəsinlər”

Razi Nurullayev

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı Azərbaycan parlamentinin üzvü Razi Nurullayevin fikirlərini öyrənib. Razi Nurullayev bildirib ki, Ruhullah Mütəfəkkir Azadın fikirləri absurddur: “İran parlamentinin bir çox üzvündə məsələlərə çox primitiv yanaşma var. Məsələni tam araşdırmadan, mahiyyətinə varmadan, məqsəd və məramını bilmədən ictimaiyyətə hesablanan, populizmə söykənən fikirlər səsləndirirlər. Bunlara daha çox alqış deyilsin, radikal qüvvələr tərəfindən bəyənilsin deyə belə açıqlamalar verirlər. Belə açıqlamalar düşüncəli, müdrik insanlar tərəfindən qəbul edilmir. Bizim iştirak etdiyimiz beynəlxalq konfransda ABŞ-da Donald Trampın prezidentliyi dövründə vitse-prezident olmuş Mayk Pens də vardı. Britaniyanın keçmiş baş naziri Liz Tras da, ABŞ-ın tanınmış simalarından olan Con Bolton çıxış etdilər. Orada müxtəlif olkələrdə prezident,baş nazir olmuş şəxslər iştirak edirlər. Çıxışçılar da İranda demokratik dəyişiklikləri dəstəklədiklərini bildirdilər. Söhbət İranda inqilab etməkdən getmir. İranda inqilab istəməyimiz də demək deyil. Sadəcə, insan haqları, demokratiya kimi məsələlər bir dövlətin işi olmaqdan çıxıb artıq. Bu, universal dəyərlərdir. Belə tədbirlərdə bütün dünya dövlətləri iştirak edir”.

Razi Nurullayev iranlı deputata xatırladıb ki, İranda Azərbaycan səfirliyinə qarşı, deputat Fazil Mustafaya qarşı ard-arda terror aktları törədilib: “Bunlar sübut olunmuş faktlardır. Mən İranla Azərbaycanı dost ölkə kimi görmək istərdim. Bir-birinin suveren hüquqlarına hörmətlə yanaşan ölkələr olmasını istərdim. Amma İran Azərbaycana bu cür yanaşmır və problemlər də buradan qaynaqlanır. Orada yaşayan 30 milyon insan niyə öz dilində təhsil ala bilmir? Necə olur ki, bir ovuc erməni özünə məktəb aça bilir, amma 30 milyon azərbaycanlı məktəbsizdir? Bu suallar İran hakimiyyətində ciddi narazılıq yaradır. Bununla belə, beynəlxalq arenalarda müzakirəyə çıxarılır və bu məsələlər haqda haqlı olaraq danışılmalıdır. Həmin konfransda iştirak edib ürəyimdən keçənləri demişəm. Mən bu problemlər haqda açıq danışmışam və bu heç də terrorizmə dəstək deyil. ABŞ dövlətinin başında olmuş insanlar da iştirak edib fikirlərini söyləyiblər. ABŞ dövləti terrorizmə qarşıdır və onun nümayəndələri gəlib terroristləri dəstəkləyənlərin tədbirində iştirak etməzlər. İran rəsmilərinə məsləhət görürəm ki, məsələlərə primitiv yanaşmaqdansa, bir az obyektiv yanaşsalar, o zaman  özlərinin də başı uca olar, gülünc görünməzlər”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR