Azərbaycan regionun aparıcı ölkəsi kimi məsuliyyət nöqteyi-nəzərindən xüsusi çəkiyə malikdir və bölgədə proseslərin fəal iştirakçısı olmalıdır
“İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. Eyni zamanda aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır”. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində belə deyib.
Dövlət başçısı deyib ki, bu gün Qərbin üzləşdiyi vəziyyəti ən çox tənqid edən Qərbin aparıcı ölkəsinin seçilmiş prezidentidir, haqlı olaraq tənqid edir. Çünki bu sistem artıq tükənib: “Bunu mən demirəm. Bunu Amerikanın bir neçə gündən sonra prezidenti olacaq cənab Tramp deyir. Təbii olaraq, bu boşluqlar daha da genişlənəcək və burada yeni aktorun, yeni ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir”.
Prezidentin müsahibəsində o mesaj aydın verilirdi ki, Azərbaycan regionun aparıcı ölkəsi kimi məsuliyyət nöqteyi-nəzərindən xüsusi çəkiyə malikdir və bölgədə proseslərin fəal iştirakçısı olmalıdır. Əlbəttə ki, yeni nizam ədalət prinsipinə əsaslanmalıdır: suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək kimi vacib nüansları əks etdirir. Bu, həm də yeni dünya düzənində Azərbaycanın təklif etdiyi xarici siyasət xəttidir. Geostrateji mövqeyi, bölgədə xab olması, yeni nəqliyyat və energetika xəritəsi yaratması, Asiya ilə Avropanı birləşdirməsi Azərbaycanın önəmini bir daha artırır. Bəzi Avropa ölkələrindən fərqi olaraq Azərbaycanın müstəqil siyasəti haqlı olaraq ona rəğbəti daha da artırır və yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə Azərbaycanın mövqeyi də nəzərə alınacaq. Beləliklə, Prezident Avropada permanent siyasi-mənəvi böhran səbəbindən bu qitənin qlobal güc, cazibə mərkəzi rolunu itirməkdə olduğuna diqqəti cəlb edib.
Azər Badamov
Deputat Azər Badamov fikirlərinə Prezidentin sitatı ilə başladı: “7 yanvarda Prezident İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinin necə inkişaf edəcəyi ilə bağlı fikirləri bildirəndə qeyd etdi: "Cənab Tramp tamamilə yeni gündəliklə hakimiyyətə gəlir və onun birinci dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmadı. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik".
Trampın birinci hakimiyyəti dövründə münasibətlərimiz yüksək səviyyədə inkişaf edirdi. O cümlədən 44 günlük Vətən müharibəsini də Trampın hakimiyyəti dövründə apararaq torpaqlarımızı 30 illik erməni işğalından azad etdik. Amma Co Baydenin hakimiyyətə gəlişi Azərbaycan-ABŞ münasibətlərində uçurum yaratdı. Çünki Bayden hakimiyyətində Azərbaycana qarşı münasibətdə səmimilik yox idi. Onlar dediyi sözün arxasında dayanmır və ölkəmizə qarşı ikili standartlardan yanaşırdı. Məsələn, Azərbaycan Əfqanıstanda NATO missiyasının tərkibində iştirak edəndə 907-ci düzəlişi aradan qaldırılmışdı. Amma missiya başa çatan kimi həmin düzəlişi yenidən qüvvəyə mindirdi.
Bayden hakimiyyəti ABŞ-dakı erməni lobbisinin təsiri altında idi. Ona görə də ermənipərəst siyasət yürüdərək Milli Konqresdə Azərbaycana qarşı sanksiyalar tətbiq olunurdu. Pelosi xala erməni lobbisinin təşkilatçılığı ilə Ermənistana səfərə gəlmişdi. Bayden hakimiyyəti Soros tərəfindən idarə olunurdu. Ona görə də prezidentliyinin son günlərində Sorosu yüksək mükafatla təltif etdi. Məhz həmin Sorosun fondu Azərbaycanda radikal müxalifəti, QHT-ləri maliyyələşdirməklə siyasi sabitliyi pozmağa və Ukraynada və digər ölkələrdə nail olunduğu çirkin ssenariləri ölkəmizdə reallaşdırmağa çalışırdı.
Azərbaycan öz ərazilərini işğaldan azad etdiyinə görə Bayden administrasiyası tərəfindən ittiham olunurdu. Prezident İlham Əliyev müsahibədə bu məsələyə də toxunaraq açıq şəkildə qeyd edir: “Amerika nümayəndələrinə dəfələrlə deyirdim və açıq da deyirdim, mətbuatda da, siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Cavab da bəllidir ki, bu, ikili standartlardır”. Bəli, Bayden hakimiyyətinin ədalətsiz mövqeyi Azərbaycan-ABŞ münasibətlərində çat yaratdı, həm də ABŞ-ın dünyadakı nüfuzunu sarsıtdı. İndi isə yeni bir dövrə qədəm qoyulur. Tramp ailə dəyərlərinə yüksək dəyər verən, münasibətlərdə obyektivliyi qoruyan şəxsdir. Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Tramp hakimiyyəti dövründə ABŞ Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrə dəstəyini vermişdi. Yəni Tramp iş adamıdır və münasibətlərdə qarşılıqlı hörmət və fayda prinsipi əsas tutur. Bu baxımdan Azərbaycan ABŞ münasibətləri yeni bir dövrə qədəm qoya və strateji tərəfdaş səviyyəsinə qalxa bilər. Amma hər şeyi zaman göstərəcək".
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva yeni dünya nizamının formalaşdırılması prosesindən söz açdı: “44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi bütün dünyada layları yerindən oynatdı. Ən əsası, yeni dünya düzəninin formalaşdırılması prosesini sürətləndirdi. Yeni dünya düzəninin formalaşması prosesində regional ölkələrin milli təhlükəsizlikləri ilə bağlı çox ciddi problemlər ortaya çıxmaqdadır. Bu da dünya nizamındakı hazırkı mexanizmlərin ümumişləklikdən çıxması ilə əlaqədardır. Böyük güclər İkinci Dünya savaşından sonrakı mexanizmləri çeynədikləri üçün qütblər arası savaş daha da şiddətlənir. Bu da üçüncü dünya müharibəsi amilini qaçılmaz edir. Azərbaycan Prezidentinin jurnalistlərə açıqlamasında bu istiqamətdə səsləndirdiyi fikirlər acı reallıqların təzahürüdür. İndi bizi çox çətin bir mərhələ gözləyir. Biz Türk Birliyi çətiri altında varlığımızı davam etdirməliyik. Türk xalqlarının və dövlətlərinin növbəti periodda varlığını sürdürməsi üçün bu qaçılmazdır. Azərbaycan isə bu mərhələdə aparıcı rol oynayır. Bizim regionda aparıcı körpü rolu oynamağımız təkcə Türk dünyası üçün deyil, eləcə də bütün region üçün önəmimizi artırır. Çoxqütblü dünyaya keçid dönəmində bütün qütblər Azərbaycanı öz yanında görmək istəyir. Rəsmi Bakı isə bu yolda qətiyyətli davranaraq öz çətirini formalaşdırmaq üçün çalışır. Bakı bütün istiqamətlərdə öz imkanlarını səfərbər edərək Turan Birliyinin yüksəlişi üçün qollarını çirmələyib. İndi bizim qarşımızda duran əsas amil Türk Dövlətləri Təşkilatını Ön və Orta Asiya qütbü kimi gücləndirməkdir. Bu yolda Bakı Ankara və Türküstan regionu ilə birgə hərəkət edir. Çox güman ki, gələcək perspektivdə Turan qütbə Qərb və Şərq qütbləri arasında əsas barışdırıcı tərəf mövqeyində çıxış etməyə çalışacaq. Bunun üçün Türk dünyası ölkələrinin təbii sərvətləri və coğrafi mövqeyi böyük üfüqlər açmaqdadır. Bakı bu istiqamətdə durmadan çoxşaxəli işlər aparmaqdadır. İki od arasında oyun qurmaq məharətimizi artıq bütün dünya görür. Cənab Prezident bu istiqamətdə əsl lider keyfiyyətlərini ortaya qoyur. 2023-cü ildə Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa etdi. Azərbaycanın bundan sonrakı oyun quruculuğunda əsas vizyonu iqtisadi və siyasi rıçaqları ilə önündəki maneələrdən yayınmaq, bizə qarşı düşmən mövqeyində dayananları dosta çevirməkdən ibarət olacaq. Əgər bu baş verməsə, önümüzdəki əngəllər alternativ vasitələrlə neytrallaşdırılacaq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”