İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla Qazaxıstan Orta dəhlizin aparıcılığında - fəaliyyətlər intensivləşir

608 11.04.2023 13:48 İqtisadiyyat A A

Prezident İlham Əliyev Qazaxıstana səfər etdi, mühüm sənədlər imzalandı

Aprelin 10-da Prezident İlham Əliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Qazaxıstana rəsmi səfərə gedib. Səfər çərçivəsində iki ölkə prezidentləri əvvəl məhdud, sonra geniş tərkibdə görüşüb, mətbuata açıqlamalar veriblər. Səfər zamanı iki ölkə arasında iqtisadi, ticari, mədəni, elmi, sosial və sair sahələrdə əməkdaşlığa dair sənədlər paketi imzalanıb.

Qeyd edək ki, bu, Azərbaycan Prezidentinin son bir həftə ərzində ötən ildən bəri əhəmiyyəti qat-qat artan Transxəzər Nəqliyyat Dəhlizinin - Orta dəhlizin üzərində yerləşən ölkələrin rəhbərləri ilə üçüncü birbaşa təması olacaq. Bundan əvvəl Prezident İlham Əliyev Tacikistana səfər edib, iki ölkə arasında iqtisadi-siyasi-hərbi-mədəni əlaqələrin genişləndirilməsinə dair çoxsaylı sənədlər imzalanıb. Daha sonra dövlət başçısı Gürcüstanın baş naziri İrakli Qaribaşvilini Qəbələdə qəbul edib. Onların görüşündən sonra verilən rəsmi açıqlamalardan aydın olur ki, tərəflər bilavasitə Orta dəhlizi müzakirə ediblər. Prezident İlham Əliyev bildirib ki, bir çox önəmli məsələlər müzakirə olunub: “Mən keçən il və bu il Mərkəzi Asiya ölkələrinə dəfələrlə səfərlər etmişəm və bu il hələ edəcəyəm. Beləliklə, yeni yüklərin Orta dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir, eyni zamanda, yüklərin cəlb edilməsi və nəqli üçün birgə səylər göstərilməlidir. Təbii ki, bu gün bu məsələ də geniş müzakirə olunub və hələ olunacaq”.

Oxu.az - Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfərə gedib - YENİLƏNİB  + FOTO

Bu ilin martında Almaniyada biznes nümayəndələri ilə görüşündə İ.Əliyev Orta dəhlizlə yükdaşımaların artırılması üçün ciddi çalışmalara ehtiyac duyulduğunu dilə gətirmişdi: “Hazırda biz yeni çağırışla üz-üzəyik. Bizim mövcud imkanları genişləndirməyə ehtiyacımız var. Çünki bizim qurduğumuz potensial mövcud yüklərin həcminə və proqnozumuza əsaslanırdı. İndi Mərkəzi Asiyadan Azərbaycana doğru böyük dönüşlə əlaqədar, biz gərgin işləməliyik. Məlumat üçün sizə bildirim ki, hazırda Azərbaycan məhdud imkanları olan Bakı-Tiflis-Qars dəmir yolunun, onun Gürcüstan hissəsinin genişlənməsinə investisiya yatırır. Ola bilsin ki, gələn il bu investisiya layihəsi tamamlanacaq. O, bir milyon tondan beş milyon tonadək genişləndiriləcək. Azərbaycanın əlavə investisiyaları 120 milyon ABŞ dollarından çox olacaq və ümidvarıq ki, biz onu gələn il tamamlayacağıq. Başqa dar keçidlər də var, onlardan biri bizim Dəniz Ticarət Limanı ola bilər. Hazırda biz onun 15 milyon tondan 25 milyon tona və 1 milyon TEU-dək genişlənməsinin texniki əsaslandırmasının tamamlanması prosesindəyik. Bizim marşrut üzrə bir neçə başqa dar keçidlərimiz də var. Ona görə də, əlbəttə ki, biz nəqliyyat infrastrukturunun və həmçinin gömrük idarəçiliyinin inteqrasiyası üzərində işləyirik. Bizim müzakirə edəcəyimiz məsələlərdən biri Ümumdünya Gömrük Təşkilatının Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə arasında koordinasiyaya, bu marşrutun inteqrasiyasına necə kömək edəcəyi olacaq. Əlbəttə ki, tariflərə yekdil yanaşma olmalıdır. Çünki əgər bir ölkə, məsələn, Azərbaycan tarifi azaldarsa, digər ölkə azaltmazsa və ya artırarsa, bu işə yaramayacaq”.

Onu da bildirək ki, Avropa İttifaqı Asiyadan yüklərin Rusiyadankənar marşrutlarla çatdırılmasında maraqlıdır. Rusiya isə buna mane olmaq üçün ciddi tədbirlər həyata keçirir. Moskva son aylarda öz üzərindən yükdaşımaları daha cəlbedici etmək üçün Çinlə müzakirələri intensivləşdirib. Mart ayında Çin rəhbərinin Moskvaya səfəri zamanı bu istiqamətdə müəyyən razılaşmalar da əldə olunub. Aydın məsələdir ki, Rusiya yükdaşımaların tranzitindən əldə etdiyi böyük gəlirləri itirməmək üçün Çindən müəyyən güzəştlər almağa çalışır. Belə bir şəraitdə Orta dəhliz ölkələrinin daha aktiv hərəkət etməsi, marşrutun cəlbediciliyini artırmaq üçün vahid yanaşmanın tətbiq olunması son dərəcə vacibdir.

O da məlumdur ki, Qazaxıstan Orta dəhlizin əsas açar ölkələrindən biridir: Türkmənistanın sahil infrastrukturu Asiyadan sürətlə artan yükləri ötürmək gücündə deyil. Aşqabad müvafiq infrastrukturun yaradılmasını maliyyələşdirməyə də həvəs göstərmir, bunu digər tərəflərin etməsi variantını seçib. Qazaxıstan isə müvafiq infrastruktura malikdir. Ölkənin Xəzər dənizindəki limanlarının illik ötürücülük gücü 23,7 milyon tondur. Bunun 14,7 milyon tonu (9,5 milyon ton neft, 2,5 milyon ton quru yüklər, 0,7 milyon ton dənli bitkilər, 2 milyon ton bərə yükləri) Aktau, 6 milyon tonu Kurık (dəmiryol terminalı 4 milyon ton, avtomobil terminalı 2 milyon ton), 3 milyon tonu Aktaunun Şimal terminalının(1,5 milyon ton dənli bitkilər, qalanı quru yük) payına düşür. Hazırda bu limanlara 18 milyon tona yaxın yükün yönləndirilməsi mümkündür.

Azərbaycanın Ələt Dəniz Limanının illik ötürücülük gücü 15 milyon tondur və artıq onun genişləndirilməsi üçün layihə hazırlanır. Bu isə o deməkdir ki, Orta dəhlizin inkişafı iki açar ölkə olan Qazaxıstanla Azərbaycanın səylərindən çox asılıdır.

Ötən ilin yayında Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin sərəncamı ilə hökumətin neftin Xəzər üzərindən Azərbaycanın nəql sisteminə çatdırılması üçün başladığı işlər uğurla davam etdirilir. Artıq SOCAR və “KazMunayQaz” şirkətləri arasında ildə 1,5 milyon ton “Tengiz” yatağında hasil edilən neftin tranzitini nəzərdə tutan 5 illik müqavilənin icrasına başlanıb. Mart ayında “Tengiz” nefti ilə dolu ilk tankerlərin Aktau limanından Bakıya çatdırılması təmin edilib.

2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır.

Qazaxıstan neftinin Xəzər üzərindən Azərbaycan vasitəsilə dünya bazarına çıxarılması Orta Nəqliyyat Dəhlizinin tərkib hissəsi kimi Avropa İttifaqı tərəfindən də ciddi şəkildə dəstəklənir. Qazaxıstanın sənaye və infrastruktur inkişafı naziri Kairbek Uskenbayev bildirib ki, Avropa İttifaqı Orta dəhlizin inkişafı üçün ölkəsinə maliyyə dəstəyi göstərəcək. Kasım Jomart Tokayevin sözlərinə görə, onlar Transxəzər marşrutununn inkişafına 2025-ci ilədək 20 milyard dollar investisiya cəlb edəcəklər.

Prezident İlham Əliyev: Qazaxıstan xalqının ölkəmizə xeyirxah münasibətini  həmişə hiss etmişik

Hazırda Qazaxıstan öz neftini 4 boru xətti ilə ixrac edir: XBKK (Rusiya ərazisi, ötürücülük gücü ildə 67 milyon ton, Uzen-Atırau-Samara (Rusiya, illik ötürmə gücü 30 milyon ton), Atasu-Alaşənköy (Çin, 20 milyon ton) və Kenkiyək-Qumgöl (Çin, 10 milyon ton). Bundan əlavə, Qazaxıstan neftinin az bir hissəsi dəmiryol çənləri ilə Xəzər üzərindən Azərbaycana, oradan Gürcüstanda sahibi olduğu Batumi terminalına çatdırılır. Ümumilikdə, 2022-ci ildə bu marşrutlarla Qazaxıstan  64,3 milyon ton neft ixrac edib ki, bunun 97,5 faizi Rusiya üzərindən reallaşıb. Bu isə Almatı tərəfindən doğru olaraq ən böyük risk kimi qiymətləndirilir. Çünki Rusiyanın Qazaxıstanla bağlı planları heç də dostluq xarakteri daşımayıb, ölkənin parçalanmasını nəzərdə tutur.

Qazaxıstan Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarinin sözlərinə görə, ötən il “SOCAR” və “KazMunayQaz” (“KazMunayQaz” dövlət şirkəti) şirkətləri arasında imzalanmış müqavilə çərçivəsində BTC ilə nəqli nəzərdə tutulan 1,5 milyon ton neftə Qazaxıstan yer təkinin istifadəçiləri “pilot” həcmləri kimi baxırlar, bu da qeyd olunan marşrutu “test” etmək üçün lazımdır: “Əslində hazırda BTC imkanlarının cəmi 40 faizi yüklənilib, orada 20 milyon tona yaxın mümkün olan aşırma həcmləri var, bu da bizim birgə əməkdaşlığımız çərçivəsində hədəflədiyimiz həcmdir”.

Prezident İlham Əliyevin səfərindən öncə aprelin 7-də Bakıda Qazaxıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilmişdi.

Səfərə dair rəsmi məlumatdan aydın olur ki, Azərbaycan və Qazaxıstan hökumətləri Orta dəhlizə yeni yüklərin cəlb edilməsi ilə Azərbaycan-Qazaxıstan-Azərbaycan, Qazaxıstan-Türkiyə/Avropa-Qazaxıstan marşrutu üzrə Bakı vasitəsilə tranzitlə intermodal dəmir yolu yükdaşımalarının həcminin artırılması, Orta dəhlizin inkişafı çərçivəsində Bakı, Aktau və Kurık limanlarının ötürmə qabiliyyətinin artırılması üçün tədbirlər görmək barədə razılığa gəliblər.

Tərəflər həmçinin hər iki dövlətin şirkətlərinin bərpa olunan enerji üzrə hərraclarda iştirakında maraqlıdır. Qazaxıstan tərəfi uran məhsullarının Azərbaycan ərazisindən tranziti sahəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd edir.

Prezident İlham Əliyev: Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar  çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır - AZƏRTAC

İnformasiya-texnologiya sahəsində tərəflər “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Xəzər dənizi vasitəsilə Avropa və Asiya arasında birgə strateji telekommunikasiya dəhlizinin “AzerTelecom” və “KazakhTelecom” tərəfindən həyata keçiriləcəyini müəyyən ediblər.

Qazaxıstan Rəqəmsal İnkişaf Nazirliyinin Aerokosmik Komitəsi ilə Azərbaycanın Rəqəmsal İnkişaf Nazirliyinin “AzərKosmos” kosmik agentliyi arasında əməkdaşlıq sahələrinin müəyyən edilməsi də perspektivlidir.

“ESK” KazaxEksport" SC Azərbaycan tərəfinə Qazaxıstan lokomotivləri və digər yüksək texnologiyalı məhsul, iş və ya xidmətlər alacağı təqdirdə Qazaxıstanın ikinci dərəcəli banklarında maliyyələşdirilərkən faiz dərəcəsinin subsidiyalaşdırılması imkanından istifadə etməyi təklif edib.

“Qazaxıstan İnkişaf Bankı” SC ABŞ dolları, avro ilə maliyyələşdirilərkən CIRR dərəcəsi səviyyəsinə qədər və ya Qazaxıstan Milli Bankının baza dərəcəsinin 50 faizi qədər “KazaxEksport” SC-nin sığorta təminatı altındadır.

Pensiya təminatı sahəsində Sazişin bağlanmasının məqsədəuyğunluğu məsələsi öyrəniləcək. Tərəflər həmçinin səhiyyə, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Daha bir razılaşmaya əsasən turizm üzrə Qazaxıstandan olan ekspertlər üçün Azərbaycana tanışlıq turları təşkil olunacaq, diasporların qarşılıqlı fəaliyyəti davam edəcək.

Rəsmi statistikaya əsasən Qazaxıstanla Azərbaycan arasında  dövriyyəsi ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollaradək yüksəlib. Hazırda Qazaxıstanda 1170-dən çox şirkət Azərbaycan kapitalı ilə fəaliyyət göstərir.

Astanada mətbuata açıqlamasında Qazaxıstan Prezidenti bildirib ki, Azərbaycanla ticarət həcmini 1 milyard dollara çatdırmağı hədəfləyirlər. Bu, yaxın perspektivdə iki ölkə arasında münasibətlərin daha da dərinləşəcəyi deməkdir...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR